"Qəbələ"nin baş məşqçisi: "Məncə belə problemimiz olmayacaq"
Bizi izləyin

İdman

"Qəbələ"nin baş məşqçisi: "Məncə belə problemimiz olmayacaq"

"Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Luksemburqun "Proqres" klubu ilə oyundan öncə mətbuat konfransı keçirib.

38 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzü necə hiss edirsiniz?

- Yenidən avrokubok ab-havasını yaşamaq çox sevindiricidir. Komandada ab-hava yaxşıdır. Yenidən burda olmaq, ab-havanı yaşamaq xoşdur. Başqa bir həyacandır. Məqsədimizə çatmağa bir gün qaldı.

- Cavid Hüseynov sabahkı oyunda iştirak etməyəcək. Bu komandaya necə təsir göstərə bilər?

- Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudur. Təlim-məşq toplanışına ilk gündən onsuz başladıq. Komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.

- Yeni transferlər komandaya uyğunlaşıb?

- Digərlərinə nisbətən Lilay komandaya tez qoşulub. Digərləri Sloveniyada bizə qoşuldu. Futbolçuların dediyinə görə, komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər. Bu ab-havaya görə bir addım irəlidəyik.

- Klub olaraq ilk oyundakı hədəfiniz nədir?

- "Qəbələ” olaraq hər oyunda hədəfimiz qələbədir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdü. Oyuna qələbə üçün çıxacağıq.

- Rəqibin üstün və zəif cəhətlərini analiz etmisinizmi?

- Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadı. Bu onların uğurudur. Biz də buna uyğun işlərimizi qurmuşuq. Hücumlara yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticxə qazanırlar. Futbolçular haqqında məlumatımız var.

- Oyun fəlsəfəniz necədir?

- "Qəbələ” iddialı klubdu, çalışacağıq ki bu iddiamızı qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynayaq. Hər gün bu barədə çalışırıq.

- Yoldaşlıq oyunları göstərdiki son nöqtəni qoymaqda komandanız çətinlik çəkirdi...

- Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Məncə belə problemimiz olmayacaq.

Qeyd edək ki, “Qəbələ” və “Proqres” arasında ilk oyun iyulun 12-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq (Report.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm