İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvaram ki, Estoniya ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir. Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər ən böyük dəyərdir, xüsusən də Ukraynada və Yaxın Şərqdə gedən müharibələrin bütün dünyaya dağıdıcı təsirini davam etdirdiyi və dünyada digər çoxsaylı böhranların yaşandığı bir vaxtda. Bu xüsusda ədalətli və davamlı sülhə doğru irəliləmək, eləcə də digər qlobal çağırışlarla mübarizə aparmaq üçün əməkdaşlığımız həmişəkindən daha vacibdir.

Hörmətli Prezident, xahiş edirəm, mənim ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin".

***

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməkdə sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək".

***

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram".

***

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin 106-cı ildönümü münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir.

Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

***

Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi öz adımdan, həmçinin Slovakiya Respublikasının vətəndaşları adından təbrik edirəm.

Bu yaxınlarda ölkənizə rəsmi səfərim zamanı səmimi qəbula və səmərəli müzakirələrimizə görə Sizə təşəkkür edirəm. Birgə səylərimizin əməkdaşlığımızın daha da dərinləşməsinə və yeni sahələrdə genişlənməsinə töhfə verməsi məni ürəkdən sevindirir. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və xalqlarımıza rifah gətirəcəkdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək bu yaxınlarda mənə qarşı törədilmiş sui-qəsdlə əlaqədar dəstəyinizə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Mən yalnız Azərbaycan Respublikasının ən yüksək səviyyəli nümayəndələrinə deyil, həmçinin mənə və bütün Slovakiya xalqına həmrəylik ifadə edən Azərbaycan vətəndaşlarına ürəkdən təşəkkür edirəm.

İnanıram ki, səhhətim Sizi Slovakiyada şəxsən qarşılamağa imkan verəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü münasibətilə Polşa Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə, eləcə də bütün Azərbaycan vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinə, eləcə də ümumi qəhrəmanlarımızın - general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə istinad edərək Sizi əmin etmək istərdim ki, Polşa həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatların forumlarında, həm də Avropa İttifaqı çərçivəsində qardaş xalqlarımız üçün faydalı əməkdaşlığın bütün sahələrini əhatə edən əlaqələrimizin daha da inkişafına daim sadiqdir.

Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır".

***

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.

Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram".

***

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident.

İcazə verin, Sizə Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Mən şadam ki, son illər ölkələrimiz arasında qarşılıqlı hörmət və minnətdarlığa əsaslanan çoxşaxəli əməkdaşlıq inkişaf edib. Macarıstan Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız çox gözəl əsas yaradır.

Sizi əmin edə bilərəm ki, mən çoxşaxəli siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə sədiqəm. Ümid edirəm ki, gələcəkdə bizim ümumi məsələlərlə bağlı şəxsən fikir mübadiləsi aparmaq imkanımız olacaq.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq dalğalanacağına inamım qətidir.

Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".

***

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqillik Günü Azərbaycan vətəndaşları üçün mühüm bayramdır və onların Vətənin suverenliyi uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün böyük əhəmiyyətini əks etdirir. Bu günü 1918-ci il hadisələrindən ayıran zaman kəsiyinə baxmayaraq, Azərbaycan vətəndaşları bir əsrdən çox əvvəl öz əcdadlarının yeni qurduqları müstəqil dövlət ideallarına və prinsiplərinə eyni hörmətlə yanaşırlar.

Azərbaycan xalqının milli qüruru, vətənpərvərliyi və öz gücünə sonsuz inamı ölkə rəhbərliyinin müdrik siyasəti ilə birlikdə respublikaya iqtisadi və sosial sahələrdə uğurlar qazanmağa, ölkənin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə imkan yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan vətəndaşlarının rifahı naminə səmimi-qəlbdən bütün səylərinizin həyata keçməsini arzu edirəm".

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Serb Respublikasının xalqı və qurumları adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir.

2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk.

Məmnuniyyətlə vurğulayıram ki, bir çox sahələrdə və seqmentlərdə ikitərəfli əməkdaşlığımız inkişaf edəcək və yüksələn xətlə davam edəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də hər iki xalqa xeyirli və faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi hörmət əsasında qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.

