Putin ənənəni Avstraliya səfərində də pozmadı: güc nümayişi, yoxsa “əməkdaşlıq”
Bizi izləyin

Dünya

Putin ənənəni Avstraliya səfərində də pozmadı: güc nümayişi, yoxsa “əməkdaşlıq”

Noyabrın 15-16-da Avstraliyanın Brisben şəhərindən keçiriləcək “Böyük iyirmiliyin” (“G20”) sammitində iştirak edəcək Rusiya prezidenti Vladimir Putin ənənəni pozmadı. Söhbət Kreml rəhbərinin özü ilə donanmasını da xarici səfərlərə aparmasından gedir.

Putinin bundan əvvəl də belə addımlar atdığı bütün dünyaya məlumdur. Rusiya prezidenti bu ilin iyul ayında həyata keçirdiyi Cənubi Amerika turnesində də eyni addımı atmışdı və donanmasını qitə sahillərinə aparmışdı. Rusiya gəmiləri daha əvvəl Sinqapurda keçirilən ATES sammitində Putini, 2010-cu ildə isə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin San-Fransiskoya səfərini müşayiət etmişdi. Kremldən donanma səfərlərinin məqsədi ilə bağlı fərqli açıqlamalara baxmayaraq, bütün hallarda donanmanın Rusiya prezidentlərini müşayiət etməsi güc nümayişi kimi qiymətləndirilmişdi.

Rusiya donanmasının Avstraliya sahillərinə baş çəkməsi isə ölkə sakinlərini qəzəbləndirib. Avstraliya hakimiyyəti artıq Putinin hərbi dəniz "korteji”nin qarşısına üçüncü gəmini göndərərək əhalini sakitləşdirmək istəyib. “HMAS Sirius” hərbi gəmisindən sonra “Parramatta” və “Stuart” freqatları da rus donanmasını qarşılamaq üçün yola çıxıb. Avstraliya siyasətçiləri isə sakitləşdirici bəyanatlarla çıxış ediblər. Rabitə naziri Malkolm Ternbull və müxalifət lideri Tatyana Plibersek televiziyada çıxış edərək qitə əhalisini sakit olmağa çağırıb və inandırmağa çalışıblar ki, Rusiya gəmilərinin hərəkətləri adi beynəlxalq təcrübənin çərçivəsindən kənara çıxmır.

“China Daily” nəşri yazır ki, Rusiyanın Hərbi Dəniz Donanması gəmilərinin Avstraliya sahillərinə reydi ölkədə qızğın müzakirələrə səbəb olub. Avstraliyanın baş naziri Toni Ebbot məsləhət görüb ki, hay-küy yaratmaq lazım deyil. Avstraliyanın təhlükəsizlik güclərinin başçısı Mark Binsk jurnalistlərin “Rusiya donanmasının Avstraliya sahillərinə gəlişi Putinin güc nümayişi ola bilərmi” sualına cavab olaraq bildirib ki, bu barədə rusların özlərindən soruşmaq lazımdır. Daha sonra Avstraliya Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya dənizçilərinin bütün hərəkətləri beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilir. Nazirlikdən bildiriblər ki, Rusiya gəmilərinin hərəkəti nəzarətdə saxlanılır.

Bununla belə Avstraliya hərbçiləri Rusiya dənizçilərinin casusluq fəaliyyətini istisna etmirlər. Almaniyanın “Der Standard” qəzeti yazıb ki, artıq sammit iştirakçıları da telefon söhbətlərinin mümkün dinlənilməsi haqqında xəbərdarlıq alıblar. Avstraliyanın keçmiş müdafiə naziri Piter Lixi Rusiya donanmasının Avstraliyanın sahillərində ortaya çıxmasını daha çox güc nümayişi kimi qiymətləndirir. “Bəzi şərhçilər deyirlər ki, Rusiya hazırda Avropa sərhədlərində NATO-nun fəallığı fonunda üzərində təzyiq hiss edir. Amma ruslar həmçinin bizə deyirlər ki, bizin Sakit okeanda da maraqlarımız var və onları qoruya bilərik", - deyə sabiq nazir bildirib.

“News.com.au” yazır ki, Avstraliya baş naziri Toni Ebbot “Boinq-777” sərnişin təyyarəsinin Ukrayna səmasında vurulmasından fərqli olaraq Rusiya gəmilərinin Mərcan dənizinə gəlməsini, daha doğrusu beynəlxalq sularda peyda olmasının cinayət olmadığını deyib. Ancaq Avstraliya hökumətindəki anonim mənbə bildirib ki, Moskvanın bu addımı Kanberrada məhz Rusiyanın hərbi güc nümayişi kimi qəbul edilir.

Rəsmi Moskva isə bildirir ki, yürüşün əsas məqsədi Avstraliya ilə sonrakı hərbi dəniz əməkdaşlığını inkişaf etdirmək və Asiya-Sakit okean regionunda Andreyevsk bayrağını nümayiş etdirməkdir.

Qeyd edək ki, Putinin Avstraliyaya özü ilə apardığı donanmaya “Varyaq” raket kreyseri, "Marşal Şapoşnikov" sualtı gəmisi, "Boris Butoma" tankeri və “Fotiy Krılov" xilasedici gəmi daxildir. Donanma 23 oktyabrda Sakit okeana döyüş xidmətinə çıxıb. BBC-nin rus xidmətinin məlumatına görə, Sakit okean regionunda hazırda Rusiya Hərbi Dəniz Donanmasının daha bir qrupu xidmət aparır. Onun tərkibinə "Admiral Vinoqradov" sualtı gəmi, “İlim" tankeri və “MB-37” dəniz yedəyi daxildir. İki gün əvvəl isə onlara Qara dəniz donanmasından “Moskva” raket kreyseri qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm