İqtisadi gündəm
“Anbarda saxlanılan sərmayə” funksiyası zəifləyir: Dolların “şah dövrü” bitir?
Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib.
Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə - 18 milyon dollara enib. Bundan əlavə, Neft Fondunun transfertlərinin bir hissəsinin dollar şəklində Maliyyə Nazirliyinə təklif edilməsi və tələb yarandıqda bazara çıxarılmağa hazır olması valyuta təklifinin kifayət qədər olduğunu göstərir. Bu statistika bir neçə mühüm sual doğurur: Əhalinin dollara marağı niyə zəifləyib? Təklifin tələbi üstələməsi müvəqqətidir, yoxsa uzunmüddətli meyldir?
“Dollar ehtiyat vasitəsinə çevrilir”
Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun fikrincə, dollar funksiyasını dəyişir: “Azərbaycanda dolların “şah dövrü”nün başa çatdığı barədə fikirlər daha çox səslənir. Əgər qorxu ilə alınan, psixoloji sığınacaq funksiyası daşıyan valyuta nəzərdə tutulursa, həqiqətən də həmin mərhələ arxada qalır. Lakin bu, dolların iqtisadiyyatdan çıxması anlamına gəlmir. Sadəcə, onun funksiyası dəyişir: dollar investisiya və qorxu alətindən rasional ödəniş və ehtiyat vasitəsinə çevrilir. Bu dəyişiklik iqtisadi zəifliyin deyil, makroiqtisadi yetkinliyin göstəricisi kimi qiymətləndirilə bilər”.
İ.Məmmədovun fikrincə, əhalinin dollara marağının azalmasında əsas amillərdən biri real faiz fərqidir: “Manat depozitləri illik 10-12 faizədək gəlir təklif etdiyi halda, dollarla qorunan əmanətlərin gəlirliliyi təxminən 2-2,5 faiz civarındadır. Fisher effektinə görə, kapital real gəlir gətirən aktivə yönəlir. Bu şəraitdə dollar saxlamaq daha aşağı gəlir deməkdir. Nəticədə əhali üçün “dollar qazandırmır” reallığı formalaşıb. Digər mühüm faktor məzənnə sabitliyidir. 2017-ci ildən bəri manat-dollar məzənnəsinin faktiki dəyişməməsi devalvasiya gözləntilərini zəiflədib. Uzunmüddətli sabitlik fonunda əhali artıq valyutanı qorxu motivi ilə almır. Valyuta bazarında təklifin tələbi üstələməsi də bu dinamikanın davamıdır. Neft gəlirlərinin bazara planlı şəkildə çıxarılması, xarici ticarət balansında müsbət saldo və bank sistemində yüksək manat likvidliyi bazarda dollar bolluğu yaradır”.
“Əhali artıq iqtisadi hesabla qərar verir”
Ekspert bildirdi ki, manat gündəlik iqtisadi dövriyyədə dominant valyutaya çevrilib: “Vergilər, kreditlər, ödənişlər və daxili alqı-satqılar manatladır. Dollar artıq iqtisadiyyatın aktiv dövriyyə vasitəsi deyil, daha çox xarici əməliyyatlarda istifadə olunan alətə çevrilib. Bu da dolların “anbarda saxlanılan sərmayə” funksiyasını zəiflədir. Cari əməliyyatlar balansının müsbət olması, fiskal qaydaların işləməsi və dollarlaşma səviyyəsinin azalması prosesin təsadüfi deyil, struktur xarakter daşıdığını göstərir”.
Artıq manat dəyər saxlayan vasitə kimi qəbul edilir
İqtisadçı-ekspert Gündüz Camalzadənin fikrincə, Mərkəzi Bankın son açıqlaması valyuta bazarında davranış dəyişikliyinə işarə edir. Müşahidə olunan dinamikanın arxasında iqtisadiyyatdakı struktur dəyişikliklər dayanır. Son illər qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatın diversifikasiyası neft gəlirlərindən asılılığı nisbətən azaldıb. Qeyri-neft sahələrində istehsal və ixracın artması daha sabit valyuta axını formalaşdırır. Bu isə daxili bazarda dollar qıtlığı riskini minimuma endirir, manatın mövqeyini gücləndirir və əhalinin xarici valyutanı ehtiyat məqsədilə toplamaq motivini zəiflədir: “Dollar tələbinin azalmasının digər mühüm səbəbi makroiqtisadi sabitlikdir. İnflyasiyanın hədəf diapazonda saxlanılması və məzənnənin uzun müddətdir stabil qalması gözləntiləri dəyişib. Əhali artıq manatı qısamüddətli riskdən qorunma aləti kimi deyil, dəyər saxlayan vasitə kimi qəbul etməyə başlayır”.
“Pul siyasəti daha çevik aparılır”
G.Camalzadə bildirir ki, Mərkəzi Bankın yanaşmasına görə, məzənnə sabitliyi inflyasiyanın əsas lövbəridir: “Güclü xarici ehtiyatlar və cari əməliyyatlar hesabında gözlənilən profisit valyuta bazarında tarazlığı qoruyur. Təklifin tələbi üstələməsi devalvasiya təzyiqini azaldır və ehtiyatların artırılmasına imkan yaradır. Klassik iqtisadi modelə əsasən, valyuta bolluğu milli pul vahidinin möhkəmlənməsi və ya ən azı sabit qalması üçün zəmin formalaşdırır. Xarici ticarət balansının profisitli olması da mühüm faktordur. İxracın idxalı üstələməsi ölkəyə əlavə valyuta daxilolmaları yaradır və məzənnə üzərində spekulyativ təzyiqləri zəiflədir. Bu vəziyyət pul siyasətinin daha çevik aparılmasına imkan verir. Xarici şoklar baş vermədiyi təqdirdə, müşahidə olunan proses müvəqqəti epizod deyil, struktur meyl kimi dəyərləndirilə bilər”.
“Nağdsız dövriyyədə əsas valyuta manatdır”
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər manatla həm əmanətlərin, həm də alışların artması əhalinin dollara marağının azalması kimi şərh olunmamalıdır: “Bu proses daha çox son illər aparılan pul siyasəti və maliyyə tənzimləmələrinin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə nağdlaşmaya tətbiq edilən məhdudiyyətlər iri həcmdə vəsaitlərin nağdsız hesablarda saxlanmasına səbəb olub. Nağdsız dövriyyədə isə əsas valyuta manatdır. Ölkə daxilində bütün alqı-satqı əməliyyatlarının milli valyuta ilə aparılması da manata olan tələbi artıran əsas amillərdəndir. İnsanlar vəsaitlərini dollarla saxlasa belə, hər hansı əməliyyat zamanı həmin vəsaiti manata çevirməyə məcbur qalırlar. Bu isə dövriyyədə manat ehtiyacını yüksəldir”.
R.Atakişiyev bildirdi ki, bu baxımdan manatlaşma prosesi yalnız psixoloji və ya davranış dəyişiklikləri ilə izah olunmur, həm də institusional və əməliyyat mexanizmlərinin nəticəsidir: “Dollara tələbin azalması risk kimi qiymətləndirilmir. Əksinə, bu, milli valyutaya inamın formalaşmasının göstəricisi hesab olunur”. ("Kaspi" qəzeti)
-
Hadisə13:50Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
-
Hadisə13:42Tanınmış azərbaycanlı tiktoter həbs edildi
-
Hadisə13:25Xidməti vəzifəsi zamanı həlak olan FHN əməkdaşının vida mərasimi keçirilir - Foto
-
Hadisə13:20İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı
-
Sosial13:06Xalq artistinin oğluna vəzifə verildi
-
Nida Xəbər 12:47Prezidentdən Naxçıvanla bağlı sərəncam
-
Hadisə12:35Bu vəzifəli şəxsin həbs müddəti uzadıldı
-
Sosial12:14Kiçik flakonda böyük risk: Qramla satılan ətirlərin yaratdığı təhlükə





















.jpg)















