"Qəbələ"nin taleyi necə olacaq? - Klub rəsmisi həyəcan təbili çaldı
Bizi izləyin

İdman

"Qəbələ"nin taleyi necə olacaq? - Klub rəsmisi həyəcan təbili çaldı

Azərbaycan Premyer Liqasında finişə 3 tur qalıb. Artıq iki mövqedə hansı komandaların qərarlaşacağı dəqiqləşib.

"Qarabağ" adəti üzrə çempionluğunu yenə erkən rəsmiləşdirib. Ağdam təmsilçisi bunu bu dəfə sonra 8 tur qalmış reallaşdırıb.

Çempionla yanaşı, Premyer Liqada sonuncu yeri tutacaq komandanın adına aydınlıq gəlib. Ötən mövsüm ölkə kubokunu qazanan və yayda Azərbaycanı avrokuboklarda təmsil edən "Qəbələ"nin 10-cu pillədə qərarlaşacağı 32-ci turda baş tutan "Kəpəz"lə oyundan sonra (0:1) dəqiqləşib.

Qəbələni eyni adla təmsil edən komanda haqqında yəqin ki, geniş məlumat verməyə ehtiyac yoxdur. Ölkə kubokunun 2 dəfə qalibi, 3 dəfə finalçısı, eyni zamanda Azərbaycan çempionatında 5 dəfə mükafatçılar sırasında yer alan (2 gümüş, 3 bürünc) "qırmızı-qaralar" 2 dəfə də Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Belə bir köklü klub Premyer Liqanın əsasnaməsinə uyğun olaraq yeni mövsümdən Birinci Liqada mübarizə aparmalıdr.

Premyer Liqa ilə Birinci Liqa arasında sözün hər mənasında yerlə göy qədər fərq var. Azərbaycan futbolunda daha əvvəl elitanı tərk edən klublarla bağlı xoş olmayan təcrübələr var. Futbol ictimaiyyəti "Qəbələ"nin də eyni aqibəti yaşayacağından narahatdır. Bu məqamı nəzərə alıb "qırmızı-qaralar"ın idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq.

Təcrübəli funksioner əvvəlcə "Qəbələ"nin taleyindən danışdı. O, çempionatın əsasnaməsinə uyğun olaraq elitanı tərk etmələri ilə barışdıqlarının bildirib. Səfiyarlıdan bundan sonrakı planlar və atılacaq addımları barədə məlumat aldıq:

"Turnir cədvəlində sonuncu yer rəsmiləşib. Əsasnaməyə görə Birinci Liqada çıxış etməliyik, bununla barışmışıq. Hazırlıqla bağlı tələsmirik. Çünki aşağı liqada yeni mövsüm gec, sentyabrda başlayır. Xeyli vaxt var hazırlaşmağa. Birinci Liqaya hazırlıq baxımından hələ bir iş görmürük".

"Qəbələ" rəsmisi hər kəsi maraqlandıran sualı da cavablandırdı. O, yerli və legioner futbolçuların gələcəyi barədə danışdı. Səbuhi bəy məşqçi heyəti ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Aydın məsələdir ki, Birinci Liqadakı büdcə Premyer Liqa ilə eyni olmayacaq. Buna görə də yüksək ödənişli legionerləri yola salmağa çalışacağıq. Hətta bəzilərinin müqavilələrində bənd var ki, sözləşmə ancaq klub Premyer Liqada oynadığı müddətdə qüvvədədir. Demək olar ki, legionerlərin hamısı gedəcək. Amma yerlilərdən komandada qalıb Birinci Liqada kömək etmək istəyənlər var. Məşqçi heyəti ilə bağlı qərar verməyə tələsmirik. Yeni mövsümə qədər vaxtımız çox olacaq".

"Qəbələ" ilə bağlı ən böyük narahatlıq akademiya və infrastrukturla bağlıdır. Azərbaycan futbolunda belə baza yoxdur və onun qorunması olduqca vacibdir. Eləcə də, akademiyanın fəaliyyətini davam etdirməsi həm "Qəbələ"yə, həm futbolumuza lazımdır. Bu sarıdan vəziyyət necə olacaq? Səbuhi Səfiyarlının hər kəsi maraqlındıran suala cavabı belə oldu:

"Birinci Liqaya düşməyimizin ən böyük zərəri infranstruktur və akademiyaya dəyə bilər. Çünki akademiyanın xərcləri aşağı divizionda oynayacaq kluba görə çoxdur. Ot örtüyü, meydançalar, infrastruktura da çox böyük büdcə lazımdır. Biz Birinci Liqada mübarizə aparsaq, əsas məqsəd bir il sonra Premyer Liqaya qayıtmaq olacaq. Belə olan halda yüksək infrastruktura sahib olmalıyıq. Bir ilə görə akademiyanı və belə şəraiti dağıtmaq istəmirik. Hazırda rəhbərlik bu məsələni həll etmək üçün yollar axtarır. Ən azından bir il hansısa yolla xərclər qarşılansın. Hələ ki, bu istiqamətdə danışıqlar gedir. Əsas məqsəd infrastruktur və akademiyanı qorumaqdır. Azərbaycan futbolu üçün və hazırda Premyer Liqada oynayan neçə-neçə futbolçu üçün bu infrastruktur və akademiya böyük rol oynayıb. Bu baxımdan vacibdir ki, bütün bunları qoruyub saxlayaq. Aydın məsələdir ki, bu, Birinci Liqada mübarizə aparacaq klubun büdcəsi üçün deyil. Mövcud infrastrukturu qorumaq və ən azından minimum zərərlə çıxmaq üçün rəhbərlik müəyyən variantlar haqda fikirləşir".

Bəli, "Qəbələ" elitanı tərk edəcək. Amma istənilən halda bu klubun yaşaması olduqca vacibdir. Ümumiyyətlə Azərbaycan futbolunda klub itiriləcək zaman deyil. İnfrastruktur və akademiya baxımıdan analoqu olmayan klubu itirmək isə futbolumuz adına daha bir ləkə ola bilər. Ona görə də, AFFA-nın infrastruktur və akademiyanı qoruması üçün "Qəbələ"yə dəstək olması vacibdir.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm