Dövlət qulluğuna qəbulda namizədlərin 50 faizi müsahibədə iştirak etmir - RƏSMİ
Bizi izləyin

Elm və təhsil

Dövlət qulluğuna qəbulda namizədlərin 50 faizi müsahibədə iştirak etmir - RƏSMİ

Dövlət qulluğuna qəbul müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin 50%-i bu mərhələyə gəlmir.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B.Xəlilov bildirib ki, dövlət qulluğuna qəbulda 1315 vəzifə üzrə müsabiqənin müsahibə elanı verilib. 11 yanvar 2018-ci il tarixli elan üzrə 1700 müraciət qeydə alınıb, baş tutmuş 306 müsahibədə namizədlər uğur əldə edib, 540 müsahibə üzrə isə uğur qazanan olmayıb. Ümumilikdə 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun hesab edilmiş, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib.

“26 yanvar 2018-ci il tarixli müsahibə elanı üzrə 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.

Yuxarıda qeyd edilən elanlar üzrə 1808 müraciət qeydə alınıb və həmin müraciətlərə uyğun olaraq müsahibə qrafikləri hazırlanıb, qanunvericiliyə uyğun olaraq dövlət orqanı, Mərkəzin nümayəndəsi və müstəqil ekspertdən ibarət müsahibə komissiyaları yaradılmış və müsahibələrin keçirilməsi üçün digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Lakin statistikaya əsasən, müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin 50%-i müsahibədə iştirak etməyib. Belə ki, 483 namizəd müsahibələrdə iştirak etməkdən imtina edib, 412 namizəd isə üzrlü səbəb olmadan müsahibələrdə iştirak etməyib. Halbuki, həmin şəxslərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılıb, onlarla keçiriləcək müsahibələrin vaxtı və yeri müəyyən edilərək Mərkəzin və dövlət orqanın internet portalında yerləşdirilib, şəxsi işləri müsahibə üçün hazırlanıb, müsahibə qrafikinə uyğun olaraq müsahibədə iştirakla bağlı mütəxəssis və ekspertlər cəlb olunub, müsahibənin keçirilməsi üçün Mərkəzin və dövlət orqanının nümayəndəsi müsahibə komissiyasına cəlb edilib. Bu işlərin həyata keçirilməsi ilə bağlı Mərkəz və dövlət orqanı tərəfindən kifayət qədər işçi qüvvəsindən və maddi resurslardan istifadə olunub”.

Qeyd olunanlara əsasən, B.Xəlilov tərəfindən dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı keçirilən müsahibələrin səmərəli təşkilinin təmin edilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə təkliflər Şura üzvlərinin müzakirəsinə çıxarılıb.

Şura üzvləri təkliflərlə tanış olduqdan sonra növbəti iclasda məsələ ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm