Aleksey İsayev: Bilmirəm nə deyim, utancvericidir
Bizi izləyin

İdman

Aleksey İsayev: Bilmirəm nə deyim, utancvericidir

“Oyunda haqqında nə danışasan? Bu 4 oyunda çoxlu qol epizodları yaratmışıq. Lakin fərqlənə bilmirik. Əvəzində isə çox qol buraxırıq. Səbəbini bilmirəm. Çox məyusam”.

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında milli komandamızın yarımmüdafiəçisi Aleksey İsayev UEFA Millətlər Liqasının dördüncü turunda Slovakiyaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, Slovakiyaya qarşı azlıqda oynamağın çətin olduğunu bildirib:

“Bilmirəm nə deyim. Anlayırıq ki, azarkeşlər narazıdırlar. Lakin biz həqiqətən də əlimizdən gələni edirik. Uğursuzluğun səbəbini tapmağa çalışırıq. Yaxşı heyətimiz var. 10 nəfər qaldıq. Slovakiya keyfiyyətli komandadır və onlara qarşı azlıqda mübarizə aparmaq çətindir”.

29 yaşlı futbolçu vəziyyətin utancverici olduğunu etiraf edib:

“Biz yaxşı oynaya bilərik. Oynayırıq da. Slovakiyaya qarşı ikinci hissənin ilk 20 dəqiqəsində çox yaxşı çıxış etdik. Birinci hissədə də pressinq tətbiq edir, rəqibi səhvə yol verməyə məcbur edirdik. Qol vurmaq üçün də imkanlar oldu. Toral ilk şansında fərqlənə bilməsə də, az sonra qol vurdu... Məğlubiyyətlər bizi çox məyus edir. Ölkə, azarkeşlər qarşısında bu vəziyyət utancvericidir”.

İsayev qarşıdakı iki matçda vəziyyəti dəyişməyə çalışacaqlarını söyləyib:

“Son iki oyunumuz qalıb. Hər matçda olduğu kimi, Estoniya və İsveçlə görüşlərdə də meydana yalnız qələbə üçün çıxacağıq. Dediyim kimi, yaxşı heyətimiz var və bu komanda ilə nəticə qazanmaq istəyirik. Estoniya ilə evdəki matçda yalnız və yalnız qələbəyə oynayacağıq. Bütün gücümüzü meydanda qoyacağıq. Vəziyyəti bu həddə özümüz çatdırmışıq. Özümüz də bu durumdan çıxmalıyıq”.

“Fernandu Santuş matçdan sonra sizə nə dedi?” sualını İsayev belə cavablandırıb:

“O, hər zaman bizi ruhlandırır. Lakin anlayırıq ki, baş məşqçi də məyusdur. Vəziyyəti dəyişməliyik ki, hamının üzü gülsün. İnsanlara qələbə bəxş etməliyik. Belə olmaz”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm