İran ətrafında gərginlik və Azərbaycan bazarı: Hər şey bahalaşacaq? - Video
Bizi izləyin

İqtisadi gündəm

İran ətrafında gərginlik və Azərbaycan bazarı: Hər şey bahalaşacaq? - Video

Yaxın Şərqdə başlanan müharibə həm regiona, həm də qlobal iqtisadiyyata təsir göstərir. Artan gərginlik enerji, nəqliyyat və turizm sahələrinə də sirayət edir. Bu isə Azərbaycan üçün də müəyyən çağırışlar formalaşdırır. Mövcud vəziyyətin ölkəmizə mümkün təsirləri ilə bağlı iqtisadçı Rəşad Həsənov Publika.az-a açıqlama verib.

Müharibənin iqtisadi təsiri və qiymət artımı riski

Rəşad Həsənov bildirdi ki, müharibənin təsir dairəsi birbaşa olaraq prosesin nə qədər genişlənməsi və nə qədər davam etməsindən asılı olacaq:

“Əgər müharibə geniş coğrafiyanı əhatə edərsə, uzunmüddətli xarakter alarsa və qlobal miqyasda dərin izlər buraxarsa, bu zaman Azərbaycan iqtisadiyyatına təsirlər də daha ağır və çoxşaxəli olacaq”.

Ekspert qeyd etdi ki, hazırkı mərhələdə əsas risk istiqamətlərindən biri qiymət artımıdır. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında son illərdə daha çox idxal inflyasiyası müşahidə olunur və daxili istehsalın zəifliyi ölkəni xarici konyunktur dəyişikliklərinə qarşı həssas edir.

R.Həsənov vurğuladı ki, xarici bazarlarda baş verən ən kiçik dalğalanma belə daxili bazarda qiymət artımı təzyiqini gücləndirə bilər. Onun fikrincə, iqtisadiyyatın struktur problemləri bu təsirləri daha da dərinləşdirə bilər.

Turizm və nəqliyyat

İqtisadçının qənaətincə, artıq bəzi sahələrdə ilkin təsirlər hiss olunmaqdadır. Xüsusilə hava nəqliyyatı sahəsində dəyişikliklər baş verir və bir sıra istiqamətlər üzrə uçuşların təxirə salınması turizm sektoruna mənfi təsir göstərə bilər:

“Xüsusilə Körfəz bazarı Azərbaycan üçün əhəmiyyətli turizm istiqamətidir. Bu bazarda yaranacaq hər hansı məhdudiyyət sektorda əlavə təzyiq formalaşdıracaq”.

Enerji bazarları və neft qiymətləri

Ekspertin sözlərinə görə, müharibə fonunda enerji daşıyıcılarının, xüsusilə də neftin qiymətində artım meylləri güclənir. O bildirdi ki, artıq bəzi beynəlxalq maliyyə qurumları bir barel üçün 100 dollarlıq proqnozları gündəmə gətirirlər:

“Əgər Körfəz ölkələri birbaşa münaqişəyə cəlb olunarsa, kommunikasiya və nəqliyyat infrastrukturuna risklər artarsa, xüsusilə də neft infrastrukturuna zərbələr endirilərsə, bu halda qiymətlərdə kəskin sıçrayış qaçılmaz ola bilər”.

R.Həsənov qeyd etdi ki, neftin bahalaşması ilk baxışdan ixracatçı ölkə kimi Azərbaycan üçün müsbət təsir bağışlasa da, bu prosesin dolayı təsirləri daha mürəkkəbdir. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymət artımı istehsal və xidmət sahələrində maya dəyərini yüksəldir, nəticədə son istehlak qiymətləri artır.

“Bu isə ixrac xərclərinin artmasına və daxili bazarda inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olur”, - deyə ekspert əlavə etdi.

Monetar siyasət və sosial təsirlər

İqtisadçı vurğuladı ki, belə şəraitdə Azərbaycan hökuməti və Mərkəzi Bank antiinflyasiya tədbirlərinə üstünlük verə bilər. O bildirdi ki, monetar siyasətin daha sərt parametrlər üzərində qurulması ehtimalı yüksəkdir:

“Əgər proses bir neçə ay davam edərsə, uçot dərəcəsinin artırılması və likvidliyin məhdudlaşdırılması kimi addımlar qaçılmaz ola bilər”.

Bununla belə, ekspert qeyd etdi ki, sərt monetar siyasətin də öz mənfi tərəfləri var. Onun fikrincə, bu addımlar iqtisadi artım tempinin zəifləməsinə, məcmu tələbin azalmasına və məşğulluğun aşağı düşməsinə gətirib çıxara bilər:

“Beləliklə, bir tərəfdən qiymət artımı riski yüksəlir, digər tərəfdən iqtisadi artım zəifləyir. Bu isə staqnasiya - yəni iqtisadiyyatın durğunluğu risklərini artırır və sosial-iqtisadi təzyiqləri dərinləşdirə bilər”.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm