Kriminal
Gizli tuneldə insan əti ziyafəti: “Bişir, yoxsa səni də yeyəcəyik” - Şok faktlar
61 yaşlı kolumbiyalı aşpaz Oskar Rosas Boqotanın ən qəddar cinayətkar qruplaşmalarından birinin əsirliyində üç ildən çox qaldığını iddia edir. Onun sözlərinə görə, narkotik alverçiləri, silahlı dəstələrin üzvləri və xarici cinayətkarlar üçün insan qalıqlarından yeməklər hazırlamağa məcbur edilib. Gizli yeraltı tunellərdə keçirilən ziyafətlərdə baş verənlər isə uzun müddət şəhər əfsanəsi hesab olunub.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Bu gün Bukaramanqa şəhərində yaşayan Rosas 11 ildir narkotikdən uzaqdır və asılılıqdan əziyyət çəkən insanların reabilitasiya mərkəzinə rəhbərlik edir. Lakin onun Kolumbiyanın paytaxtındakı El-Bronks gecəqondularında yaşadığı dəhşətlər hələ də yaddaşından silinməyib.
Narkotik müqabilində yemək bişirməyə razılaşdı
Rosas vaxtilə Nyu-Yorkda kulinariya təhsili alıb, Avropanın tanınmış restoranlarında çalışıb. Lakin heroin asılılığı onun karyerasını məhv edib. Pulsuz qalan aşpaz Kolumbiyaya qayıdaraq Boqotanın ən təhlükəli ərazilərindən biri olan El-Bronksda yaşamağa başlayıb.
Burada əraziyə nəzarət edən Los Sayayines adlı cinayətkar qruplaşmanın üzvləri ona yaxınlaşıb. Bir gün nüfuzlu qonaqlar üçün şam yeməyi hazırlamağı təklif ediblər. Əvəzində heroin və krek (kokainin emal olunmuş forması) vəd ediblər.
Ağır narkotik asılılığından əziyyət çəkən Rosas razılaşıb. Ziyafətin tərk edilmiş binaları birləşdirən yeraltı tunellərdə keçiriləcəyini öyrənib.
“Gümüş qaşıq-çəngəllər, yaxşı şərab və şampan var idi. Dedilər ki, dünyanın hər yerindən qonaqlar gələcək. Mən də istədikləri hər şeyi hazırlayacağımı, onların isə mənə heroin verəcəyini söylədim”, - deyə o xatırlayıb.
Lakin yeraltı məkana düşəndən sonra tələyə düşdüyünü anlayıb. Onun sözlərinə görə, əvvəlcə qəribə ritualla qarşılaşıb, daha sonra qruplaşma üzvlərindən biri onu döyərək geri qayıtmayacağını bildirib.
Qarşısına insan qalıqları qoyuldu
Rosas iddia edir ki, ondan satanist ritualda iştirak etmək tələb olunub. İmtina edəcəyi təqdirdə öldürüləcəyi ilə hədələnib.
Bir müddət sonra yeraltı tunelə plastik torbada ət gətirilib. Aşpaza torbanın içindəkiləri boşaldaraq qızıl nimçədə təqdim etmək tapşırılıb. Lakin o, torbanı açanda insan qalıqları ilə qarşılaşdığını bildirib.
“Mən dedim ki, sən ağlını itirmisən? Necə düşünürsən ki, bunu bişirəcəyəm? O isə məni tutdu, başıma silah dirəyərək dedi: Bişir, yoxsa səni özümüz yeyəcəyik”, - Rosas danışıb.
Onun sözlərinə görə, insan bədənini doğrayaraq ondan xörək hazırlamağa məcbur edilib. İlk ritualdan sonra isə bişirdiyi yeməyi özünə də yedirdiblər.
Orqan alveri və xarici cinayətkarlar
Keçmiş aşpazın iddiasına görə, o, növbəti üç il ərzində qruplaşmanın əsiri olub. İnsan qalıqlarından yemək hazırlamaqla yanaşı, ölənlərin bədənlərindən orqanların çıxarılmasına da cəlb edilib. Bunun müqabilində ona krek verilib.
Rosas xatırlayır ki, bir neçə gündən bir yeraltı məkana böyük çamadanlarla gələn şəxslər orqanları götürüb aparırdılar. O, burada qanunsuz insan orqanı ticarəti şəbəkəsinin fəaliyyət göstərdiyini düşünür.
Aşpazın sözlərinə görə, bu mərasimlərdə partizan və hərbiləşdirilmiş qruplaşmaların nümayəndələri, narkotik alverçiləri, cinayətkar dəstə başçıları və xarici ölkələrdən gələn şəxslər iştirak edirdilər.
“Dünyanın hər yerindən cinayətkarlar insan ətindən hazırlanmış raqu yemək üçün gəlirdilər”, - deyə o bildirib.
Rosasın iddiasına əsasən, El-Bronksda cəsəd çatışmazlığı da olmayıb. Bəzən bir gün ərzində yeraltı məkana 7-8 meyit gətirilib. Onların arasında qətlə yetirilənlər, narkotik maddələrin həddindən artıq dozasından ölənlər, hətta polislər də olub.
Üç ildən artıq davam edən əsirlikdən çıxış yolu tapa bilməyən Rosas nəhayət, intihara cəhd edib. O, şüşə qırığı ilə özünə xəsarət yetirib. Qan itirərək yerdə uzandığı zaman kiminsə onun cəsədindən qurtulmaq üçün turşu vannası hazırlanmasını əmr etdiyini eşidib. Lakin qruplaşma üzvlərindən biri gözlənilmədən onu tuneldən çıxararaq küçədə qoyub.
Ağır yaralı vəziyyətdə polis tərəfindən tapılan Rosas xəstəxanaya çatdırılıb.
Həkimlər də onun danışdıqlarına inanmadı
Rosas xəstəxanada üç il ərzində başına gələnləri danışmağa çalışsa da, həkimlər onun sözlərini inanılmaz hesab ediblər. Nəticədə psixiatriya şöbəsinə yerləşdirilib.
“Heç kim mənə inanmırdı. Hamı dəli olduğumu düşünürdü”, - deyə o xatırlayıb.
Onun həyatında dönüş nöqtəsi xristian könüllülərin xəstəxanaya gəlişi olub. Könüllülər onunla söhbət edib, birlikdə dua ediblər və inancın ona yenidən yaşamaq gücü verdiyini bildiriblər.
Bu gün Rosas narkotik asılılığından qurtulmağa çalışan insanlara kömək edir. Özü isə 11 ildir ayıq həyat sürür.
El-Bronksun yeraltı tunellərində nə gizlənirdi?
Rosasın qaçmasından bir müddət sonra El-Bronks ərazisində genişmiqyaslı əməliyyat keçirilib. 2016-cı ildə 2500-dən çox polis və hərbçinin iştirak etdiyi əməliyyat zamanı ərazidən mindən çox evsiz və narkotik asılılığı olan şəxs çıxarılıb, təxminən 130 azyaşlı azad edilib. Onların bir qisminin cinsi istismara məruz qaldığı ehtimal olunub.
Hüquq-mühafizə orqanları onlarla şübhəlini saxlayıb, külli miqdarda kokain, marixuana və krek müsadirə ediblər. Əməliyyat zamanı ələ keçirilən binalardan birinin altında təxminən 100 metr uzunluğunda gizli tunel də aşkarlanıb. Polis cinayətkarların bu tuneldən narkotik, silah və oğurlanmış insanları daşımaq üçün istifadə etdiyini bildirib.
El-Bronksda kannibalizm və satanist ayinlər barədə məlumatlar uzun müddət şəhər əfsanəsi kimi qəbul edilib. Lakin bu ilin əvvəlində məhkəmə polisinin keçmiş rəhbəri Xuliana Kintana həmin ərazidə öldürülən insanların cəsədlərindən cinayətkar qruplaşmaların istifadə etmiş ola biləcəyini deyib. Onun sözlərinə görə, qurbanların cəsədləri evsizləri qidalandırmaq və kannibalizmə meyilli xariciləri cəlb etmək məqsədilə istifadə edilmiş ola bilər.
Qeyd edək ki, Oskar Rosasın danışdıqları onun şəxsi iddialarıdır. Bu hadisələrin bütün təfərrüatlarının müstəqil şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi









































