Səfər Mehdiyev: "Gömrük Komitəsi respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur"
Bizi izləyin

İqtisadi gündəm

Səfər Mehdiyev: "Gömrük Komitəsi respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur"

"Qlobal ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir".

Publika.az xəbər verir ki, bunu Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi praqmatik siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda dinamik inkişaf gedir və yeni islahatlar aparılır: "Daxili bazarın qorunmasında, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir".

Səfər Mehdiyev bildirib ki, Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şərait yaradıb: "Beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib. Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən böyük intermodal mərkəz olaraq ölkəmizin Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. Tarixi Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarətilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və keçən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti tranzit daşımalarının sürətlənməsi və ticarətin sadələşdirilməsi üçün mühüm amillərdəndir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, bütün iştirakçı ölkələr arasında əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Hazırda yüksək Avropa standartlarına uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirir. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir”.

S.Mehdiyev qeyd edib ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir. “Bu baxımdan, ölkəmizdə Səlahiyyətli İqtisadi Operator Proqramının və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanması bu əməkdaşlıq istiqamətində atılmış mühüm addımlar olub. ÜGT-nin Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə SAFE Çərçivə Standartlarının ikinci sütunu - Gömrük-Biznes Əməkdaşlığı çərçivəsində mühüm bir anlayış olan Səlahiyyətli İqtisadi Operator, gömrük-biznes əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir və Dövlət Gömrük Komitəsi Səlahiyyətli İqtisadi Operator Proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Ümid edirəm ki, gömrük, nəqliyyat, loqistika, xarici ticarət və özəl sektor nümayəndələrini bir araya gətirən bu Konfrans iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına böyük imkan yaradaraq, gömrük-gömrük münasibətləri ilə yanaşı gömrük-biznes əməkdaşlığının inkişafına, həmçinin faydalı əlaqələrin qurulmasına və yeni uğurların əldə olunmasına öz töhfəsini verəcək,” – deyə S. Mehdiyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm