Cinsi azlıqların azadlıq davası - “Gey-Parad“
Bizi izləyin

Dünya

Cinsi azlıqların azadlıq davası - “Gey-Parad“

Cinsi azlıqların - lesbiyan, gey, biseksual və transseksual "mədəniyyəti"ni qeyd etmək məqsədi ilə hər il dünyanın müxtəlif şəhərlərində gey-parad adlı festival və aksiyalar keçirilir. Ümumiyyətlə, gey-parad nə vaxtdan keçirilməyə başlayıb, kimlər keçirir və məqsədləri nədir?

Cəmiyyətin normal münasibətini gözləyirlər

İngiliscədə "gay pride parade" adlanan bu sözün hərfi tərcüməsi "homoseksualların qürur paradı"dır. LQBT-nin (lesbiyan, gey (homoseksual), biseksual, transseksual) məqsədi cəmiyyətin onlara normal münasibət göstərməsi məqsədilə aksiyaların keçirilməsidir ki, bu da gey-parad adlanır.

Qeyd edək ki, 1960-cı illərdə amerikalı gey və lesbiyanlar qanun qarşısında cavab verməli olurdu. Belə ki, homoseksual əməllər, hətta yaşlı insanlar tərəfindən və şəxsi evlərdə həyata keçirilsə də, bu bütün ştatlar üzrə cinayət əməli hesab edilirdi. Bunun üçün pul cəriməsi və 20 ilə qədər həbs nəzərdə tutulurdu. Polis vaxtaşırı gey-klublarda reydlər keçirir və saxlanılan şəxslərin şəkilləri qəzetlərdə dərc olunurdu ki, digərləri iş yerlərini itirməkdən və ictimai qınaqdan çəkinsinlər.

Onlar nə istəyir?

1969-cu il 27-28 iyun tarixlərində polis belə reydlərin birində geylərin daş və şüşə butulka hücumuna məruz qalır. Qarşıdurma səhərə qədər davam edir. Səhərisi gün polis yenidən əməliyyat keçirir və bu zaman qarşıdurmalar bir həftə davam edir. Elə həmin ilin noyabrında LQBT-nin konfransı keçirilir və Kreyq Rodvell adlı homoseksual tərəfindən bu hadisənin hər il qeyd olunması təklif edilir və "Stounvollski üsyanı" adlandırılması qərara alınır.

1970-ci ildə hadisənin ildönümü ilə əlaqədar ilk gey-parad keçirilir. İştirakçılar homoseksual əlaqəni cinayət sayan qanunlara etiraz edirlər. Aksiyanın şüarları isə belə olub: "Biz nə istəyirik? Homoseksuallara azadlıq! Bunu nə vaxt istəyirik? Elə indi! Ucadan deyin: Homoseksual - bu şərəfdir!" Bu aksiya növbəti il də keçirildi və Nyu-York ştatının hər il keçirilən gey-paradı halına gəldi. Ancaq bu aksiya Nyu-Yorkla məhdudlaşmadı və Çikaqo, Los-Anceles, San-Fransisko, Atlanta və Torontoda da keçirilməyə başlandı. Hazırda bu aksiya hər il bütün ABŞ və Kanada ərazisində keçirilir.

Sosialist ölkələrində bu paradlara icazə verilməyib

Daha sonra bu aksiyalar Avropaya keçdi. Və ilk aksiya 1970-ci ildə Londonda baş tutdu. 1971-ci ildə Fransada, 1979-cu ildə Berlində, 1983-cü ildə Dublində gey-parad təşkil edildi. Zaman-zaman bu paradlar Cənubi və Şimali Amerika, Avropa, Avstraliya, Yeni Zellandiya, CAR, Türkiyə, İsrail, Tailand, Hindistan, Yaponiya, Tayvan və Çində də keçirilməyə başlayıb və indi də keçirilir.

Ancaq bu cür aksiyalar keçmiş sosialist ölkələrində təzyiqlərlə üzləşib. Belə ki, 2001-ci ildə Serbiyanın paytaxtı Belqradda geylər millətçi gənclərin hücumuna məruz qalıblar. 2009-cu ildə isə Serbiyada futbol fanatları ilə geylər arasında baş verən qarşıdurmanın zərəri 1 milyon avro oldu. Analoji qarşıdurmalar Bratislava, Buxarest, Budapeşt və Riqada da baş verdi. Amma onlara hökumətlərin yaratdığı şərait öz sözünü deməyə başladı. Belə ki, 2011-ci ildə Zaqrebdə keçirilən gey-paradda heç bir insident qeydə alınmadı.

Homoseksuallar Lex Kaçinskinin ölümünə sevindilər

2005-ci ildə isə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan gey-parada mərhum prezident Lex Kaçinski qəti şəkildə etiraz edərək, paradın keçirilməməsi göstərişini verdi. Onun bu qərarı Avropa Məhkəməsi tərəfindən 2007-ci ildə insan haqlarının pozulması kimi qiymətləndirildi. Kaçinskinin təyyarə qəzasında dünyasını dəyişməsindən sonra isə geylərin yolu açıldı.

Gey-paradın keçirilməsinə qadağa 2005-ci ildə Moskvada da qeydə alındı. Şəhərin meri Yuri Lujkov gey-paradı qadağan edən qərar çıxardı. Aksiyanı keçirməyə cəhd göstərən geylərin qarşısına isə millətçi gənclər çıxdı. Bu hadisələr növbəti illərdə də təkrarlandı. 2010-cu ildə Avropa Məhkəməsi gey-paradın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırmasına baxmayaraq, Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi.

Gey-paradların keçirilməsi müxtəlif şəkildə olur - parad, mitinq, marş, festival, yarmarka, piknik və sair. Bu paradlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Məsələn, Avstriyada "rəngarəng parad", Hollandiyada "çəhrayı şənbə", Almaniya və İsveçrədə "Kristofer-strit günü", Latviyada "dostluq günü", Avstraliyada isə gey-parad karnaval şəklində bayram edilir və "Mardi Qra" adlanır.

Lalə Mehralı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm