Mövsümün taleyi “Qəbələ”nin əlində
Bizi izləyin

İdman

Mövsümün taleyi “Qəbələ”nin əlində

Azərbaycan Premyer Liqasında 34-cü tura mayın 15-də start veriləcək. Turun oyunları yenə də iki gün ərzində keçiriləcək.

Publika.az 34-cü turun afişasını təqdim edir.

Onlardan mübarizə əzmi gözləməyə dəyərmi?

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. Ancaq Zaqatalada keçiriləcək oyunun turnir cədvəli baxımından heç bir əhəmiyyəti yoxdur. “Simurq” da, “Bakı”da qeyri-müəyyənlik içindədir. Hər iki komanda ağır maliyyə böhranında çabalayır. “Bakı”nın futbolçuları belə duruma öyrəncəlidir. Çünki “Zolaqlılar” çempionatın startından belə vəziyyətdədir. “Simurq”un futbolçularına isə bir neçə həftə əvvəl məlumat veriblər ki, maaş olmayacaq. Rəhbərlik futbolçuların yanvardan bəri yığılıb qalan borcunu ödəmək iqtidarında olmadığını etiraf edib. Bu komandaların növbəti mövsüm var olub-olmayacağı da sual altındadır. Belə durumda olan futbolçular meydana hansı motivasiya ilə çıxsınlar? Onlardan mübarizə əzmi gözləməyə dəyərmi? Qətiyyən. Güman ki, “Simurq” - “Bakı” oyununda “candərdi” mübarizə olacaq. Neynəmək olar, bu, Azərbaycan futbolunun acı reallığıdır. Xoş olmayan mənzərəyə bir daha Zaqatalada tamaşa edək.

Komandaların son 9 oyununda heç-heçə qeydə alınmayıb. “Simurq” ardıcıl iki böyükhesablı qələbə qazanıb. “Bakı” isə son 4 səfər oyununda meydanı qolsuz tərk etməyib.

Simurq – Bakı: 23 oyun, 5 qələbə, 7 heç-heçə, 11 məğlubiyət, top fərqi – 22:27.

“Qəbələ” “bürünc medal mənimdir” deməlidir

Turun qalan 3 oyunu mayın 16-da keçiriləcək. Sözsüz ki, əsas diqqətlər Qəbələyə yönələcək. “Qəbələ” - “İnter” qarşılaşması mövsümə nöqtə də qoya, çempionluq mübarizəsini acı bağırsaq kimi uzada da bilər.

“Qarabağ”ın xal itirməsindən maksimum yararlanan “İnter”in çempionluq şansı xeyli artıb. İndi hər şey “Bankirlər”in öz əlindədir. Onlar qalan 3 oyunda qalib gəlib, “qızıl oyun” təşkil edə bilərlər. Bu yolda ən böyük maneə isə “Qəbələ”dir. Ötən tur “Neftçi”nin məğlubiyyətindən yararlanıb 3-cü pilləni ələ keçirən “Qəbələ”nin yəqin ki, bürünc medaldan imtina etmək planlarına daxil deyil.

Son 10 oyunda məğlub olmayan, bu qarşılaşmaların 9-da qalib gələn “Qəbələ” oyun komponentlərinə görə İnter”dən üstün durumdadır. Təkcə oyun komponentlərinə görəmi? “İnter”də yaşanan maliyyə böhranı yel olub “Qəbələ”nin yanından da keçə bilməyib. “Bankirlər”in “Neftçi”yə böyük hesabla qalib gəlməsindən də xoflanmağa dəyməz. “Neftçi”yə indi Yazıçılar Birliyinin komandası da qalib gələ bilər. “Qəbələ” bu şansı əldən buraxmamalı, “İnter”ə qalib gəlib, “bürünc medal mənimdir” deməlidir. “İnter” bu qarşılaşmaya nə qədər istəkli çıxsa da, “Bankirlər”in problemlərinin başlarından aşdığı da bəllidir. Belə durumda Qəbələdən qələbə ilə qayıtmaq çox çətindir.

“Qəbələ”nin meydanındakı son 4 qarşılaşmada hər iki komanda qol vurub. Meydan sahibləri isə 6 matçdır qol sevinci yaşayır. “İnter” cari mövsümün hər 3 qarşılaşmasında rəqib qapısına yol tapıb.

Qəbələ - İnter: 27 oyun, 6 qələbə, 8 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 22:40.

“Qarabağ” artıq özünə məğlub olmağa başlayıb

Əvvəlki yazılarımızda qeyd etmişdik ki, çempionluq mübarizəsində “Qarabağ”ın əsas rəqibi elə özüdür. “Köhlən atlar” özü-özünə məğlub olacağı təqdirdə çempionluğu əldən verə bilərdi. Budur, “Qarabağ” artıq özünə məğlub olmağa başlayıb. “Qəbələ” ilə oyunda xal itirilməsini anlayışla qəbul etmək olar. Amma “Xəzər Lənkəran”ın gəncləri ilə oyunda... Bu, “Qarabağ”lıların səhlənkarlığının gətirdiyi itki idi. İndi isə “Sumqayıt”la oyun var. Baş katibin göstərişi ilə müxtəlif komandalara qarşı müxtəlif motivasiya yükü ilə çıxan “Sumqayıt”la. Baş katibin onları “Qarabağ”a qarşı tam kökləyəcəyinə isə şübhə yoxdur. “Qarabağ”ın futbolçularının başı Lənkəranda daşdan-daşa dəyib? Dəyibsə, “Sumqayıt”la oyunda bütün gücünü meydanda qoyacaq futbolçular görməliyik. Dəyməyibsə, onda bu “Qarabağ” heç çempion olmağa da layiq deyil...

“Qarabağ” son 2 qarşılaşmada 2 qol vuraraq qalib gəlib. Ağdam təmsilçisi ardıcıl 4 ev matçında qələbə qazanıb.

Qarabağ – Sumqayıt: 11 oyun, 7 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 25:6.

Hüseynov Əhmədovu təbrik etmək məcburiyyətində qalacaq?

Lənkəranda baş tutacaq görüşün də turnir cədvəli baxımından heç bir əhəmiyyəti yoxdur. Ötən tur “Qarabağ”ı büdrədən “Ağ-yaşıllar” uzun fasilədən sonra qələbə qazanan AZAL-ı qəbul edəcək. “Təyyarəçilər”in bir atımlıq barıtı olur ki, onu da “Zolaqlılar”a qarşı oyunda istifadə etdilər. İndi cənublu gənclər “barıtsız” - motivasiyasız “Təyyarəçilər”i məğlub etməlidir ki, Yunis Hüseynov Tərlan Əhmədovu təbrik etmək məcburiyyətində qalmasın. Mövsümün sonuna cəmisi 3 tur qalır. Məhz bu turlar kimlərin komandada qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirə bilər. Cənublu gənclər bu şansdan yararlana biləcəkmi? AZAL-la oyunu gözləyək.

AZAL ardıcıl 10 oyundur rəqib qapısına qol vurur. Son 7 görüşdə isə hər iki komanda fərqlənib. “Xəzər Lənkəran” son 6 qarşılaşmada qələbə qazana bilməyib.

Xəzər Lənkəran – AZAL: 27 oyun, 13 qələbə, 9 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 35:22.

Natiq

Azərbaycan Premyer Liqası, 34-cü tur

15 may

17:00 Simurq – Bakı

Zaqatala şəhər stadionu

16 may

18:00 Xəzər Lənkəran – AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

20:00 Qəbələ – İnter

Qəbələ şəhər stadionu

20:00 Qarabağ – Sumqayıt

“Bakcell Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm