Ermənistanda nazir müavini işləmiş azərbaycanlı vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Ermənistanda nazir müavini işləmiş azərbaycanlı vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı tarixçi alim İsrafil Məmmədov vəfat edib.

Publika.az xəbər verir ki, 92 yaşlı alim Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya köçüb

İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Azərbaycan və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. Azərbaycanlıların yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

"Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın "Aləmlə üz-üzə", Y.Onelin "Qarağaclar altında məhəbbət", P.Pançevin "Əkizlər", Ə.Əbubəkrin "Şuburumda dava-dalaş", Q.Sundukyanın "Daha bir qurban" və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq, 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.

Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində 'Dövlət Mükafatı' laureatı verilib. Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə İsrafil Məmmədova Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm