Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatından başlanılmalıdır - İqtisadçı
Bizi izləyin

İqtisadi gündəm

Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatından başlanılmalıdır - İqtisadçı

“Dövlət Gömrük Komitəsi 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar haqqında hesabat təqdim edib. Hesabata görə, ümumi ixrac həcmi 4,137 milyard dollar, idxal isə 2,53 milyard dollar həcmində olub. Beləcə, 3 ay ərzində Azərbaycanın xarici ticarətində 1,6 milyard dollar müsbət saldo yaranıb”.

Publika.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, bu, yaxşı haldır və burada xilaskar yenə də neftdir. O bildirib ki, satdığımız məhsulun 3,63 milyard dolları neft-qaz sektorunun payıdır: “Bu isə ümumi ixracın 87,88 faizini təşkil edir. Deməli, ixracın neft-qaz məhsulu hesab edilməyən hissəsinin payı 12,12 faizdir. Bu isə 501 milyon dollar həcmində qeyri-neft ixracatı deməkdir. Lakin burada bir incə məqam var. Belə ki, qeyri-neft ixracatı strukturuna daxil edilən plastmas və onlardan alınan məmulatlardır ki, onların da əslində əsas xammalı karbohidrogen ehtiyatlarının hasilatı zamanı yaranır. Bu məbləğ isə 90,238 milyon dollar təşkil edir. Deməli, əslində qeyri-neft ixracının həcminə belə neft amilinin təsiri müşahidə edilir”.

İqtisadçı bildirib ki, neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın strukturunda isə lider mövqeyə meyvə-tərəvəz məhsulları başçılıq edir: “2021-ci ilin yanvar-mart aylarında meyvə-tərəvəz ixracından daxil olmuş məbləğ 97,2 milyon dollar həcmində olub. İkinci yerdə isə plastmas və ondan alınan məmulatlar 90,238 milyon manatla qərarlaşırlar. İxracda neft və neft məhsullarının payının azaldılması prioritet istiqamət olsa da, görünən odur ki, buna lazımi səviyyədə nail olmaq hələ ki, mümkün deyil. Görünür, daha ciddi nəticələr üçün daha vacib işlərin görülməsinə ehtiyac var. Daha dəqiqi, ixrac potensialı sahələrin inkişafı üçün kompleks tədbirlər gücləndirilməlidir.

Hesabatın idxal hissəsilə tanış olanda yenə təəssüfdoğurucu məqamlarla qarşılaşırıq. Elə məhsullar var ki, onların idxalını haradasa anlamaq olar. Məsələn, maşın və mexanizmlərdir və ya nəqliyyat mexanizmləridir və s. Amma arpa və qarğıdalı üçün də ölkədən 7,8 milyon dollar vəsait çıxarılıb. Ya da ət üçün 14 milyon dollar, piylər və yağlar üçün 62,8 milyon dollar vəsait sərf edilib. Axı praktiki olaraq bizim bu tələbatı ödəmək potensialımız çoxdur. Bu qədər məhsuldar torpaqlar varkən, nədən milyonlar kənd təsərrüfatı məhsullarının idxalına xərclənsin?! Bütün hallarda Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı birmənalı kənd təsərrüfatından başlanılmalıdır. İdxaldan asılılığın azalması, daxili tələbatın ödənilməsi, regionlarda məşğulluğun artırılması və s. kimi bütün məsələlər öz həllini məhz kənd təsərrüfatında ciddi irəliləyişlərin olmasından tapa bilər. Amma bunu nəzəri cəhətdən, qanunlarda və rəsmi tədbirləri əks etdirən sənədlərdə yox, bunların yerlərdə praktik icrasına nail olmaq, həm də ən müasir innovativ yanaşmaların tətbiqi ilə nail olmaq lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm