İrana hücum neft bazarını çalxaladı - Nə gözlənilir?
Bizi izləyin

İqtisadi gündəm

İrana hücum neft bazarını çalxaladı - Nə gözlənilir?

2026-cı ildə neft bazarlarında kəskin qiymət enmələri gözlənilmir. Bazarlarda tədarük bolluğu ilə bağlı proqnozlar olsa da, ekspertlər fiziki məhdudiyyətlər və geosiyasi riskləri nəzərə alaraq qiymətlərin aşağı düşmə ehtimalının olmayacağını bildirirlər. Xüsusilə Yaxın Şərqdə ABŞ və İsrailin hərbi əməliyyatları, Hörmüz və Bab əl-Məndəb boğazları, eləcə də Qırmızı dəniz üzərindən keçən neft daşımalarında yaratdığı risklər bazarları həyəcanlandırır. Bu amillər neft qiymətlərində sıçrayışlara səbəb olur.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev ötən ilin noyabr-dekabr aylarında 2026-cı ildə neft bazarlarında kəskin enmələrin olmayacağına dair proqnoz verdiyini bildirdi:

“Qlobal neft bazarları bir neçə illik fiziki məhdudiyyətlərlə idarə olunur. Tədarük zənciri pozulub, ixrac həcmləri neft emalı zavodlarına vaxtında çatdırılmır, zavodlarla satış bazarları arasında məsafə çoxdur və itkilər böyükdür. Buna görə də qiymətlərin aşağı düşmə ehtimalı olduqca azdır”.

Vəliyev qeyd etdi ki, ABŞ və Latın Amerikasında hasilatın artması İran və Rusiya neftini əvəz edə bilməz, çünki hər zavodun müəyyən neft markalarına tələbatı var. Onun fikrincə, yüngül ABŞ nefti ağır və orta ağır Rusiya və İran neftini əvəz edə bilməz.

Ekspert həmçinin geosiyasi risklərin bazara təsirini açıqlayıb:

“İrana qarşı hərbi əməliyyatlar Fars körfəzində vəziyyəti gərginləşdirib. Hörmüz boğazı üzərindən hər gün dünya bazarlarına 21.5 milyon barel neft və neft məhsulları ixrac olunur, bunlardan 13 milyon ton xam neftdir. Bab əl-Məndəb boğazından Qırmızı dənizə gündəlik 4.9 milyon barel, Süveyş kanalından Aralıq dənizinə isə 4.1 milyon barel neft ixrac olunur. Hərbi əməliyyatlar bu gəmilərin hərəkətinə birbaşa təsir göstərir. Eyni zamanda regiondakı emal gücləri də gündəlik xammal tələbatını ödəməkdə çətinliklərlə üzləşir”.

Onun sözlərinə görə, hazırda Asiya bazarlarında “Brent” markalı neft 78-82 dollar aralığında ticarət olunur: "Hərbi əməliyyatların davam etməsi fonunda qiymətlərin bir qədər yüksəlməsi mümkündür, lakin fiziki bazarlarda vəziyyət hələ də nəzarət altındadır. Dünyanın bir çox regionunda dizel yanacağı və aviakerasinin anbar həcmləri aşağı səviyyədədir".

Zəfər Vəliyev sonda onu da əlavə etdi ki, Azərbaycan nefti bazarlarda “Brent” markasına nisbətən mükafatla satılır: “Keçən il "AzeriLight" və BTC brend nefti hər bareldə "Brent" markasına nisbətən ortalama 2.4-2.5 dollar mükafatla satılıb, son satışlarda isə mükafat 1.4-1.5 dollar olub. Bu satış proqramının ilin sonuna qədər davam etməsi ehtimalı yüksəkdir".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm