Elm və təhsil
Nailə İsayılova: "İmtahan uşağın biliyini ölçməlidir, valideynin cibinin imkanlarını deyil!"
"Son dövrlərdə ali məktəblərə qəbul imtahanlarında sualların mürəkkəbliyi, proqramların həcmi və abituriyentlərdən tələb olunan hazırlıq səviyyəsi məni də ciddi narahat edən mövzulardan biridir. Bu vəziyyət yalnız şagirdlərin imtahan nəticələrinə deyil, həm də ailələrin sosial-iqtisadi vəziyyətinə, əlavə maliyyə xərclərinə və uşaqların bərabər təhsil imkanlarına təsir göstərir".
Publika.az xəbər verir ki, bu fikirləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova deyib.
O qeyd edib ki, məktəbdə verilən biliklərlə qəbul imtahanlarında tələb olunan hazırlıq səviyyəsi arasında uyğunsuzluq yarandıqda, valideynlər övladlarının bilik boşluqlarını aradan qaldırmaq üçün repetitorlara və hazırlıq kurslarına müraciət etməli olurlar. Xüsusilə IX–XI siniflərdə bu ehtiyac daha qabarıq hiss olunur, bəzi ailələr isə hazırlığa hələ V sinifdən başlayırlar.
"Bu məsələyə mən yalnız sosioloq və ictimai təşkilat rəhbəri kimi deyil, eyni zamanda üç abituriyent nəvəsi olan nənə kimi də yanaşıram. Ailələrin bu prosesdə çəkdiyi zəhməti, mənəvi gərginliyi və maliyyə yükünü yaxından müşahidə edirəm.
Burada əsas sosial problem ondan ibarətdir ki, bütün ailələrin əlavə hazırlıq üçün eyni maliyyə imkanları yoxdur. Bir ailə övladına bir neçə fənn üzrə müəllim tuta bildiyi halda, digəri bunu edə bilmir. Beləliklə, ali məktəbə qəbul şansı təkcə uşağın biliyindən deyil, müəyyən mənada ailənin maddi imkanlarından da asılı vəziyyətə düşə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi hər kəsin təhsil almaq hüququnu təsbit edir. Bu hüquq yalnız məktəbə getmək deyil, keyfiyyətli bilik əldə etmək və öz potensialını reallaşdırmaq üçün bərabər imkanlara malik olmaq deməkdir. Hesab edirəm ki, bu məsələdə bir neçə istiqamətə xüsusi diqqət yetirilməlidir:
- Məktəblərdə tədrisin keyfiyyəti və şagirdlərin real bilik səviyyəsi təhlil edilməlidir.
- Məktəb proqramı ilə qəbul imtahanlarının məzmunu və çətinlik səviyyəsi arasında uyğunluq təmin olunmalıdır.
- Qəbul imtahanlarında həddindən artıq mürəkkəb suallar və proqram tələbləri yenidən nəzərdən keçirilməli, daha balanslı və əlçatan qiymətləndirmə modeli formalaşdırılmalıdır.
- Məktəblərdə ödənişsiz əlavə məşğələlər və sosial dəstək imkanları genişləndirilməlidir.
- Əlavə hazırlıq xidmətlərindən yararlanmaq imkanı olmayan istedadlı şagirdlər üçün bərabər imkanlar yaradılmalıdır.
Mən test imtahanlarının ləğvinin tərəfdarı deyiləm. Qəbul imtahanı obyektiv qiymətləndirmə vasitəsi kimi əhəmiyyətini saxlamalıdır. Lakin imtahanın tələbləri məktəbdə verilən təhsillə uzlaşmalı, sualların çətinlik səviyyəsi şagirdlərin real bilik və hazırlıq imkanlarına uyğun müəyyənləşdirilməlidir. Məqsəd təhsilin səviyyəsini aşağı salmaq deyil, qiymətləndirməni daha ədalətli etməkdir".
Mütəxəssis qeyd edib ki, bu məsələnin Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, təhsil ekspertləri, müəllimlər, valideynlər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirəsinə ehtiyac var:
"Çünki təhsil yalnız bir ailənin deyil, bütün cəmiyyətin gələcəyidir. Hər bir uşağın ali təhsil almaq imkanı valideyninin maddi gücü ilə deyil, öz biliyi, bacarığı və zəhməti ilə müəyyən olunmalıdır. Çünki imtahan uşağın biliyini ölçməlidir, valideynin cibinin imkanlarını deyil!".
-
MDB15:10Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var





































