İnsan sağlamlığı üçün təhlükəli olan ət aşkarlandı
Bizi izləyin

Hadisə

İnsan sağlamlığı üçün təhlükəli olan ət aşkarlandı

Üfunət iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.

Ağcabədi rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan qida üçün yararsız heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.

Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Yanvarın 30-da Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.

Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, s.aureus, s.typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilərək müvafiq tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm