Məşhur futbolçu Bakıdakı mənzil fırıldaqçılarının qurbanı olub
Bizi izləyin

İdman

Məşhur futbolçu Bakıdakı mənzil fırıldaqçılarının qurbanı olub

Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib. Məhkəmə prosesində məlum olub ki, zərərçəkmişlər arasında tanınmış futbolçulardan Rahid Əmirquliyev də var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

İlk zərərçəkmiş kimi dindirilən şəxs “Qarabağ”ın tanınmış sabiq futbolçusu, hazırda “Səbail” klubunda forma geyinən Rahid Əmirquliyev olub. Onun aldığı iki mənzilin başqa şəxslərə satıldığı üzə çıxıb.

R.Əmirquliyev ifadəsində göstərib ki, mənzil almaq üçün bir neçə tikinti şirkəti ilə maraqlanıb. Yasamalda tikilən binadakı mənzillərlə maraqlandığını deyən Əmirquliyev “Bakı” MTK-nın elanları ilə rastlaşdıqdan sonra oradan mənzil almağı qərarlaşdırdığını deyib.

“Həmin MTK-ya getdim. Mənzillərə özüm baxdım. Evləri MTK-nın rəhbəri Emil Məhərrəmovdan almışam. Pulu da ona vermişəm. İndi də ondan şikayətçiyəm” - deyə Əmirquliyev bildirib.

Amma dövlət ittihamçısı xatırladıb ki, Əmirquliyev istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində evləri alarkən Eynur Xudiyevlə tanış olduğunu, mənzillərə onunla baxdığını, onun vasitəsi ilə pulu verdiyini deyib.

Bu xatırlatmadan sonra Rahid Əmirquliyev bildirib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Amma o, istintaqda dediklərini də təsdiq edib.

R.Əmirquliyev ifadəsinin davamında qeyd edib ki, iki mənzil də hazır olub: “Mənzillərdə kirayşinlər var idi. Mən də evi kirayəyə verəcəkdim. Ona görə də dedim ki, kirayədə yaşayanları çıxarmasınlar. İki mənzilin də pulunu tam olaraq ödədim. Sonradan məlum oldu ki, evin bir neçə sahibi var. Evi 550 manata kirayəyə vermişdim. Eynur 3 ay mənə 550 manatdan kirayə pulu vermişdi”.

Futbolçunun ifadəsindən məlum olub ki, hazırda həmin mənzillərdə ayrı şəxslər yaşayır. Ona dəymiş ümumi zərər 150 min manatdan çoxdur.

Məhkəmədə daha bir neçə nəfər zərərçəkmiş ifadə verib. Zərərçəkmiş Mətanət Həmidova dindirilən zaman göz yaşlarını saxlaya bilməyib. Söyləyib ki, bu mənzil hadisəsindən sonra övladının nişanı qaytarılıb. 103 min manat pul verdiklərini və aldadıqlarını deyən Mətanət Həmidova çarəsiz durumda olduqlarını söyləyib: “Mən ev almaqdan qorxurdum. Yeni tikilənlərdən almadıq ki, bizi aldadarlar. Bu ev hazır idi, hətta kirayəşini var idi. Dedik ki, toya qədər təmir edəcəyik. Elə o vaxta qədər də kirayəyə verək. Aylıq 700 manat ödəməli idilər. Sonra məlum oldu ki, ev başqa şəxslərə də satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin”.

Eynur Xudiyev suallara cavabında Mətanət Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalandan mənzilin öz adına olduğunu deyərək onu yenidən Mətanət Həmidovaya satıb. Amma Eynur Xudiyev deyib ki, bu işlərin başında Emil Məhərrəmov dursa da o, məsuliyyətə cəlb edilməyib.

Xatırladaq ki, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. İttiham akıtına əsasən, “Bakı” MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm