BDU Xarkov universiteti ilə əməkdaşlığa başladı
Bizi izləyin

Elm və təhsil

BDU Xarkov universiteti ilə əməkdaşlığa başladı

Ukraynanın Xarkov Milli Texniki Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov qonaqlara universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, üzvü olduğu aparıcı qurumlarla əməkdaşlığından danışıb.

Görüşdən məmnun qaldığını bildirən Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol rəhbərlik etdiyi ali təhsil müəssisəsi hqqında məlumat verib. Məlum olub ki, 22 fakültəsi və 20 mindən çox tələbəsi olan bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitet Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Sonda BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol universitetlərarası əməkdaşlığın elmə, təhsilə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm