İnsan zehninin gimnastika zalı – ŞAHMAT GÜNÜNÜZ MÜBARƏK!
Bizi izləyin

İdman

İnsan zehninin gimnastika zalı – ŞAHMAT GÜNÜNÜZ MÜBARƏK!

Bu gün demokratik prinsiplər əsasında təməli qoyulan Beynəlxalq Şahmat Federasiyasının yaranma günüdür. 1924-cü il iyulun 20-də Parisdə fəaliyyətə başlayan FİDE-nin 92 yaşı tamam olur. Bu üzdən federasiyanın təsis edildiyi 20 iyul dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Mənzil-qərargahı Afinada yerləşən FİDE milli şahmat federasiyalarını birləşdirir və dünya şahmatçılarına rəhbərlik edir. Hazırda quruma Kirsan İlyumjinov rəhbərlik edir.

Şahmat intellektual oyun olduğu üçün hər adamın bacaracağı iş deyil. İndiyədək şahmat haqqında oxuduğum iki aforizm çox xoşuma gəlib. Həqiqətən də adamı düşündürür. Fransız yazıçısı Pyer Mak Orlan deyib ki, şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. Başqa bir fransız – filosof Paskal isə şahmat taxtasını insan zehninin gimnastika zalı kimi təsəvvür edib. Həqiqətən də şahmat oynamaq beynin aktivliyini artırır.

Şahmatın uzun və çox maraqlı bir tarixi var. Deyilənə görə, bu oyun Hindistanda yaranıb, qərbə isə yalnız 9-cu əsrdə gəlib çıxıb. Təbii ki, şahmat oyunu əsrlərdən bəri müxtəlif dəyişikliklərə məruz qalıb və bügünkü tanıdığımız vəziyyətə düşüb. Məsələn, piyadaların başlanğıc mövqeyindən 2 dama gedişi 1280-ci ildə İspaniyada tətbiq olunmuşdu. İndi piyadanı ata, filə, topa və vəzirə çevirmək olar. Əvvəllər isə bu mümkün deyildi. “Taxta”da əsas fiqurlardan sayılan vəzirin də “başına çox iş gəlib”. Əvvəl o, diaqonal üzrə yalnız 2 dama gedə bilirdi, sonra isə fil kimi getməyə başladı. İndi isə bütün istiqamətlərdə (diaqonal, üfüqi, şaquli) ona “yaşıl işıqdır”.

Şahmatda 3 gedişdən sonra hər tərəfin 9 milyon növbəti gediş variantları olur. Orlan şahmat taxtasında dənizlərdən daha çox macəra var deyəndə yəqin ki, bunu nəzərdə tutubmuş. Ona görə eyni mövqelərdən çəkinmək lazım deyil, oyun zamanı daim düşünmək lazımdır. Başlanğıc nəzəriyyəsi şahmatda sonsuz imkanlarla birgə gedir. Partiyanı açan gediş seriyasını başlanğıc adlandırırlar. 1000-dən çox müxtəlif başlanğıc mövcuddur.

Texnologiyanın inkişaf etdiyi 21-ci əsrdə internet vasitəsi ilə və ya komputerlə şahmat oynayanların sayı yetərincədir. Bütün dünyada məşhur olan şahmat üzrə dünya çempionu Harri Kasparov 1997-ci ildə kompüterə 6 partiya uduzmuşdu. Dələduzluq haqqında şayiələrə baxmayaraq, bu hadisə bütün şahmat cəmiyyəti üçün şok olmuşdu. 2006-cı ildə dünya çempionu Vladimir Kramnik də kompüterə uduzmuşdu. Bu kompüter şahmatlarının nə qədər güclü olduğunu göstərir. Bügünkü gündə bu proqramlardan təkmilləşmək istəyən bütün şahmat oyunçuları istifadə edə bilərlər. Adətən bu proqramlar qrossmeyster dərəcəsinə sahib olurlar.

Psixoloqlar şahmatı insan yaddaşının gücləndirilməsinin ən məhsuldar üsulu hesab edirlər. Təsadüfi deyil ki, məhz şahmatın cavan orqanizmlərə təsirini nəzərə alaraq məktəblərdə həmişə şahmat dərnəkləri olub.

Şahmatı gözübağlı oynayanlar da olub. Gözübağlı oynamaq qeyri-adi bir istedaddır və bu istedada yalnız təcrübəli oyunçular malikdirlər. Təbii ki, bu, oyunçunun öz beynində özünə oyun lövhəsini təsəvvür etməsini tələb edir. 1960-cı ildə macar Yanuş Feş rekorda imza ataraq, eyni zamanda 52 rəqibə qarşı 31 partiya oynamışdı.

Ümumiyyətlə, şahmat idman növləri arasında ən sakit və qalmaqalsız sayılır. Elə bu gün yaranmasının 92 illiyini qeyd edən FİDE-nin də əsas şüarı belədir: “Biz hamımız bir ailəyik”. Qurumun tarixi ərzində cəmi 6 prezidenti olub. Bəlkə də idman aləmində ən az prezident dəyişən federasiyalardan biridir. FİDE-nin ilk rəhbəri Aleksandr Ryub olub. Qurumun yaradıcılarından olan hollandiyalı şahmatçı 25 il federasiyaya rəhbərlik edib. Fəaliyyətini başa vurandan sonra – 1949-cu ildən bəri FİDE-nin fəxri prezidentidir.

FİDE tarixində ən qısamüddətli prezident islandiyalı Fridrik Olafsson (1978-1982) olub. Hazırki prezident Kirsan İlyumjinov isə 1995-ci ildən - 21 ildir Beynəlxalq Şahmat Federasiyasına rəhbərlik edir. O, 2010-cu il sentyabrın 29-da yenidən bu posta seçilib. Qurumda 6 vitse-prezident var. Onlardan biri 1-ci vitse prezidentdir. Qalanları isə Asiyanı, Afrikanı, Avropanı, Şimali və Cənubi Amerikanı təmsil edir.

Bizdə də şahmata böyük maraq olub və var. Azərbaycanda intellektual idman növü kimi tarixən geniş yayılan şahmata ötən əsrin 70-ci illərindən etibarən xüsusi diqqət göstərilmiş, ölkəmiz müstəqilliyə nail olduqdan sonra isə bu sahə dövlət səviyyəsində daha da inkişaf etdirilməyə başlamışdır. Aparılan məqsədyönlü işlər nəticəsində respublikanı dünya miqyasında uğurla təmsil edən çox sayda beynəlxalq qrossmeyster və FİDE ustası yetişib. Bunlardan Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Qədir Hüseynov, Sərxan Quliyev, Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və başqalarının adlarını çəkə bilərik. Qrossmeysterlərimizin beynəlxalq miqyaslı yarışlarda və ümumdünya şahmat olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlər Azərbaycanı layiqincə tanıdaraq, ona beynəlxalq şahmat aləmində böyük etimad qazandırıb. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirinin Bakıda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.

Ötən il Dünya Kubokunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu hər kəs gördü. Bu il isə bizi qarşıda daha böyük yarış gözləyir. 2012-ci il sentyabrın 8-də Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsinə qərar verildi. Bu il sentyabrın 1-14-də Bakı dünyanın ən məşhur idman tədbirlərindən birinə - 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 170 ölkədən 3 mindən çox idmançının iştirak edəcəyi bu yarış təşkilatçıların da bildirdiyi kimi, tarixin ən yaxşı olimpiadası olmağa namizəddir. Füsunkar “Baku Crystal Hall” tədbirin keçiriləcəyi məkan kimi seçilib və ekspertlərin yoxlama nəzarətindən də uğurla keçib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm