Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"
Bizi izləyin

Hadisə

Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi keçirilib.

Publika,az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.

O bildirib ki, bankdan götürülən kredit pullar “Çudo Peçka” mağazalarının açılmasına və üzümçük sahəsinə xərclənib.

Daha sonra təqsirləndirilən şəxsin oğlu Anar Cəlilov dindirilib. O, ifadəsində işsiz olduğunu deyib: “2006-ci ildə “Standard Bank”dan kredit götürülüb və sonra ödənilib. Bankla münasibətlərimiz yaxşı olub. 2011-ci ildə şirkət bankın adına keçirilib. Mən şəxsən kredit götürmüşəm və həmin pulla maşın almışam. 2006-cı ildə "Standard Bank"a gəlib sənədlərə qol çəkmişəm. Amma bilmirəm hansı sənədlərə qol çəkmişəm. Həmin pulları da görməmişəm".

Cingiz Çəlilov qeyd edib ki, oğlu Anar Cəlilov bankda sadəcə sənədlərə qol çəkib: “Bu işləri Heydər Babayev və onun arvadı düzüb-qoşub. Səlim Kriman da onun tulası kimi pulları götürüb, bizi də bura salıb".

Anar Cəlilov söyləyib ki, bankdan 20 milyon manata yaxın kredit götürülüb və 15 milyon manatı isə geri qaytarılıb.

Prosesdə təqsirləndirilən şəxsin digər oğlu Teymur Cəlilov ifadə verib. Onun sözlərinə görə, 2006-ci ildən bankdan kredit götürülüb, şirkətin inkişafına xərclənib: “Həmin kreditləri də ödəyirdik. Adıma nə qədər kredit götürüldünü isə bilmirəm”.

Hakim Çingiz Cəlilovun digər oğlu Asim Cəlilovun da məhkəmədə şahid qismində ifadə verməli olduğunu deyib. Çingiz Cəlilov isə oğlunun bu cinayət işi ilə heç bir əlaqəsinin olmadığını, onun xaricdə olduğunu qeyd edib. Hakim isə ittiham aktında Asim Cəlilovun adının şahid qismində qeyd edildiyini söyləyib.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub. İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm