“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın TƏFƏRRÜATI

Abşeron rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən partlayışın detallatı məlum olub.

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digərləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

“Qafqazinfo”nun xəstəxanada olan əməkdaşının məlumatına görə, xəbəri eşidən hər kəs yaralılara baş çəkməyə gəlir.

Yaxınlarının sözlərinə görə, partlayışa səbəb evdən 40 metr aralıda yerləşən yeraltı qaz xəttindəki sızma olub:

"Şəbruz (Müşfiq Qurbanovun xanımı) səhər 6-da namaza duran vaxt işığı yandırıb və həmin an partlayış baş verib. Güclü partlayış 3 yaşlı Banıçiçəyi kənara atıb və valideynləri bir müddət qızı axtarıblar. Bu səbəbdən də ailə güclü yanıq xəsarəti alıb.

Şəbruz deyib ki, Banıçiçəyi tapmamış evdən çıxan deyil. Daha sonra Müşfiq Qurbanov qızını tapıb maşınla həkimə çatdırıb”.

Yaxınları daha sonra bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub:

"Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb".

Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb:

"Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu..."

***

Abşeron rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən partlayışın detallatı məlum olub.

Musavat.com-un əməkdaşı hadisənin baş verdiyi evə gedib və bəzi məsələləri dəqiqləşdirə bilib.
İkimərtəbəli fərdi yaşayış evi Müşfiq Qurbanova məxsusdur. O, Nəqliyyat Nazirliyində işləyir. Ev sahibinin həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. O, Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

Evin yaxınlığından yerin altı ilə qaz kəməri keçir. Kəmərdə sızma olub və bundan heç kim xəbər tutmayıb. Kəmərdən sızan qaz Müşfiq Qurbanovun evinin altına yığılıb. Ev sahibi bu gün səhər namaza oyanıb. O, evin işıqlarını yandıranda dəhşətli partlayış baş verib. Partlayış o qədər güclü olub ki, ikimərtəbəli evin damını yerindən qoparıb.

Hadisə nəticəsində ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Müşfiq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Respublika Yanıq Mərkəzindən Musavat.com-a verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır. Ailə başçısının bədəninin 70 faizdən çoxu, onun həyat yoldaşı və qızıının isə bədəninin 80 faizindən çoxu yanıb.

***

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (apa)

***

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm