Yazdığı kitaba görə "top atəşinə" tutulan müəllif hər şeyə AYDINLIQ GƏTİRDİ
Bizi izləyin

Elm və təhsil

Yazdığı kitaba görə "top atəşinə" tutulan müəllif hər şeyə AYDINLIQ GƏTİRDİ

Atatürk Mərkəzinin əməkdaşı, tədqiqatçı-yazıçı Nazir Əhmədlinin bu günlərdə çapdan çıxmış "Haqq nahaq seçilər haqq divanında" kitabı narazılıq və müzakirələrə səbəb olub. Etiraz edənlər müəllifin kitabdakı istinadların Erməni Milli Arxivində saxlanan sənədlərə əsaslandığını sərt tənqid ediblər. Tənqidçilər Türk dünyasının məhşur ozan-aşıqları Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgərin doğum tarixinin, milli mənsubiyyətinin saxtalaşdırılması cəhdləri XX əsrdə Şamil Əsgərovla başlanan kampaniyanın davamı kimi dəyərləndirib.

Çar Rusiyası dövründə əhalinin siyahıya alınmasının fransız mənşəli ermənipərəst İvan Şopenə tapşırılması, tarixən Göyçə mahalında Oğuz türklərinin deyil, qıpçaq mənşəli Qarapapaq türklərinin və kürd mənşəli millilərin yaşadığını yazması da narazılığa səbəb olan məqamlardandır.

Yazdığı kitab barədə səsləndirilən fikir və tənqidlərə Nazir Əhmədli Publika.az-a açıqlamasında aydınlıq gətirib.

“Kitabımda Aşıq Ələsgərin kürd olması ilə bağlı heç bir məlumat qeyd edilməyib. Əksinə, bir vaxtlar Şamil Əsgərov, Əli Əmirov və başqaları Aşıq Alını milliyət baxmdan kürd hesab edirdilərsə, bu kitabımda sənədlərlə Alının türk olduğunu sübuta yetirmişəm. O, türklərin ayrımlı tayfasına mənsubdur, atasının adı Mirzə Ovçuoğludur, Abdulla, Məhəmməd və Hüseyn adlı üç oğlu olub. Aşıq Alı 1801-ci ildə Qızılvəng kəndində deyil, 1835-ci ildə Şişqaya kəndində doğulub. 1850-ci illər ərəfəsində onun və əmisi Nəbinin ailəsi birlikdə yeni yaradılan Qızılvəng kəndinə köçürülüblər. Qızılvəng də Ağkilsə kəndi kimi 1831-ci ildə məskunlaşdırılmamış kəndlər siyahısında idi. Aşıq Ələsgərə gəldikdə, indiyə qədər onun 1821-ci ildə doğulduğu iddia edilsə də, kameral təsvir sənədləri əsasında aşkarladım ki, o, 1852-ci ildə doğulub. 1831-ci ildə də hətta Ağkilsə kəndində yaşayış olmayıb. Həmin illərdə Göyçə mahalının 59 kəndində yaşayış var idi, 67 kəndi isə boş idi. 1735-ci ildə Nadir şah bu torpaqları Osmanlılardan geri alandan sonra Göyçə mahalı tam boş idi, orada heç kim yaşamırdı. 1814-cü ildə İrəvan sərdarı ruslara qarşı müdafiə tədbirləri gördüyü sırada İrandan qarapapaq tayfasını Göyçə mahalında yerləşdirib. Lakin bütün kəndlərdə məskunlaşma aparılmamışdı. 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra müvəqqəti hökumətin təzyiqi altında 800 qarapapaq ailəsi təkrar İrana qayıtdı, 100 ailə isə Şərqi anadoluya köç etdi. Ona görə də Göyçə mahalının 126 kəndindən yalnız 59-u məskunlaşdırılmışdı, qalanları boş idi. Ağkilsə də 1831-ci ildə hələ məskunlaşdırılmamış kəndlər sırasında idi. 1842-ci ildə aparılan kameral siyahıda Ağkilsə kəndində yaşayış olduğu müəyyən edilir. Aşıq Ələsgərin ailəsi o zaman da həmin kənddə məskunlaşmayıb. Ağkilsədə ilk dəfə Aşıq Ələsgərin əmisi 1852-ci ildə siyahıya alınıb. Ələsgərin ailəsi isə 1859-cu ilin kameral siyahısında qeydiyyata alınıblar. O vaxt Aşıq Ələsgər 7 yaşlı oğlan uşağı kimi göstərilib. Növbəti siyahıya alınma 1873-cü ildə həyata keçirilib, o zaman Ələsgər 21 yaşında qeydə alınıb”, - deyə N.Əhmədli bildirir.

Müəllif istinad edilən mənbələrin Ermənistanda saxlanılan Arxiv Sənədlərinə əsaslanması iddiasını da qəbul etmir: “İstinad etdiyim kameral siyahılar rus işğalından sonra Çar hökümətinin məmurları tərəfindən aparılıb. Onlar Naxçıvan və İrəvan xanlıqları yerində yaradılmış Erməni vilayətində, eləcə də işğal etdikləri bütün vilayətlərdə - Bakı, Yelizavetpol quberniyaları, Şamaxı dairəsində də bu siyahıyalmanı həyata keçirirdilər. Kameral təsvir siyahılarının məqsədi işğaldan əvvəl bu bölgələrdə yığılan verginin miqdarını dəqiqləşdirib, vergidənyayınma hallarının qarşısını almaq idi. İlk belə kameral siyahı Naxçıvan və İrəvan xanlıqları ərazisində 1831-ci ildə aparılıb, sonra isə 1842, 1852, 1873 və 1886-cı ildə həyata keçirilib. Kameral siyahını erməni vilayəti üzrə inzibati idarənin rəsmi məmurları, dövlət müşavirləri aparırdı. Burada yalnız rus millətinə mənsub məmurlar iştirak edirdi, heç bir erməni iştirak etməyib. Həm də bu ərazilərə köçürülən ermənilər arasında o qədər savadlı insanlar da yox idi. Yalnız ermənilərlə ruslar arasında tərcümə üçün erməni millətindən olan şəxslərdən istifadə edilə bilərdi. Kameral təsvir siyahılarını türk kəndlərində həyata keçirəndə isə məmurların yanında türk təcrüməçilər olurdu. Məqsəd dövlət sənədində hər hansı bir səhvin olmaması idi. Bu sənədlər iki nüsxədə tərtib edilirdi. Onların bir nüsxəsi Rusiya İmperiyasının paytaxtı Peterburqa, Çar dəftərxanasına göndərilirdi. Həmin sənədlər sonradan Rusiya Dövlət tarix Arxivində saxlanılır. Sənədlərin ikinci surəti Qafqaz Canişinliyinin mərkəzi olan Tiflisdə saxlanılırdı. Bura Erməni vilayəti, Bakı Quberniyası, Zaqafqaziya ərazisindəki inzibatin ərazi vahidləri hamısı aid idi. Sovet Hakimiyyəti qurulandan sonra bu sənədlər müttəfiq respublikaların arxivlərinə göndərildi. Bu sənədlərin bir surəti hələ də Peterburqda Rusiya Dövlət tarix Arxivində saxlanılır. Hər dövlətin sənədlərini öz arxivlərinə verdiklərinə görə, Ermənistanda aparılan siyahıyaalma sənədləri bu ölkəyə təqdim edilib. Yəqin ki, sənədlərin bir nüsxəsi Azərbaycanda arxivlərində də var. Mənim istinad etdiyim sənədlər Peterburqda Rusiya Dövlət tarix Arxivə əsaslanır”.

Göyçənin tarixi ilə bağlı məlumatların yanlış göstərilməsi iddialarına aydınlıq gətirən N.Əhmədli bu barədə müəllifi olduğu “Göyçə mahalının kameral təsviri” kitabının ön sözündə yetərincə aydınlıq gətirdiyini deyir.

Onun sözlərinə görə, "Haqq nahaq seçilər haqq divanında" kitabındakı tarixi mənbələrdən göstərilmiş məlumatlar da məhz bu kitaba əsaslanıb: “Həmin kitabda 24 tarixi istinad var, həmin mənbələrin dəqiqliyinə heç kim şübhə edə bilməz. “Göyçə mahalının kameral təsviri” kitabında da yazdığım kimi ilk dəfə Həmdullah Qəzvinini kitabında 1343-cü ilin hadisələrindən bəhs edərkən indi Göyçə kimi tanıdığımız ərazidən söhbət açır. Həmin ərazini Gökçə dənizi olaraq yazıya alıb. Bizim Göyçə kimi tanıdığımız ərazi Gökçə dənizi olub. "Kitabi-Dədə Qorqud" dastanında iki dəfə bu ada rast gəlirik. Birində Gökçə dənizi, digərində Gökcə dağı adı işlədilir. Gökcə vilayəti isə Qaraqoyunlu hökmdarı Cahanşahın 1450-ci illərə aid məlum bir fərmanında əks olunub. İbrahim Bayramovun Qərbi Azərbaycan toponimləri ilə bağlı kitabında bu sözün etimalogiyasına aydınlıq gətirilib. Bu söz Göy, mavi sözündən yarandığı kimi qiymətləndirsə də, mənim fikrimcə, bu bir vaxtlar burada yaşamış Gökçə türk tayfalarının adı ilə bağlıdır. Hazırda Türkiyə Cümhuriyyəti ərazisində 20-yə yaxın vilayətdə bu adda kəndlər var. Bunların türk oğuz türklərin varxas boyuna mənsub olduğunu göstərirlər. 1583-cü ildə Osmanlı, sonralar İrəvan və Naxçıvan xanlığı kimi tanınan əraziləri işğal edəndən sonra 1603-cü ildə qüdrətli Səfəvi hökmdarı Şah Abbas bu əraziləri öz dövlətinin tərkibinə qaytarmaq üçün fəaliyyətini genişləndirib. İrəvan qalasını tutandan sonra sonra Osmanlı ordusunun qida tapmaması üçün ərazidəki evlər uçurulub, ağaclar kəsilib, bostan, taxıllar məhv edilib, əhali isə sürgün edilib. Hesab edirəm ki, o vaxt ərazidə yaşayan gökçə tayfaları da Osmanlı ərazisinə köç ediblər. 1603-cü ildə yandırılmış torpaq siyasətindən sonra İrəvan, Çuxursəd vilayəti uzun müddət boş qalıb. 1735-ci ildə bu əraziləri Osmanlıdan azad ediləndə yenidən talan edildi. 1814-cü ilə qədər bu torpaqlarda heç kim yaşamayıb”.

N.Əhmədli bildirir ki, əldə etdiyi kameral təsvirlərdə 1831-42-ci illərdə bu mahalda yaşayanların adı və yaşı göstərilib.

“Bununla da həmin şəxslərin doğum tarixini müəyyənləşdirmək olur.. 1859-cu ildə Ələsgər 7 yaşında göstərilibsə, onun yaşını müəyyən etmək çətin deyil. Qaragüruhçular hansısa məmurun Ələsgərin yaşını azaltmaq istədiyini deyir. Lakin bu kitabda bir çox aşığın doğum tarixi dəqiqləşdirilib. Doğum tarixinin dəqiqləşdirilməsi yalnız Ələsgərlə bağlı deyil. Doğum şəhadətnaməsi verilmədiyinə görə bu rəqəmlərin hamısı kiminsə şifahi fikrinə əsaslanaraq müəyyən edilib. Mənim yazdıqlarım isə dövlət sənədləridir”, - deyə müəllif qeyd edir.

Onun sözlərinə görə, sənədlərdə hər hansı təhrifin olması mümkünsüzdür: “O vaxtkı Rusiya dövlətinin qanunlarına görə insanlardan vergi alınırdı. Onlardan biri də ev pulu idi. Başpulu vergisi 1 rubl 20 qəpik gümüş pul idi. Həmin qanunlara görə oğlanlar 15 yaşına çatandan sonra onlardan “baş pulu” adlanan vergi alınırdı. Bu da o vaxt 1 rubl, indiki Azərbaycan pulu ilə 120 manat dəyərində idi. Ona görə də dövlət məmuru uşağın yaşını heç zaman aşağı yazmazdı. Bu zaman dövlət büdcəsinə daha az vəsait toplanardı. O saxtakarlıq etsəydi, yaşı daha böyük göstərirdi, lakin buna da yol verməzdilər. Uşaqların yaşı atasından soruşulurdu. Bu baxımdan o vaxt əhalinin sayını azaltmaq və ya yaşını kiçiltmək dövlət məmurunun marağında ola bilməzdi, əks halda pul itirmiş olardı”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm