“Xəzər Lənkəran”ın baş məşqçisi söz verdi: “6 aydan sonra tam başqa bir komanda görəcəksiz” - FOTOLAR
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”ın baş məşqçisi söz verdi: “6 aydan sonra tam başqa bir komanda görəcəksiz” - FOTOLAR

Premyer Liqanın XXI turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”nin qonağı olacaq. Turun mərkəzi oyununda ədaləti qorumaq Ramil Diniyevə həvalə olunub. Ona Vaqif Musayev və Cavanşir Yusifov, həmçinin dördüncü hakim Ömər Paşayev yardımçı olacaqlar.

Publika.az xəbər verir ki, Cənub klubu sonuncu məşqinə dünən “Bakcell Arena”da çıxıb. Biz də heyətində gənclərin (əvəzedici komandadan gələnlər) çoxluq təşkil etdiyi komandanın hazırlığını izləmək üçün “Xəzər Lənkəran”ın düşərgəsinə yollandıq. “Neftçi”yə qarşı oyunun heç də asan olmayacağını anlayan Elbrus Məmmədovun yetirmələri soyuq havaya baxmayaraq, həvəsli idilər.

Bir müddət öncə zədəli olan Alfred Sanko da komandayla birgə məşq edirdi. Düzdür, onun zədəli olması nisbətən nəzərə çarpırdı. Buna baxmayaraq, Sankonun “Neftçi” ilə oyunda meydana çıxacağı gözlənilir.

Hazırlıq ərəfəsində XL-nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə qısa dialoqumuz oldu. O da komandadakı vəziyyətin normal olduğunu bildirdi.

Məşqə isinmə hərəkətləriylə başlayan futbolçular daha sonra müxtəlif məsafələrə qaçış həyata keçirdilər. Məşq 1 saat davam etdi.

Məşqi izləyənlər arasında 50 yaşlı veteran futbolçu, XL-nın keçmiş məşqçisi Yunis Hüseynov da var idi. Komandada hazırda idman direktoru vəzifəsini yerinə yetirən Yunis müəlim deyəsən məşqçilik üçün darıxır. Çünki o, az qala futbolçularla məşqə çıxacaq bir şəkildə dayanmışdı. Gözünü komandanın məşqindən ayıra bilmirdi...

Vəzifə başında olan baş məşqçi Elbrus Məmmədov hazırlıq zamanı bir az aqressiv görünürdü. Bu da təbiidir. “Böyük oyun” onun üçün böyük önəm kəsb edir.

Məşq prosesi bitdikdən sonra baş məşqçi Elbrus Məmmədovla komandanın hazırki durumu, zədəlilər və “Böyük oyun”la bağlı söhbətləşdik. 4 gündən sonra 43 yaşını qeyd edəcək Məmmədov komandasına inandığını qeyd etdi:

- Artıq komandanız yeni ildə Premyer Liqada iki oyun keçirib. İkisi də məğlubiyyətlə başa çatıb.

- Komandamız gəncdir, yeni formalaşıb. Yeni yığılan komandada həmişə problemlər olur. Anlaşma, futbolçuların bir-birini baş düşə bilməməsi istər-istəməz oyuna təsir edir. İnşallah qarşıdakı oyunlarda bunu da aradan qaldıracayıq.

- İki aydır “Xəzər Lənkəran”da bas məşqçisiz. Heyətə əvəzedicilərdən xeyli futbolçu gəlib və siz də onları yaxşı tanıyırsız. Futbolçuların uyğunlaşması necə gedir?

- Elə biz də onun üzərində işləyirik. İstəyirik gənclərimiz komandaya tez uyğunlaşsın. Özlərini Premyer Liqa səviyyəsində hiss etsinlər, sıxılmasınlar, özlərinə inansınlar.

- Komandanız ümidlərinizi az da olsa, doğruldurmu?

- Təbii ki, irəliləyiş çoxdur. Əvvəl 2-3 nəfərə ümid var idisə, açıq şəkildə deyə bilərəm ki, 5-6 nəfər özünü təsdiqləyib.

- Yəni onlar elitada çıxış etməyə qadirdirlər? Yoxsa siz onları məcburiyyətdən heyətə cəlb etmisiz?

- Bəli, qadirdirlər. Rəhbərlik gəncləşdirmə siyasəti seçdi. Bundan əlavə, bizdə seçim yox idi. Ancaq öz uşaqlarımıza, məktəbimizin yetirmələrinə güvənməliydik.

- Mətbuatda da yazılanlara görə komandada maliyyə problemləri var.

- Xeyr, bizdə maliyyə problemi yoxdur. Bunu xahiş edirəm qeyd edəsiz ki, “Xəzər Lənkəran”da maliyyə problemi yoxdur. Bu, sadəcə gəncləşdirmə siyasətidir. İnşallah 6 aydan sonra tam başqa bir komanda görəcəksiz.

- Tutaq ki, maliyyə problemi yoxdur. Bəs əcnəbi çalışdırıcılara üstünlük verən rəhbərliyin gözlənilmədən Elbrus Məmmədovu komandaya baş məşqçi təyin etməsinin səbəbi nə idi?

- 3 il idi əvəzedicilərlə çalışırdım. Onların potensialı ilə yaxından tanış olan mənəm. Rəhbərlik də məsləhət gördü, bu posta gətirildim.

- Heyət belə qalacaği təqdirdə növbəti mövsüm üçün hədəfiniz necə olacaq? Sizcə bu heyət gələn mövsüm yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olacaq?

- “Xəzər Lənkəran” yüksək yerlərə layiqdir. Kubok, avrokuboklar - bu bizim hədəfimizdir.

- “Neftçi”ylə oyun var. Komandada vəziyyət necədir?

- Oyuna tam və pozitiv şəkildə hazırıq. Bu görüşdən maksimum xal qazanmaq istəyirik. Düzdür, zədə problemimiz var. Ümid edirəm ki, həkimlər əlindən gələni edəcək ki, Alfred Sanko bizə kömək edə bilsin.

- Azarkeşlərə bu oyunla bağlı nə söz verə bilərsiz?

- Azarkeşlər sadəcə bizə inansın və dəstəkləsinlər. Bizimlə olsunlar. Bilirəm, hazırda qərara əsasən oyunda rəqib komandanın azarkeşlərinin gəlməsinə icazə vermirlər. Ürəkləri bizimlə olsun.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm