İqtisadi gündəm
Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq
Son illərdə Azərbaycan geyim bazarında aparıcı mövqeyə malik olan Türkiyə məhsulları həm qiymət, həm də çeşid baxımından əsas seçimlərdən biri hesab edilirdi. Lakin 2026-cı ilin əvvəlindən etibarən bu istiqamətdə müşahidə olunan dəyişikliklər diqqət çəkir. Rəsmi məlumatlara görə, yanvar ayında Azərbaycan Türkiyədən 3,18 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Türkiyə İxracatçılar Məclisinin açıqladığı statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azdır. İdxal həcminin azalması bazarda bir sıra suallar doğurur: bu geriləmənin əsas səbəbi nədir? Azərbaycanda Türkiyə brendlərinə maraq doğrudanmı zəifləyib, yoxsa söhbət mövsümi amillərdən gedir?
“Sahibkarlar Türkiyədən idxala əvvəlki qədər maraq göstərmirlər”
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlının sözlərinə görə, idxalın azalmasının əsas səbəblərindən biri Türkiyədə mövcud olan iqtisadi vəziyyətdir: “Yüksək inflyasiya və istehsal xərclərinin artması burada istehsal olunan məhsulların maya dəyərini yüksəldib. Bu isə satış qiymətlərinin bahalaşmasına səbəb olub. Nəticədə qiymət artımı idxalçıların daha az məhsul almasına gətirib çıxarır və bir çox sahibkarlar Türkiyədən mal idxalına əvvəlki qədər maraq göstərmirlər”.
E.Mərdanlının fikrincə, bazarda hər bir brend öz qiymət seqmentinə uyğun müəyyən mövqeyə malikdir: “Ümumilikdə türk brendlərinə maraq azalmayıb. Lakin bəzi hallarda mövcud qiymətlə təqdim olunan keyfiyyət arasında uyğunsuzluq yaranır. Xərcləri azaltmaq məqsədilə bəzi istehsalçıların keyfiyyətdə müəyyən güzəştlərə getməsi istehlakçı məmnunluğuna mənfi təsir göstərir. Mövcud azalma daha çox struktur xarakter daşıyır. Bir tərəfdən qiymətlər artıb, digər tərəfdən isə bazarda alıcılıq qabiliyyəti zəifləyib. Eyni zamanda rüsumsuz və vergisiz onlayn sifarişlərin qarşısının tam alınmaması, eləcə də bazarda qeyri-leqal şəkildə satılan geyimlərin mövcudluğu rəsmi idxala mənfi təsir göstərir”.
Müsahibimiz bildirdi ki, əgər Türkiyədə iqtisadi vəziyyət yaxşılaşmasa, bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir: “Üstəlik, artıq bir çox istehsalçının fabriklərini Türkiyədən çıxararaq daha ucuz istehsal xərcləri olan qonşu ölkələrdə qurması uzunmüddətli perspektivdə Türkiyədən idxalın azalmasını daha da sürətləndirə bilər”.
“Bir sıra brendlərin məhsulları əvvəlki keyfiyyətdə deyil”
İqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, buna səbəb Türkiyədə inflyasiya səviyyəsinin artması, eləcə də dolların məzənnəsinin yüksəlməsidir: “Əvvəlki illərlə müqayisədə Türkiyədə qiymətlər xeyli bahalaşıb. Türkiyə hökumətinin miqrasiya siyasəti ilə bağlı addımları da geyim sektorunda qiymətlərə təsir edən əsas amillər sırasındadır. Belə ki, tekstil sənayesində uzun müddət xarici vətəndaşlar, xüsusilə də Suriya vətəndaşları ucuz işçi qüvvəsi kimi çalışırdı. Suriyalıların ölkələrinə geri qayıtması, eləcə də miqrasiya idarəsinin yaşamaq və iş icazələri ilə bağlı sərt siyasəti tekstil sənayesində ciddi işçi çatışmazlığı yaradıb. Türk lirəsinin dəyərdən düşməsi ilə birlikdə bu amillər qiymət artımına birbaşa təsir göstərib”.
G.Hüseynova bildirdi ki, hər markanın öz alıcısı var: “Lakin qeyd etmək lazımdır ki, bir sıra Türkiyə brendlərinin məhsulları artıq əvvəlki keyfiyyətdə deyil. Keyfiyyətini qoruyan məhsulların qiymətləri isə TÜFE (İstehlakçı Qiymət İndeksi) əsasında artıb ki, bu da tələbin dolayı yolla azalmasına səbəb olur. Azalmanın xarakterinə baxdıqda, proses həm mövsümi, həm də yuxarıda qeyd olunan struktur amillərlə əlaqəlidir. Türkiyədəki inflyasiyanın Azərbaycan idxalına təsirinə gəldikdə, milli valyutamızın dəyəri yüksək olsa da, ticarət əməliyyatları ABŞ dolları ilə aparılır. İnflyasiya tempinin dolların məzənnə artımını üstələməsi Azərbaycan bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır”.
“Azərbaycan üçün alternativ bazarlar mövcuddur”
İqtisadçının fikrincə, azalmanın digər, nisbətən gizli səbəblərindən biri də Türkiyənin onlayn ticarət platformalarını Azərbaycan bazarına açması olub: “Bir müddət karqo daşımalarının pulsuz olması, gömrük və vergi rüsumlarının qarşılanması hesabına məhsullar cüzi gəlirlə ixrac edilib, alıcı kütləsi formalaşdırıldıqdan sonra isə qiymətlər əvvəlki səviyyəyə qaytarılıb. Bu proses Azərbaycan alıcısı üçün gözlənilməz olub və nəticədə ənənəvi ticarət qısa müddət də olsa maliyyə çətinlikləri ilə üzləşib”.
Ekspertin sözlərinə görə, Çin ilə qarşılıqlı viza rejiminin aradan qaldırılması azərbaycanlı sahibkarları məhsulun maya dəyəri daha ucuz olan Çin bazarına yönəlməyə vadar edib: “Artıq Azərbaycan üçün alternativ bazarlar mövcuddur. Əvvəllər geyim əsasən Türkiyədən idxal edilirdisə, hazırda İran və Çin kimi ölkələrdən də məhsullar gətirilir. Digər ölkələrdən idxal olunması məhsulların keyfiyyətsiz olması anlamına gəlmir”.
G.Hüseynovanın fikrincə, ümumilikdə idxalın azalması və ya artması əsasən Türkiyədəki iqtisadi vəziyyətdən asılıdır. Hökumətin bu sahəyə mümkün dəstəyi qiymətlərə müəyyən qədər təsir göstərə bilər. ("Kaspi" qəzeti)
-
Səhiyyə11:34Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
-
Dünya11:24Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
-
Magazin111:20Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi
-
Digər11:03Kim Çen In Rusiyada öldürülmüş hərbçilərə muzey tikdirir
-
Hadisə10:13Çilingər hakimin ölümünə görə həbs edildi
-
İqtisadi gündəm09:52Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq
-
Magazin107:35Azərbaycanlı bloqerlər 10 ildə necə dəyişiblər? - Öncə və sonra... - Foto
-
Sosial06:46"Azerina" müştərini şantaj edib? - Şok səs yazısı










.jpg)























