Gəncədə dağıntılar altından 17 nəfər çıxarıldı - FHN (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Gəncədə dağıntılar altından 17 nəfər çıxarıldı - FHN (YENİLƏNDİ)

İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını oktyabrın 11-də gecə saat 02 radələrində raket atəşinə tutması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının dağıntıları altında qalan sakinlərin çıxarılması işləri davam etdirilir.

Saat 10:20 radələrində daha bir sakinin cəsədi dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

***

07:57

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm