Gənc ana və körpəsinin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: Qayınanasının gözləri qarşısında... - - VİDEO
Bizi izləyin

Hadisə

Gənc ana və körpəsinin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: Qayınanasının gözləri qarşısında... - - VİDEO

Video əlavə olunub.

xxx

Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən Niftəliyeva Aytən İlham qızının və 1 yaş yarımlıq qızı Niftəliyeva Tahirə Rəhman qızının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a açıqlamasında bildirdi ki, hadisə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində baş verib:

“Qohumların dediyinə görə, ailə münaqişəsi zəminində evdə mübahisə yaranıb. Qızın anası ilə də əlaqə saxlamışam, o, hadisə baş verən zaman orada olmayıb. Ana bildirdi ki, bizi qızımdan çox uzaq tuturdular, onunla ünsiyyət qura bilmirdik. Qadın dəfələrlə ailədə şiddətə məruz qalıb. Qız həyat yoldaşı, qayınana və qayınatası ilə birlikdə yaşayırmış. Hadisə baş verəndə də qayınanası yanlarında olub, onun gözləri önündə olub hər şey. Uşağın yerə düşmə səbəbi də odur ki, körpəni əlindən almaq istəyərkən o, yerə düşüb. Çünki qadına dəfələrlə deyiblər ki, sənin əlindən uşağı alıb, səni də hara lazımdır ora göndərəcəyik. Onun psixoloji və başqa problemlərinin olduğunu deyirmişlər. Çox güman ki, elə bu səbəbdən də qarşı tərəf uşağı dartanda yerə düşüb. Ardınca da qadın özünü atıb və səhərə yaxın dünyasını dəyişdi”.

Mərhumə Aytən Niftəliyevanın xalası saytımıza açıqlamasında qeyd etdi ki, o, həyat yoldaşı ilə sevib ailə qurub, ancaq sonradan ailədə problemlər başlayıb: “Ayrılmaq istəsə də, icazə vermirdilər, deyirdilər ki, uşağını əlindən alacağıq, hədə-qorxu gəlirdilər. Qarşı tərəf iddia edir ki, qız tərbiyəsiz olub, psixoloji problemləri var idi. Ancaq Aytənlə yoldaşı, qayınanası yola getmirdi, ona hər gün işgəncələr verirdilər. Bizə zəng etdilər ki, qızınız özünü atdı. Amma məlum oldu ki, intihar etməyib. Evdə münaqişə olub, Aytəni döyüblər, işgəncə verə-verə onu yuxarı - dama qaldırıb orada dalaşıblar. Münaqişədə övladını əlindən dartıb almaq istəyiblər, uşaq yerə düşüb. Qız əyiləndə əri onu itələyib, Aytən orada kömək istəyib. Ancaq heç kəs köməyə gəlməyib, özünü itirib və yerə düşüb”.

Niftəliyeva Aytən İlham qızının qohumu olduğunu qeyd edən Natəvan Şahbazova sosial şəbəkə hesabında hadisəyə bu cür münasibət bildirib: “Xanım qohumumdur. Əri və qayınanası tərəfindən öldürülüb. Gül kimi, ağıllı, tərbiyəli, sakit qızımıza üç ildə olmazın işgəncələrini edirdilər. Ailəsi dağılmasın deyə dözüb, amma bu, canilikdir. O körpənin qanı yerdə qalmamalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.

Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm