Energetika naziri Barkindo və Əbdüləzizlə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Energetika naziri Barkindo və Əbdüləzizlə görüşdü

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEk) baş katibi Məhəmməd Sanusi Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Energetika Nazirliyindən Publika.az-a verilən məlumata görə, OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEK+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEK Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Görüşdə həmçinin OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir mübadiləsi aparılıb. Görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEK-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə baş tutan görüşdə isə OPEK+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib. Bildirilib ki, neftə qlobal tələbatın artması, eləcə də neftin qiymətinin 75-80 dollar civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.

OPEK+ Nazirlərinin neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunda qəbul etdikləri qərar bazarda artan tələbat və azalan təchizat prosesinin nizamlanması baxımından mühüm addım kimi qiymətləndirilib. Söhbət zamanı ötən dövr ərzində öhdəliklərin icrasında əhəmiyyətli dəyişikliyin baş verdiyi, ilin sonuna kimi hasilatın artırılmasının nəzərdə tutulmadığı qeyd edilib.

O da vurğulanıb ki, neft tədarükündə mövcud kəsirin könüllülük prinsipi əsasında ölkələrin hasilat imkanlarına uyğun aradan qaldırılması daha məqbul görünür. Bazarda hər hansı böhran vəziyyəti yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər. Neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi vacibdir. Bu məqsədlə OPEK+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm