"Sabah"dan inamlı qələbə
Bizi izləyin

İdman

"Sabah"dan inamlı qələbə

Fevralın 2-də Azərbaycan Premyer Liqasının XV turuna start verilib.

Publika.az xəbər verir ki, turun açılış görüşündə “Zirə” debütant “Sabah” komandasını qəbul edib. İlk dəqiqələrdən hər iki komanda bir-birinin qapısı qarşında təhlükəli vəziyyətlər yaradıb. Matçın 25-ci dəqiqəsində “Sabah” komandasının futbolçusu Məqsəd İsayev qayda pozuntusuna görə, hakim tərəfindən meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 48-ci dəqiqəsində baş hakim Rauf Cabbarov zirəlilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Marko Deviç fürsəti əldən verməyib – 0:1. Bu futbolçunun cari mövsümdə vurduğu 8-ci qolu olub və bombardirlər siyahısında liderliyə yüksəlib. Matçın 62-ci dəqiqəsində Rauf Cabbarov yenidən qırmızı vərəqə üçün əlin cibinə atıb. Bu dəfə referi “Zirə” klubunun yarımmüdafiəçisi Vüqar Mustafayevi meydandan qovub. Oyunun 68-ci dəqiqəsində “Sabah” hesab arasındakı fərqi iki topa çatdırıb. Marko Deviçin cinah ötürməsini Rəşad Eyyubov dəqiq zərbə ilə tamamlayıb – 0:2. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Bu qələbədən sonra “Sabah” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Zirə” isə 11 xalla sonuncu – səkkizinci yerdə qərarlaşıb.

Komandalar cari mövsümdə iki dəfə üz-üzə gəliblər. Elşad Əhmədovun yetirmələri əvvəlki iki görüşdə “Zirə”ni iki qolla məyus edə biliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm