Bayağı musiqilər ayaq açıb yeriyir - Milli musiqimizlə oynayan problemlər
Bizi izləyin

Elm və təhsil

Bayağı musiqilər ayaq açıb yeriyir - Milli musiqimizlə oynayan problemlər

Musiqi - ən gözəl möcüzələrlə dolu ilahi nemət. Musiqi - bütün insanların bəşəri dili, ruhun qidası. Səməd Vurğunun təbirincə desək, musiqi can verir ruha əzəldən, musiqi qəlb alır min bir gözəldən.

Lüdviq van Bethoven deyib ki, musiqinin əsl gücü ondadır ki, o insanı bəstəkarın xəyal dünyasına aparır. Jadi Picoult isə musiqini belə vəsf edir: Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. Bu fikri bir az da genişləndirsək, belə də demək olar: Hər bir xalqın musiqisi o xalqın mənəvi kimliyinin təzahürüdür.

Bəli, bu gün Azərbaycanda Milli Musiqi Günüdür. 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin əsasını qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi mənsub olduğu xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, professor Mənsum İbrahimov Publika.az-a açıqlamasında Milli Musiqi Günü münasibətilə bütün musiqiçiləri və musiqi sevərləri təbrik edib:

“Üzeyir bəy olmasa idi, musiqimiz çox bəsit və dayaz olardı. Bütün musiqiçilər Üzeyir Hacıbəylinin mənəvi övladlarıdır. Yaratdığı əsərlər, gördüyü işlər musiqimiz üçün çox dəyərlidir. Böyük sənətkar, musiqiçi və bəstəkarlarımızın sayəsində musiqimiz bu günə qədər gəlib çıxıb. Musiqi daim dövlətimizin diqqət və qayğısındadır. Bu gün sosial şəbəkələrin xeyirini gördüyümüz qədər, zərərlərini də görürük. Sosial şəbəkələrdə bayağı musiqilər ayaq açıb, yeriyir. Qeyri-peşəkar, milli musiqimizə xələl yetirən ifaları eşidirik”.

Xanəndə əlavə edib ki, təkcə bizim ölkədə deyil, bir çox ölkələrdə sosial medianın müxtəlif fəsadları var:

“Bu hər yerdə belədir, deyib, kifayətlənmək olmaz. Qarşısı alınmalıdır. Milli musiqilərimizi daha çox təbliğ etməliyik. Burada əsas yük medianın üsütünə düşür. Xalq gördüyünə, eşitdityinə inanır. Bu zaman da anlaşılmazlıq yaranır. Ona görə də burada hər kəs öz əlindən gələni etməlidir”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli bildirib ki, milli mənəviyyatı dərin köklərə sahib olan ölkəmizin musiqisi hər bir vətəndaşımız üçün qürur mənbəyidir:

“Klassik musiqimiz formalaşdığı dövrdən müəyyən xarici müdaxilələrə sinə gərməyə məcbur olurdu. Buna baxmayaraq, Azərbaycan bəstəkarları öz milli mənəviyyatlarını heç nəyə dəyişmədilər. Bu gün Azərbaycan musiqisinin dünyada təbliği tam fərqli və geniş məcrada inkişaf edir. İlk növbədə xaricdə yaşayan və ya təhsil alan azərbaycanlı musiqiçilərimiz ölkəmizi orada layiqincə təmsil edir, tanıdırlar. Xaricdə öyrəndikləri yenilikləri musiqimizə tətbiq edirlər. Klassik musiqi istiqamətində Üzeyir Hacıbəylinin banisi olduğu Azərbaycan Bəstəkarlıq Məktəbi yeni yollarla inkişaf edir. Avropanın bir çox ölkələrində Azərbaycan musiqisi mütəmadi olaraq səslənir. Xaricdə musiqimizin təbliği yolunda səfirlik və diasporalarımızın aktiv fəliyyəti xüsusilə qeyd olunmalıdır”.

Musiqişünas qeyd edib ki, illər öncə Azərbaycan cazından az sayda musiqiçi adları çəkmək olurdusa, hazırda bu say xeyli artıb:

“Bu gün caz musiqisi sahəsində də inkişaf və təbliğat güclənmişdir. Bizim musiqiçilərimiz xarici caz qrupları daxilində, tanınmış festival və caz məkanlarında xüsusiliyi ilə seçilən ifalar təqdim edirlər. Ümumiyyətlə, dünyanın müxtəlif yerlərində fərqli janrlarda ifa edən ifaçılarımız var. Azərbaycan musiqisi dünənə nisbətdə bu gün daha məsuliyyyətli, tələbkar və hədəflidir. XX əsrin əvvəllərində olan çətinliklərə rəğmən görkəmli şəxsiyyətlərimiz Azərbaycan musiqisinin özülünü qoya biliblərsə, bu gün biz inkişaf üçün daha cəsarətli addımlar atmalıyıq. İnkişaf məcramız daha geniş və fərqli olmalıdır. Dünənimiz nə qədər gözəl idisə, bu günümüz və sahabımız ondan da gözəl, keyfiyyətli olmalıdır. Dəyərli əsərlər yazılıb, musiqiçilər tərəfindən ifa edilərək dünyaya çatdırılmalıdır”.

Bəstəkar Cavanşir Quliyevin sözlərinə görə, musiqi özü bir dildir:

“Musiqimizin təbliğatı əvvəl necə idisə, indi də elədir. Sərbəst hərəkət yoxdur. Xarici ölkələrdə xüsusi şirkətlər, daha dəqiq desək prodüser şirkətləri var ki, musiqi və kinonun təbliği ilə məşğul olurlar. Sənət adamlarını xarici səfərlərə, festivallara göndərirlər. Bu da sənətçi üçün onun tanınnası deməkdir. Ölkəmizdə belə bir sistem yoxdur. Kimsə deyə bilər prodüserəm, amma rəsmi olaraq elə peşə yoxdur. Hətta qanunvericilikdə də elə bir maddədə yoxdur ki, hansısa vətəndaş gedib, şirkət açsın. Dəqiq proqram yoxdur. Vəziyyət hələ də 1980-ci illərlə eynidir. Hazır ki, musiqimizin təbliğatı ilə heç razı deyiləm. Daha yaxşı ola bilərdi”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm