Vikinqlərin vikinqi – FOTO/VİDEO
Bizi izləyin

İdman

Vikinqlərin vikinqi – FOTO/VİDEO

Futbol milyonların sevimli oyunudur. Futbola nə üçün baxırıq? Bu suala müxtəlif cür cavab vermək olar. Ancaq bütün cavablar bir nöqtədə mütləq birləşməlidir. Bu nöqtə ya qol, ya futbolçu, ya da qələbə ola bilər. Bu hissləri bizə yaşadanlar isə futbolçulardır.

Futbol tarixinə adını qızıl hərflərlə yazdıran xeyli ulduzlar olub, var və olacaq da. Təəssüf doğuran məqam odur ki, futbolçu ömrü qısa olur. 15-20 il ərzində könüllərdə taxt quranlar birdən-birə gözdən itir. Hər dəfə futbola baxanda gözlərimiz onları axtarır. “Onlar indi haradadır” deyirik. Bu rubrikanın yaranma səbəbi də karyerasını başa vuran futbol əfsanələrini xatırlatmaqdır.

Bu gün İsveç futbolundan söz düşəndə dərhal Zlatan İbrahimoviç yada düşür. Bu da normaldır. İndi onun dövrüdür. Amma Zlatandan əvvəl başqa bir qoleador var idi ki, qapıçılar onun əlindən (oxu: ayağından) təngə gəlmişdi. Bəli, Henrik Larssonu nəzərdə tuturuq.

Karyerasına “Helsinqborq”da başlayan Henrik öz dövründə Messi və Ronaldo qədər qol vururdu. 1993-cü ildə “Feyenoord” 21 yaşlı istedadlı bombardiri transfer etdi. Burada iki dəfə Hollandiya kubokunu qazandı, üç dəfə yerli çempionatı mükafatla başa vurdu (2 gümüş, 1 bürünc).

90-cı illərin ikinci yarısında Şotlandiya futbolu yüksəlişdə olduğu üçün Larssonun “Seltik”ə keçidini zirvəyə doğru növbəti addım saymaq olardı. O, Qlazqoda oynadığı 7 il ərzində 241 qol vuraraq əfsanələşdi.

1999-cu il 22 oktyabr Henrikin yaddaşında dəhşətli gün kimi qalacaq. Avrokubok matçında “Lion”un oyunçusuyla təkbətək mübarizədə ayağı iki yerdən qırılan isveçli forvard kabus dolu anlar yaşadı. Belə zədələrdən sonra hər futbolçu özündə güc tapıb yaşıl meydanlara qayıda bilmir. Amma Larsson cəmi 8 aydan sonra əvvəlkindən də yaxşı formada qayıtdı. 2000-ci ilin Avropa çempionatında iştirak edən hücumçu hətta italyanlara qol da vurdu.

Zədə onun “Seltik”dəki məhsuldarlığına zərrə qədər təsir etmədi. Əksinə, Larsson daha çox qol vurmağa başladı. Zədədən qayıtdıqdan sonra oynadığı tam mövsümdə bütün turnirlərdə “Henke” rəqib qapıları 53 dəfə “atəşə tutdu” (növbəti mövsümlərdə 35, 44, 41 dəfə fərqləndi). Bu məhsuldarlığı “Barselona”nı 33 yaşlı bombardiri transfer etməkdən çəkindirmədi.

“Barsa”da işlər arzuolunan kimi getmədi. 2004-cü ilin noyabrında baş tutan “Real”la “El-Klassiko”da Larsson dizini zədələdi və mövsümün sonuna kimi sıradan çıxdı. Rəhbərlik gözlənilməz addım ataraq, onun birillik müqaviləsini daha bir il artırdı.

“Nou Kamp”ı alqışlarla tərk edən dahi qoleador karyerasının son hissəsini doğma “Helsinqborq”da keçirmək qərarına gəldir. Vətəninə qayıtdı. Amma Avropada hələ də ona ehtiyac duyan var idi. 2007-ci ilin yanvarında “Mançester Yunayted” gözlənilmədən Larssona təklif göndərdi. İki aylıq müqavilə bağlandı. Sonra yenidən İsveçə qayıdan veteran 2009-cu ildə butslarını həmişəlik mismardan asdı.

Larsson karyerasını başa vursa da, futboldan uzaqlaşmır. Hətta istirahət etməyə də imkan tapmır. Dərhal məşqçilik fəaliyyətinə başlayır. 2009-cu ilin dekabrında İsveçin 2-ci divizion komandası “Landskron”u qəbul edir. 3 il burada çalışsa da, klubu elitaya yüksəldə bilmir. Sonra 4-cü liqa komandası “Heqaborq”da baş məşqçinin köməkçisi olur. Onun 16 yaşlı oğlu da bu klubda oynayırdı. Tezliklə yüksək dəstənin debütantı “Falkenberq”dən təklif alan Larssonun budəfəki fəaliyyəti nisbətən uğurlu olur. Onun rəhbərliyi altında “Falkenberq” elitadakı yerini qoruyur və növbəti dayanacaq son illərdə ölkənin ən populyar klubuna çevrilən “Helsinqborq” olur.

Artıq İsveçdə mövsüm sona yaxınlaşır. Əfsanəvi bombardirin komandası isə turnir cədvəlinin ortalarında lövbər salıb. Ancaq buna görə çətin ki, kimsə Helsinqborqda heykəli ucaldılan Henrik Larssonun işinə etiraz etsin. Çünki, o, bir əfsanədir...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm