Olimpiya çempionlarının bədbəxt həyatı - Onları örnək almayın - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiya çempionlarının bədbəxt həyatı - Onları örnək almayın - FOTOLAR

Olimpiya çempionları adətən idmansevərlər üçün ideal, yol göstərən və həyatlarına təsir edən nümunə olur. Amma idmançı kimi həyatlarında heç də xoş olmayan hadisələrlə qarşılaşanlar da var. Bəzi idmançılar ya həyatlarının müəyyən dönəmlərində keçirdikləri depressiya üzündən ölümlə üzləşirlər, bəziləri də qadağan olunmuş maddələrin qurbanı olurlar. Təbii ki, bunlar arasında həbs həyatı yaşayanlar da var, həyatını başqa istiqamətə dəyişənlər də...

Publika.az bu dəfə məşhur olimpiya çempionlarının bədbəxtliklə sonlanan həyatları, örnək alınmayacaq qəribəlikləri ilə bağlı araşdırma edib.

1. 1976-cı ildə Monreal Olimpiadasında qızıl medal qazanan atlet Brus Cennerin həyatı doğrudan da qəribədir. Üç dəfə evlənən, 6 uşaq sahibi olan Brus sonradan cinsini dəyişərək qadın olub. O, keçən il hormonal müalicə almağa başlayıb. Nəhayət, bu yaxınlarda 65 yaşlı Brus adını dəyişərək Keytlin olub. Media onu qızlarına yeni rəqib də adlandırıb. Hazırda keçmiş idmançı iş qadını kimi məşhurlaşmaq yolundadır. Erməni porno ulduz Kim Kardaşyanın keçmiş ögey atası olub.

2. Ria Stalman 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarında atletikanın diskatma növündə qızıl medal qazanıb. Ancaq idmançı dopinqdən yararlandığını etiraf edib. Hazırda 64 yaşı olan hollandiyalı qadın idmançı karyerasının son 2,5 ilində daim anabolik steroidlər qəbul etdiyini söyləyib. O, karyerasını elə həmin olimpiadadan sonra 32 yaşında başa vurub.

3. Sidney Olimpiadasının (2000) qalibi, "Sürətli qız” ləqəbli atlet Suzi Favor Hamilton pis vərdişləri üzündən həyat qadını olub. Tanınmış amerikalı idmançı həyatından bəhs edən kitab da yazıb. Kitabda "Sürətli qız” əxlaqsız qadına çevrilməsində yalnız özünü günahkar saydığını bildirib.

Suzi Favor Hamilton kitabında bunları yazıb:

“İşimdə karyera qurmağa həm gücüm, həm də enerjim vardı. Lakin mən idmanı yox, əxlaqsızlığı seçdim. Qaçış zolaqlarında ən yaxşı olmaqdansa, yataqda ən yaxşı oldum. Mənim üçün cinsi əlaqə qaçmaqdan daha vacib oldu. İndi çox peşmanam, lakin artıq gecdir. Mən pulu və əxlaqsızlığı seçdim. Pərəstişkarlarımdan məni bağışlamalarını istəyirəm”.

Həyat qadınlığından can qurtaran 47 yaşlı keçmiş atlet, hazırda həyat yoldaşı və qızı ilə birlikdə Viskonsində yaşayır.

4. Rusiyanın qılıncoynatma üzrə ikiqat olimpiya çempionu 41 yaşlı Sergey Şarikov 2015-ci ildə yol qəzasında ölüb. Şarikov Rusiyanın qılıncoynatma üzrə əməkdar idman ustası olub. Rusiya yığmasında 1994-2004-cü illərdə çıxış edib. 1996-cı və 2000-ci illərdə olimpiya, dəfələrlə dünya və Avropa çempionu olub. O, Rusiya Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Federasiya prezidentinin müşaviri vəzifəsində çalışıb.

5. 3 qat olimpiya, 7 dəfə dünya və 6 dəfə Avropa çempionu türk idmançı Naim Süleymanoğlunun da idmandan sonrakı həyatı heç də nümunəvi olmayıb. Belə ki, dəfələrlə içki düşkünlüyü üzündən başı bəlalar çəkib. Hətta son durum onun həyatını riskə atmışdı. Belə ki, o, həddən artıq alkoqol qəbul etdiyi üçün bir müddət komaya düşmüşdü. Hətta iddialara görə, idmançı karyerasına davam etdiyi dövrlərdə qumar, gecə klubu problemləri ilə də gündəmə gəlib. Hazırda isə Naim sadə həyat tərzi sürür, içki düşkünlüyündən qurtulub.

6. 2004-cü ildə ağır atletika üzrə Olimpiya çempionu olmuş bolqar Milen Dobrev Plovdiv şəhərində evində ölmüş vəziyyətdə aşkar edildi. Olimpiya çempionunun meyitini onun valideynləri tapmışdı. Onun ölümünə infarkt səbəb olub.

7. Olimpiya çempionu Endryu Simpson bədbəxt bir hadisənin qurbanı olub. Belə ki, ABŞ-da baş verən hadisə nəticəsində yelkən idmanı üzrə britaniyalı olimpiya çempionu həyatla vidalaşıb. 36 yaşlı çempion qayığın çevrilməsi nəticəsində suya düşüb. Zərərçəkəni yalnız 10 dəqiqədən sonra sudan çıxarmaq mümkün olub. "Artemis Racing" komandasının üzvləri olimpiya çempionunu həyata qaytarmağın mümkün olmadığını bəyan ediblər. Böyük Britaniya imperiyası ordeninin kavaleri Simpson 2008-ci il Pekin Olimpiadasının qızıl medalına layiq görülüb. 2010-cu ildə Endryu dünya çempionu titulunu, 2012-ci il London Olimpiadasında isə gümüş medal qazanıb.

8. 2006-cı il olimpiadasının qızıl medalçısı, yeddiqat dünya çempionu və dünya kubokunun ikiqat sahibi, İsveçin məşhur qar xizəkçisi Anya Person həmcinsi ilə ailə qurub. O, dəbdə olan geyim butikinin sahibəsi 41 yaşlı Filipp Radinlə evlənib. İdmançı “həyat yoldaşı” ilə bir neçə il əvvəl "Sports Awards" mükafatlarının verilməsi üçün geyimi axtararkən "Umeo" butikində tanış olub. Dünya kuboku mərhələlərində hesabında 42 qələbə olan Anya Person karyerasını 2012-ci ildə başa vurub.

9. Boks üzrə superağır çəkidə (+91 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarını qızıl medalla başa vuran böyük britaniyalı Entoni Coşuanın narkotik maddə ticarəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduğu üzə çıxıb. O, həşişi qanunsuz saxlama və satışı ittihamı ilə tutulub. Gənc idmançını həbs cəzası gözləsə də, məhkəmə 1 il şərti həbs və 100 saat ictimai iş kəsib. Britaniyalı boksçu həbsdən sonra həyatında çox şeyin dəyişdiyini bildirib:

“Əvvəllər digər gənclər kimi idim. Mənim üçün geyinmək, habelə, döyüşmək və qızlar vacib idi. O qədər də yaxşı olmayan insanlar sırasına aid idim. Lakin həbsim çox şeyi dəyişdi. Həbs məni böyüməyə və öz səlahiyyətlərimə diqqətlə yanaşmağa vadar etdi”.

10. 1992-ci ildə 82 kq çəki dərəcəsində Barselona olimpiadasının qalibi, yunan-Roma güləşçisi Peter Farkaş da həbs edilib. Macar idmançı narkotik maddələrin istehsalında və satışında təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, olimpiya çempionu ömrünün beş ilini dəmir barmaqlılar arxasında keçirib. Farkaş ilk dəfə polis orqanları tərəfindən 2004-cü ildə saxlanılıb. Araşdırmalar nəticəsində onun böyük miqdarda narkotik maddələr saxladığı və yaydığı təsdiqlənib.

11. 2000-ci il Sidney Olimpiya Oyunlarında ağır atletikada qızıl medal qazanmış Soraya Ximenez 35 yaşında həyata gözlərini yumdu. Meksikalı xanım olimpiya çempionu, keçmiş ağır atlet keçirdiyi infarkt səbəbiylə dünyasını dəyişib. Qeyd edək ki, o səhhətində baş verən bir sıra narahatlıq səbəbindən ağır atletikanı erkən tərk etməli olmuşdu. Bundan sonra Ximenez özəl telekanalların birində idman müxbiri kimi çalışırdı.

12. İkiqat olimpiya çempionu norveçli xizəkçi Petter Nortuq 50 gün həbs cəzasına və 185 min kron cəriməyə məruz qalıb. Səbəb çempionun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub. O, bununla da yetinməyib. Nortuq öz maşını ilə Tronheymdə yol qəzası törətdikdən sonra hadisə yerindən qaçıb. Qəzada xəsarət alan olmayıb. Olimpiya çempionu ertəsi gün polis bölməsinə gələrək, günahını etiraf edib. Məhkəmədə prokuror onun 60 gün azadlıqdan məhrum edilməsini istəyib. Lakin hakim cəzanı yüngülləşdirib. Nortuqun nə vaxt həbsdə yatacağı bilinmir.

13. Bəhreyn Yüngül Atletika Federasiyası yüngül atlet Rəşid Rəmzini 2010-cu ildə iki il müddətinə diskvalifikasiya edib. Pekin Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanmış atlet istifadəsi qadağan olunmuş preparat qəbul etməkdə şübhəli bilinib.

Buna görə də o, 2012-ci ildə keçirilən London Olimpiya oyunlarında iştirak edə bilməyib.

14. Velosiped idmanının ən tanınmış üzvlərindən olan, 2000-ci ildə keçirilən olimpiya oyunlarının bürünc mükafatçısı Lens Armstronqun karyerası dopinq üzündən pis nəticələnib. O, bu səbəbdən Tur de Frans yarışlarında əldə etdiyi 7 tituldan məhrum edilib. Belə ki, 2005-ci ildə karyerasını bitirdikdən sonra dopinq qəbul etməsi ilə bağlı söz-söhbət yayılmışdı. Ancaq Armstronq bu söz-söhbəti qəti şəkildə təkzib etmiş və 2006-cı ilin iyununda dopinq-testdən təmiz çıxmışdı. Lakin illər sonra - 2012-ci ildə Beynəlxalq Velosipedçilər İttifaqı (BVİ) ABŞ-ın Anti-Dopinq Alyansının Lens Armstronqa verdiyi ağır cəzanı təsdiqləyib. Amerikalı velosipedçi ona ünvanlanan dopinq ittihamlarına qarşı mübarizə aparmayacağını bildirmişdi. Bir ay davam edən müzakirələrdən sonra BVİ-nin cəzanı təsdiq etməsiylə Armstronqun cəzası rəsmiləşib. Armstronqun 7 dəfə qazandığı Fransa Velosiped Turu, karyerası boyunca əldə etdiyi qələbələr əlindən alınıb, ona həmçinin ömürlük idman yarışlarına qatılmamaq cəzası verilib. Beləliklə, dünyanın ən əfsanəvi idmançılarından sayılan Lens Armstronq idman tarixindən silinib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm