Elm və təhsil
BDU-nun tarixinə dair məqalə dərc olundu
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Yaqub Mahmudovun “Milli şüurumuzda istiqlal bayrağını enməyə qoymayan müqəddəs ziyalı ocağı” adlı irihəcmli məqaləsi “Tarix və onun problemləri” elmi-nəzəri jurnalında baş məqalə kimi dərc olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Publika.az-a bildirilib ki, məqalə Bakı Dövlət Universitetinin (BDU) və bu ali məktəbin Tarix fakültəsinin 105 illik yubileylərinə həsr olunub.
Akademik Yaqub Mahmudov məqalədə diqqətə çatdırır ki, çar mütləqiyyəti dövründə yeridilən qəddar milli müstəmləkəçilik siyasəti nəticəsində Rusiya imperiyası Cənubi Qafqazda heç bir ali təhsil müəssisəsinin açılmasına imkan vermədi. Fevral inqilabı (1917) nəticəsində Romanovlar mütləqiyyəti devrildikdən sonra yaradılmış Müvəqqəti hökumət də Cənubi Qafqazda yeganə ali məktəbi - “rus universiteti”ni Bakıda deyil, Tiflisdə açmaq niyyətində idi. Tiflisdə universitet açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət bir komissiya da yaradılmışdı. Həmin komissiyaya sonralar BDU-nun yaradılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq edirdi. Komissiya Tiflisdə açılması nəzərdə tutulan “rus universiteti”nin layihə və smetasını hazırlayıb Zaqafqaziya Respublikası hökumətinin müzakirəsinə verdi. Həmin hökumətin xalq maarifi naziri olan Fətəli xan Xoyski isə yeni universitetin Tiflisdə deyil, Bakıda açılması təklifini irəli sürdü. Lakin hökumət bu məsələyə baxmağa imkan tapmadı. Çünki Zaqafqaziya hökuməti süquta uğradı. Və Zaqafqaziya Universitetinin Tiflisdə açılması qərara alındı. V.İ.Razumovski rektor seçildi. Lakin Zaqafqaziya Universiteti Tiflisdə fəaliyyət göstərə bilmədi. Bu universitetin Krasnodar, İrəvan və ya Bakıya köçürülməsi məsələsi meydana çıxdı.
Müəllif yazır ki, 1919-cu ilin martında Zaqafqaziya Universitetinin rektoru V.İ.Razumovski universitet şurasının iclasında Bakıya köçmək haqqında təklif irəli sürdü. Çünki Bakıdan alınmış təkliflər daha real, sanballı və ümidverici idi. Universitet şurasında müzakirə zamanı əksəriyyət universitetin Bakıya köçürülməsinə tərəfdar oldu. Lakin şura üzvlərindən bir qrup, xüsusən ermənilər bunun əleyhinə çıxdılar. Məsələnin qəti həlli üçün komissiya yaradıldı. N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. Aydın oldu ki, Azərbaycan hökuməti öz universitetinin olmasında çox israrlıdır. Bu zaman Azərbaycan xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski V.İ.Razumovskiyə teleqram göndərib bildirdi ki, Bakıda yeni universitet açılır və bu universitetin təşkilini öz üzərinə götürsün. V.İ.Razumovski öz həmkarları ilə məsləhətləşmələr apardıqdan sonra, təklifi qəbul etdi, Tiflisdə açılmış Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən imtina etdi və razılıq verdiyini teleqraf vasitəsilə Bakıya bildirdi. Beləliklə, Tiflisdə fəaliyyət göstərə bilməyən “rus universiteti”nin Krasnodara və İrəvana köçürülməsi cəhdləri baş tutmadı.
“1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” qəbul etdi. Parlamentdə BDU-nun açılması barədə qanunun qəbul olunmasında Müsavat fraksiyasına başçılıq edən Məhəmməd Əmin Rəsulzadə mühüm rol oynadı. Elə həmin iclasda parlament 1919-1920-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə də qərar qəbul etdi”, - deyə məqalədə bildirilir.
Məqalədə vurğulanır ki, böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin universitetdə həyata keçirdiyi kəşflər faşizm üzərindəki tarixi qələbədə mühüm rol oynadı. 1945-ci ildə universitetin kadr potensialı və elmi bazası əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təsis olundu. Bu, BDU-nun Azərbaycanın elm tarixinə böyük töhfəsi idi. Universitetin professorları Heydər Hüseynov, Aleksandr Qrossheym, Yusif Məmmədəliyev və Mirəli Qaşqay AMEA-nın təsisçiləri sırasında idilər.
Yaqub Mahmudov qeyd edir ki, 1989-cu ildə Tarix fakültəsinin Elmi Şurası “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti”nin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırıldı. Elə həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı da buraxıldı. Tələbələrimiz BDU-nun girişindəki “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti” adlı lövhəni öz əlləri ilə söküb atdılar. Bu, 1939-cu ildə bolşevik rejiminin Azərbaycan xalqının cəlladlarından birinin adının universitetimizə verilməsi barədə qərarına tələbə gəncliyimizin haqlı cavabı idi. Çox keçmədən Tarix fakültəsi Elmi Şurasının qərarı öz nəticəsini verdi. Azərbaycan SSR Xalq Təhsili Nazirliyi universitetin tarixi adını bərpa etdi. Nazirliyin 1990-cı il 1 mart tarixli əmrində deyilirdi: “S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın”.
Məqalədə xüsusi olaraq vurğulanır ki, 105 illik fəaliyyəti dövründə BDU-nun 7 dəfə yubileyi keçirilib: 1930-cu ildə 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1979-cu ildə 60 illiyi, 1994-cü ildə 75 illiyi, 2000-ci ildə 80 illiyi, 2009-cu ildə 90 illiyi və 2019-cu ildə 100 illiyi. Diqqətəlayiq haldır ki, bunlardan 4-ü Ulu Öndər Heydər Əliyevin, 2-si isə Prezident İlham Əliyevin təşəbbüsü və fəal iştirakı ilə keçirilib.
“Son illərdə Bakı Dövlət Universiteti təhsilin və elmi araşdırmaların səviyyəsini yüksəltmək, səmərəliliyini daha da artırmaq üçün mühüm uğurlar qazanıb. Universitetimiz təhsildə və elmi araşdırmaların müxtəlif sahələrində əldə etdiyi böyük nailiyyətlərə görə dünyanın ən aparıcı universitetləri sırasına yüksəlib. BDU-nun beynəlxalq reytinqlərdə irəliləyişi isə yüksəlməkdə davam edir”, - deyə məqalənin sonunda bildirilir.
-
İdman15:45
“Qarabağ” olmasaydı, Azərbaycan futboluna maraq çoxdan ölərdi - Balakişi Qasımov
-
Ekologiya14:08
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
İqtisadi gündəm14:00
Aksiz vergisi 4 manat 18 qəpikdir: Bazarda isə litri bir manata olan araq satılır
-
Nida Xəbər 13:16
Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?
-
Magazin113:07
Əməkdar artist bu fotonu gördü: göz yaşları "SEL OLDU" - VİDEO
-
Qoroskop11:49
Ən yalançı bürclər - Bundan həzz alırlar
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...