Hörmətli Prezident, Zati-aliləri, icazə verin, Sizə cansağlığı, dost Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayım".

***

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında səmərəli qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan məmnun olduğumu bildirim. Bir daha təsdiq etmək istəyirəm ki, Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Əminəm ki, son danışıqlarımızdan və bu il mayın 8-də Bakıda Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanmasından sonra son illərdəki intensiv ikitərəfli siyasi dialoq yeni məzmun kəsb edəcəkdir. İnanıram ki, ikitərəfli münasibətlərimizdə tətbiq etdiyimiz praqmatik yanaşma gələcəkdə də müsbət dinamikasını davam etdirəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Sizə və Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi göndərirəm.

İndiki dövr həll olunmamış münaqişələr və hamımıza təsir edən iqlim dəyişikliyinin nəticələrinin təhdidi baxımından bizi sınayır. Bizdən indi həmişəkindən daha çox tələb olunur ki, qarşılıqlı etimad və anlayış əsasında sülh içində gələcək üçün zəmin və planetimizdə harmoniya və firavanlıq dolu bir həyat üçün mühit yaradaq.

Sizin ölkənizlə qonşunuz Ermənistan arasında münaqişənin həlli üçün birgə səylər göstərmək istəyi bizim ölkələrimizin hökumət və xalqlarını birləşdirir. Əmin olun ki, bu münaqişənin regionun gələcəyinə artıq kölgə salmaması üçün Almaniya əlindən gələni əsirgəməyəcəkdir.

Builki COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürmüşdür. Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim.

Sizə və həmvətənlərinizə qarşımızdakı dövrdə sülh, əmin-amanlıq və hər şeydən əvvəl cansağlığı arzulayıram".

***

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.

Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir, Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan yüksəlir.

Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.

Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldıracaqdır.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz, mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.

Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Tacik xalqının adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına ölkənin milli bayramı münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikasının ölkənin sosial-iqtisadi və mənəvi həyatında böyük nəticələr əldə edərək öz inkişafında durmadan irəlilədiyini qeyd etmək sevindiricidir. Həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzu artır.

Ölkələrimizin qarşılıqlı münasibətlərinin əsaslarının hərtərəfli möhkəmlənməsi Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur.

Birgə səylər sayəsində dövlətlərarası tərəfdaşlıq və dialoq bütün səviyyələrdə uğurla inkişaf edir ki, bu da dostluq münasibətlərimizin məhsuldar şəkildə genişlənməsinə kömək edir. Bunun əyani nümunəsi əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.

Mənim bu yaxınlarda Azərbaycana dövlət səfərim zamanı keçirdiyimiz görüşləri səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların praktik reallaşması uzunmüddətli perspektivə hesablanmış Tacikistan-Azərbaycan məhsuldar əməkdaşlığına yeni təkan verəcəkdir.

İnanıram ki, biz gələcəkdə də strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün zəruri birgə səyləri davam etdirəcəyik, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialdan tam istifadə edəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə hər zaman aydın səma, əmin-amanlıq və dinamik tərəqqi arzulayıram".

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi Serbiya Respublikası xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah arzu edirəm.

Serbiya Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı etimada, təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.

İcazə verin, BMT Baş Assambleyasında yaxın zamanda keçirilmiş səsvermədə Azərbaycan Respublikasının göstərdiyi anlayış və mövqeyə, bununla da Serbiya Respublikasına, regionda sülh və sabitliyə dəstək verdiyinə görə minnətdarlığımı bildirim.

İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq.

Ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində iştirakınızı yüksək qiymətləndirirəm. Əminəm ki, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq qarşıdakı dövrdə də qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə möhkəmlənməyə və zənginləşməyə davam edəcək və Sizinlə birlikdə bu işə öz şəxsi töhfəmi verməyə hazır olduğumu bildirirəm.

Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm. Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm".

xxx

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz".

xxx

Albaniya Prezidenti Bayram Beqaydan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Publika.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az məktubun mətnini təqdim edir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm