İqtisadi böhran qapıdadır - Rusiya müharibəni gücləndirəcək
Bizi izləyin

Dünya

İqtisadi böhran qapıdadır - Rusiya müharibəni gücləndirəcək

Xəbər verdiyimiz kimi, Ukrayna Rusiya qazının Avropa İttifaqı (Aİ) ölkələrinə tranzit axınını dayandırdığını elan edib. Bu qərarla Rusiyanın iqtisadi baxımdan necə təsirlənəcəyi maraq doğurur. Ekspertlərin fikrincə, 2025-ci il Rusiya iqtisadiyyatında tənəzzül ili olacaq.

Publika.az xəbər verir ki, Kiyevin qaz şirkəti "Naftoqaz" Rusiyanın enerji nəhəngi "Qazprom"la 5 illik qaz axını müqaviləsini yeniləməkdən imtina edərək qaz satışını dayandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Rusiya iqtisadiyyatına milyardlarla dollar gəlir gətirən qaz sövdələşməsinə icazə verməyəcəyini bəyan edərək, Aİ ölkələrini bu barədə xəbərdar etmişdi.

Resessiya gözləntisi

Avropa Komissiyası da Aİ-nin transformasiyaya hazır olduğunu və alternativləri həyata keçirəcəklərini açıqlayıb. Rusiya qazının kəsilməsindən ən çox Şərqi Avropa ölkələrinin təsirlənəcəyi gözlənilir. Hazırkı alternativlərə Rusiya qazını Qara dənizdən Türkiyə, Serbiya və Macarıstana nəql edəcək “Türk axını” boru kəməri daxildir.

Kreml administrasiyası bu qərardan təsirlənməyəcəyini bildirsə də, “The Moscow Times”ın maliyyə ekspertləri ilə birgə hazırladığı təhlilə görə, ruslar 2025-ci ildə müharibə iqtisadiyyatının yükünü ciddi şəkildə hiss edəcəklər. İddia olunur ki, Rusiya iqtisadiyyatın sıxışması səbəbindən zamanla yarışır və tezliklə Ukraynaya böyük hücuma keçəcək.

İflaslar artacaq

Rusiyalı ekspertlərin fikrincə, ölkənin ən böyük təbii qaz şirkəti “Qazprom” qaz satışından 5 milyard dollar itirəcək. Ekspertlər hesab edir ki, Rusiya bu il bütün Qərb ölkələrinin, xüsusən də ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini hiss edəcək. Ölkənin ÜDM-nin 2025-ci ildə cəmi 1,3 faiz artacağı gözlənilir. Rusiya Mərkəzi Bankı tədbirlər görsə də, maliyyə ekspertləri xarici kreditlər hesabına ticarət edən bir çox müəssisələrin müflis olacağını proqnozlaşdırırlar. Rusiyanın inflyasiya ilə mübarizəsi nəticəsində 2025-ci ildə iqtisadi artımda kəskin yavaşlama yaşanacağı gözlənilir.

Hərbi xidmətə çağıracaqlar

Mütəxəssislər ölkədə əmək bazarındakı sıxlıq səbəbindən sektorun işçi tapa bilməməsi ilə bağlı məlumatları da bölüşürlər. Həmçinin 2025-ci il ərzində müharibəni bitirmək əzmində olan Moskva böyük hücumlar üçün kifayət qədər hərbi personala malik deyil. Ekspertlər Kremlin bu il ölkə daxilində qismən səfərbərlik elan edəcəyini və çoxlu sayda insanı hərbi xidmətə çağıracağını proqnozlaşdırır. Bu addımla da biznes, kənd təsərrüfatı və sənaye istehsalı sektorlarında kadr çatışmazlığının artacağı ehtimal edilir.

Rubl əriyəcək

Rusiyanın təbii qaz və neft satışlarında kəskin azalma gözlənilmir. Bildirilir ki, Qərbin sanksiyalarına baxmayaraq, ölkənin neft və təbii qaz gəlirləri 84,6 milyard dollar səviyyəsində qalacaq. Lakin Ukrayna qazının kəsintisi səbəbindən Moskvanın 8 milyard dollar gəlir itirəcəyi də təxminlər arasındadır.

Ekspertlər hesab edir ki, rubl dollar qarşısında dəyərinin 20 faizə yaxınını itirəcək. Beləliklə də, Rusiyanın 2025-ci ildə maliyyə sıxıntısı yaşayacağı vurğulanır.

Ekspertlər “4 ay ərzində tənəzzül açıq şəkildə görünəcəyi üçün prezident Vladimir Putin bu müddət ərzində böyük hücumlar həyata keçirməli olacaq” şərhini verir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm