Bu gecə bütün Avropa “Canavarlar”dan danışacaq
Bizi izləyin

İdman

Bu gecə bütün Avropa “Canavarlar”dan danışacaq

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, əsas diqqətlər İtaliya paytaxtında "Roma" ilə "Real"ın oyununa yönələcək. Bu matça hər iki komanda mövsümün ilk yarısı ilə müqayisədə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Zinəddin Zidan Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. O, əvvəllər futbolçu kimi şərəfini qoruduğu "Kral klubu"nun sükanı arxasında olacaq. Luçano Spaletti isə bir neçə ildən sonra yenidən "Canavarlar"ı vacib oyuna çıxaracaq.

"Roma" son 13 matçda bütün cəbhələrdə yalnız bir dəfə uduzub. "Real" isə son 8 iki oyunluq qarşıdurmalarda İtaliya təmsilçilərinə yenilib.

“Canavarlar”ın heyətində yeganə ciddi problem Daniele de Rossi ilə bağlıdır. Bir müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçinin “Real”la görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil. Amma “Real”ın heyətlə bağlı narahatlığı daha çoxdur. “Kral klubu”nun 3 aparıcı oyunçusu Pepe, Marselo və Qaret Beyl zədədən əziyyət çəkirlər. Zidan hər 3 futbolçunun xidmətindən məhrum olacaq. Romalıların əsas üstünlüyü də məhz bu olacaq. Onlar madridlilərin müdafiə xəttindəki problemdən yararlanmağa çalışacaqlar.

Digər qarşılaşma isə Belçikada "Gent"lə "Canavarlar" ləqəbli daha bir komanda - Almaniya "Volfsburq"u arasında olacaq. Hər iki komanda Çempionlar Liqasının "pley-off" mərhələsində debüt edəcək. "Gent" son 7 ev oyunundan qalib ayrılıb. Əvəzində "Volfsburq" qrup mərhələsi başa çatdıqdan sonra cəmi 1 dəfə qələbəyə sevinib. Komandanın ən yaxşı futbolçularından sayılan Naldo ilk oyunu cəza üzündən buraxmalı olacaq. Üstəlik, əsas qapıçı Dieqo Benalyonun zədəli olması səbəbindən Kun Kasteels Çempionlar Liqasında debüt etməyə hazırlaşır.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

17 fevral

23:45 Roma (İtaliya) - Real (İspaniya)

Baş hakim: Pavel Kraloveç (Çexiya)

Roma. "Olimpiko" stadionu

23:45 Gent (Belçika) - Volfsburq (Almaniya)

Baş hakim: Sven Oddvar Moen (Norveç)

Gent. “KAA Gent” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm