Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi
Bizi izləyin

İdman

Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi

UEFA Çempionlar Liqasının 7-ci turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Azarkeşlərimiz təbrik etmək istəyirəm. Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi. Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi. Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim.

– Möcüzələrə inanırsınızmı?

– Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük. Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram.

– Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi. Son dəqiqə qolu ilə qələbə qazandınız. Oyuna necə hazırlaşmışdınız?

– Antalyadakı hazırlıqdan sonra bildirmişdim ki, yaxşı hazırlıq keçdik. İnanın, hazırlaşmaq üçün vaxtımız az olsa da, üstün cəhətlərimiz nədirsə, onu yaxşılaşdırmağa çalışdıq. Şükürlər olsun, alındı. Baxımlı futbol oynamaq istəyirdik. Gözəl üç qol vurmaq möhtəşəmdir. Yaxşı oyun, hücumla bunu etmək böyük sevincdir. Pozitiv notlarla danışıqlarımız olmuşdu. “Ayaks”la oyundan sonra neqativ fikirlər yaranmağa başlamışdı və bu, futbolçulara çox təsjr etmişdi. Bunu geridə qoya bildik və şansımızdan istifadə etməyə çalışdıq. Bu gün oyun keyfiyyətimizi yaxşılaşdırdıq.

– “Liverpul”la oyun öncəsi azarkeşlərə nə deyə bilərsiniz?

– Səfərə inamlı gedəcəyik. Orda oynamaq asan deyil. İngiltərədə çılğın azarkeşlərə sahib klublardandır. Futbolçulara çəkinmədən oynamağı tövsiyə edəcəm. Belə arenada oynamaqdan həzz almaq lazımdır. Tapşırıq verəcəm ki, minimum bugünkü oyunu saxlayaq. İndicə cənab prezidentin təbrikini oxudum. Təşəkkür edirəm!

– Buraxılan qollarda Bəhlulun müəyyən səhvləri var idi. Son dəqiqədə də qələbə qolunu vurdu. Onu bağışlamaq olarmı?

– Niyə də yox. (gülür) Futbol səhvlər oyunudur. Müdafiəçilər həmişə daha çox səhv edir. Bugünkü qola görə bütün səhvlərini bağışlamaq olar.

– Cənab Prezident də paylaşımında hakimin səhvinə toxunub. Siz nə düşünürsünüz?

– Əlavə şərhə ehtiyac yoxdur. Futbolda belə hallar olur. Düzgün, geniş şərhi prezidentimiz verib.

– Futbolu olmayan ölkənin təmsilçisi kimi dünyanın ən güclü turnirində “Barselona” ilə bir sırada olmaq, almanları məğlub etmək necə hissdir?

– Futbolumuz var, daha inkişaf etməliyik. İnanıram ki, hər şey illər keçdikcə4daha yaxşı olacaq. Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha artırır. Eyni zamanda belə klubların Bakıya gəlməsi futbolu daha da sevindirir.

– Bu meydanlarda bir addımlayır, bir yaşlanırıq. 5-10 il əvvəl deyirdiniz ki, belə komandalarla mübarizə aparmaq üçün illər lazımdır. İndi nə fikirdəsiniz?

– Avropa futbolu daha sürətli inkişaf edir. Çatışmazlıqlarımız daha çox görünür. Təhlillərə baxanda görürük ki, rəqib bizim düşdüyümüz epizodları soyuqqanlı qəbul edir. Çünki onlar illərlə bu basqıda oynayır. Dünən də dedim, biz qələbəni öz oyunumuzla əldə etməliyik. Öz prinsiplərimiz, oyunumuz olmalıdır.

– Elvin Cəfərquliyev əvəzlənmə istəmişdi. Durumu necədir?

– Yorulmuşdu, ona görə çıxmaq istəyirdi.

– Montielin tam hazır olmadığını demişdiniz. Ancaq startda meydana çıxdı…

– Montiel daha yaxşı olmaq potensialındadır. Son iki ildə birinci dəfə belə məsuliyyətli oyunda meydanda çox qaldı. Xarakteri hesabına özündə güc tapırdı. Əminəm ki, çox futbolçuların bərpası üçün iki gün lazımdırsa, onunçün üç günə ehtiyac var.

– Zubirin oyunundan razı qaldınızmı?

– Belə oyundan sonra çatışmazlıqlardan danışmaq düz olmaz. Elə futbolçular var ki, qol vurmasa da, balansı qoruyur. Bu, vacibdir. Belə oyunçulardan biri də Zubirdir. O, hər oyun ən çox topla oynayan futbolçudur. Zubirdən çox razı qaldım.

– Kadi Borges “Liverpul” səfərində oynayacaq?

– Xeyr.

– Sonuncu qol epizodunda Bikalyonu geri çağırmışdınız. O da topu aldıqdan sonra qol epizodu yarandı. Qolu necə şərh edərdiniz?

– Oyun epizodu idi. Risk olmasın deyə Bikalyonu geri çağırmışdım.

– Azərbaycan futbolu üçün nələr etdiyinizin fərqindəsiniz?

– Nə etmişəm deyə fikrim yoxdur. Üzərimə düşən işi görməyə çalışıram. Bu, borcumuzdur.

– Oyunun sonunda Elvin Cəfərquliyev sizə sanki nəsə dedi…

– Eşitmədim (gülür). Yəqin, nəsə pıçıldayıb. Son vaxtlar Elvinin çox sıxırdım, danlayırdım. Bu gün bəlkə də ən intizamlı oyununu oynadı. Təcrübəli futbolçu kimk gördüm onu. Hücuma cəsarətli çıxır, hər hücumda iştirak edir. Demişdim ki, gücünü düzgün bölüşdür. Bu gün də cinah oyunçularının üzərinə böyük iş düşürdü.

– Qələbə olanda təriflənir, uduzanda tənqid olunursuz. Bu, sizi həvəsdən salmır?

– Təriflənmək istəmirəm. İşimi görməyə çalışıram. Tənqid olunmağı da istəmərəm. Bu gün siz bilmirsiz hansı problemlərim var, bəlkə futbolçuların nəsə problemləri var. Heç vaxt dəqiq bilmək olmur. İnsan həyatda bəzən elə səhv edir ki, təriflər geridə qalır. İstəmərəm belə hallar olsun.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm