Hesablama Palatası haqqında qanun dəyişdi
Bizi izləyin

İqtisadi gündəm

Hesablama Palatası haqqında qanun dəyişdi

Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilib.

Publika.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə haqqına məruzə edib.

Komitə sədri deyib ki, indiyək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi. Dəyişikliklə isə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə materialları müvafiq orqana göndərə biləcək.

Dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bunun qəbul edilməsini doğru hesab etməyib.

Deputat deyib ki, cinayəti bilib məlumat verməyənlər Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır: “Bu dəyişikliyi etməklə biz Hesablama Palatasına səlahiyyət veririk ki, hər hansı cinayət hal aşkarladıqda ya müvafiq orqan, ya da Baş Prokurorluğa təqdim edilməlidir. Bu zaman da həmin məlumatı prokurorluğa göndərmək səlahiyyəti müvafiq orqana verilir. Biz bu dəyişikliyi etməklə Hesablama Palatasını məsuliyyətdən azad edib, sui-istifadə hallarına yol verilməsinə imkan yaradırıq”.

Birinci vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyevlə razılaşmayıb: “Məncə, anlaşılmazlıq dil məsələsi ilə bağlıdır. Söhbət ondan gedir ki, cinayət tərkibli hadisələr prokurorluğa, inzibati xətalar məcəlləsinə uyğun gələn cinayətlər isə müvafiq orqanlara göndəriləcək”.

Sonda layihə səsə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm