Ekopublika.az
Samir Şərifov: “İşlər pis deyil, ona görə də gülümsəyirik…”
Maliyyə naziri Samir Şərifov ANS TV-nin "Hesabat" verilişində Mirşahinin qonağı olub. Söhbət zamanı hökumət təmsilçisi Azərbaycan ictimaiyyətini çox maraqlandıran suallara cavab verib.
- Bizim 2016-ci il üçün büdcəmiz 2015-ci illə müqayisədə
xeyli azdır, 2011-cı ilinkinə yaxındır, amma Azərbaycan vətəndaşı
artıq səxavətli yaşayırşa, səxavətli güzərana öyrəşib. Və təbii ki,
o, 2011-ci ildə yaşamaq istəməyəcək. Büdcəmizin bu şəkildə
azalmasını sadə vətəndaş öz güzəranında hiss edəcəkmi?
- Tamamilə düz buyurursunuz ki, bizim növbəti ilin dövlət
büdcəsinin layihəsində daha az gəlirlərimiz, daha az xərclərimiz
nəzərdə tutulur, nəinki cari ilin dövlət büdcəsində. Cari ilin
dövlət büdcəsinin gözlənilən icrasına nisbətən gələn ilin gəlirləri
də, xərcləri də azaldılır. Gəlirlər təxminən 12% səviyyəsində,
xərclərimiz isə təxminən 16% azalır. Yəni cari ilin dövlət
büdcəsinin gözlənilən icrasına dair təsdiq olunmuş büdcəyə nisbətdə
isə bu rəgəmlər müvafiq olaraq gəlirlər üzrə 25%, xərclər üzrə
22,9% təşkil edir.
Şübhəsiz ki, bu son 10 ildə ilk dəfə olaraq bizim növbəti ilin
nəzərdə tutulan dövlət büdcəsi cari ilin dövlət büdcəsindən az
həcmlərdə proqnozlaşdırılır. Lakin onu da deyim ki, xərclərin
azaldılması heç də bütün sosial həssas qruplara aid deyil. Yəni
vətəndaşlara mənfi təsirdən danışaraq qeyd etmək istəyirəm ki,
əsasən xərclərin azaldılması dövlət investisiya proqramlarının bir
qədər kiçildilməsi hesabına baş verəcək.
Bununla da, bütün sosial öhdəliklərimiz, bütün sosial
proqramlarımız: pensiya təminatları, sosial müavinətlərin
verilməsi, əmək haqları, təqaüdlər və s. əvvəlki illərdə olduğu
həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatçılığa səbəb
yoxdur.
- Bəs qənaət hansı sahələrə aid olacaq?
- Biz ilk növbədə icrada olan layihələrə maliyyə ayıracağıq. Biz
onlara “keçid” layihələri deyirik, yəni bu il bu layihələrin
icrasına başlanılıb və növbəti və ya yaxın illərdə onların davam
etdirilməsi gözlənilir. Bu layihələrə prioritetlik verilir. Digər,
yeni layihələrin dövlət hesabına başlanmasına bir qədər fasilə
verilir ki, bunlar bir qədər ləngiyə bilər.
Cari xərclərə də baxdıqda, biz burda müəyyən qənaət tədbirləri
görmüşük. Bunlar əsasən bəzi lüzumsuz xərclərin ixtisarı, bəzi
xarici ezamiyyətlərin təxirə salınması və bu kimi digər prioritet
təşkil etməyən xərc istiqamətlərində müəyyən qənaət rejimi tətbiq
olunub.
- Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan
manatının yenidən devalvasiyası
mümkündürmü? Belə bir ehtimal var?
- Şübhəsiz ki, bazar iqtisadiyyatında milli valyutanın mübadilə
məzənnəsi bir çox faktorlardan asılıdır - ilk növbədə tədiyyə
balansının vəziyyətindən. Tədiyyə balansı da ki, xarici valyuta
daxilolmalarından asılıdır. Bizim əsas ixrac məhsulumuz və müvafiq
olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə,
şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı
olaraq buna xeyli həssasdır. Lakin hal hazırda biz hesab edirik ki,
tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və hesab
edirəm ki, manatın məzənnəsində, indiki durumda, böyük risklər
gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas
prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim
nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa
valyuta sabit olaraq qalacaq.
Bu, təkcə inkişaf etməkdə olan ölkələrə aid deyil, o cümlədən
inkişaf etmiş ölkələrin valyutalarının mübadilə məzənnələrinə nəzər
salsanız görəcəksiniz ki, cari ildə onlar da xeyli dəyişiblər.
Avropanın vahid valyutası avro ABŞ dollarına qarşı xeyli ucuzlaşıb.
Hal hazırda ABŞ dollarının üzun müddət ərzində ucuz qalması dövrü
artıq bitib və artıq dolların, demək olar ki, bütün dünya
valyutalarına nisbətdə bahalaşması prosesi başlanıb.
- Biz niyə devalvasiyadan çəkinirik? Bəlkə, elə devalvasiya
etmək lazımdır? Bu gün manat-dollar münasibətlərində baş verən
proseslər, bəlkə də, vətəndaşları sakit saxlayır, amma Azərbaycana
iqtisadi cəhətdən verməli olduğu səmərəni vermir. Doğrudanmı, tutaq
ki, 1 dollar bizdə 2 manat olmamalıdır? Bəlkə, buna gedək?
Qazaxıstan buna qetdi və nə fəlakət oldu, nə dəhşətli bir fəsadlar.
Sadəcə olaraq, bu addımı atarkən əhalinin əmanətlərinin
kompensasiya olunmasını təmin etməliyik. Onda adamlar bütün
pullarını gətirib banklara verər.
- Bilirsiz, prinsip etibarı ilə əksər bazar iqtisadiyyatı yolunu
seçən ölkələrdə milli valyutalar müxtəlif mübadilə rejimləri
üzərində qurulub: “üzən” rejim var, “fiks edilmiş” rejim var. Son
zamanlar manatın məzənnəsinin ABŞ dollarının məzənnəsinə müəyyən
bağlılığı var idi. Bəzi dövlətlər artıq “üzən məzənnəyə” keçiblər.
Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az
tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu
istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant
tapılıb və tətbiq olunacaq.
Devalvasiya özü özlüyündə müəyyən bir makroiqtisadi alətdir və
büdcə-fiskal siyasəti baxımından bu alət çox təsiredici bir
alətdir. Amma bunun mənfi tərəfləri də var. Bunlar ilk növbədə
ondan ibarət ola bilər ki, bu proseslər inflyasiya səviyyəsini
artıra bilər ki, bu da əhali üçün əlverişli deyil. On görə heç bir
dövlət devalvasiyanı arzu olunan makroiqtisadi tədbir kimi qəbul
etmir. Adətən, bu, qaçılmaz bir tədbir olur, bizdə də belə
oldu.
Bunun digər mənfi fəsadı isə dövlət tərəfindən xidmət edilən xarici
borcdur. Bizim xarici borcumuz xarici valyutada ifadə olunur.
Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə
vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə
layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın
ucuzlaşmasının bir nəticəsidir.
Digər tərəfdən, bəzi sahibkarlar xarici valyutada ölkə daxilində
borc alıblarsa və ölkə daxilinə onların gəliri manatda ifadə
olunursa, şübhəsiz ki, onların əlavə xərcləri əmələ gəlir və bu
barədə də çox qızğın müzakirələr mətbuatda yer alıb.
Devalvasiya idxal olunan məhsulların qiymətinə mənfi təsir
göstərir, on görə ki, bizim idxalımız xarici valyuta ilə ödənilir.
Amma devalvasiyanın müsbət tərəfləri də var. Bizim ölkə daxilində
istehsal olunan məhsullar daha ucuz əmələ gəlir, bununla əlaqədar
bizim milli istehsalçılarımızın rəqabət qabiliyyəti xeyli artır.
Bununla da biz daxili bazarımız qoruyuruq. Digər tərəfdən, daxili
istehsal üçün ölkədə müəyyən stimullarda yaradır. Onu da qeyd edim
ki, burda hökümətin vacib tədbirləri olub - ilk növbədə
inhisarçılıq sahəsində. Bildiyiniz kimi, dərmanların qiymətlərinin
tənzimlənməsi istiqamətində böyük tədbirlər görülür, nəzarət
sistemi yaradılıb. İdxal olunan preparatların qiymətinin
tənzimlənməsi həyata keçirilir.
Eyni sistem ərzaq məhsullarının qiymətinin artmasının qarşısını
alır. O ki, qaldı gündəlik istifadə olunmayan idxal olunanan
ərzaqlara, məsələn, spirtli içkilər və s. Düşünürəm ki, bu, elə də
böyük faciə deyil. Hətta bunun sayəsində bu məhsulların idxalı ilə
məşğul olanlar üçün əlavə rəqabət imkanları yaradılır.
- Samir müəllim, Beynəlxalq Bankda nə baş verirdi? Nə qədər
borc var idi? Dövlətə borcun hansı hissəsi qaytarılıb və hansı
hissəsi qalıb?
- Beynəlxalq Bankla bağlı qeyd etmək istərdim ki, bir qədər əvvəl
ölkə prezidenti tərəfindən Beynəlxalq Bankın özəlləşdirilməsi ilə
əlaqədar əlavə tədbirlər haqqında və bankda maliyyə
sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi barədə fərman
imzalanıb. Həmin fərmanda qeyd olunur ki, bankın sabiq rəhbərliyi
tərəfindən bankda aparılan riskli kredit-investisiya siyasəti
nəticəsində bankın cəlb etdiyi borclarla yerləşdirdiyi kreditlər
arasında qeyri-tarazlıq yaranıb və bu bankın maliyyə vəziyətinə
mənfi təsir göstərir. Bununla əlaqədar bankda sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsinə zəruriyyət yaranıb və bu
tədbirlərin başa çatmasından sonra bank özəlləşməyə açıq elan
olunacaq.
Bu məsələlər hələ də araşdırılır və bankın rəhbərliyinə daxil olan
bütün şəxslər artıq işdən kənarlaşdırılıb, bəzi inzibatçılara dair
istintaq tədbirləri həyata keçirilir və onların qanuna zidd
hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət
veriləcək.
- Siz həm də hərbçilərin evlə təminatı ilə bağlı
komissiyanın rəhbərisiz.
- Komissiya son iki il ərzində xeyli iş görüb, əsas iş ondan ibarət
idi ki, 20 il Azərbaycan Hərbi Qüvvələrində qüsursuz xidmət
göstərən şəxslərin mülkiyyətinə dövlət tərəfindən pulsuz mənzil
verilir. Komissiyanın ilk işi müvafiq meyarlara cavab verən hərbi
qulluqçuların növbə siyahısı tutmaq idi. Artıq bu siyahıya görə ev
almaq üçün 1289 hərbi qulluqçu növbədə dayanıb. Bunlardan 245
nəfərə mənzillər artıq verilib. Digər 1000 nəfərdən çox hərbi
qulluqulara gəldikdə isə onların ilin sonuna kimi mənzillə təmin
olunması üçün 500-dən çox əlavə mənzil verilməsi nəzərdə
tutulub.
Əlbəttə ki, bu dövlətin maliyyə imkanlarından asılıdır, amma ilk
növbədə bu, ölkə başçısı, möhtərəm prezidentimiz cənab İlham
Əliyevin hərbi qulluqçularımıza olan diqqətinin əyani bir sübutudur
və dövlətin orduya olan xüsusi qayğısının bir göstəricisidir.
- Dövlət başçısının başqa bir tapşırığı da var idi, bu,
ipoteka kreditinə ilin sonunadək 200 milyon manat vəsaitin
ayrılması ilə bağlı idi. İlin sonuna bir o qədər də çox vaxt
qalmayıb.
- Bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə
Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq təkliflər hazırlanıb,
təqdim olunub. Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə
vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun
hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə
ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm
də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan
şəxslərə də ipoteka şərtləri bir qədər asanlaşdırılacaq.
- Hətta söhbətlər var idi ki, faizlər azaldılacaq, ipoteka
məbləği 3 dəfə artırılacaq...
- 3 dəfə yəqin ki, olmaz, amma 2 dəfəyə qədər artım nəzərdən
keçirilir.
- Bəs güzəştli, yəni sosial ipoteka alanların
kateqoriyasının genişləndirilməsi mümkündürmü? Müəllimlərin və
həkimlərin bura daxil edilməsi nəzərdə tutulurmu?
- Cənab prezidentin tapşırığına uyğun təqdim etdiyimiz təkliflərin
qəbulu, yəqin ki, heç bu güzəştli kateqoriyalı ipotekaya daxil olan
şəxslərin dairəsinin genişləndirilməsinə zəruriyyət yaratmayacaq.
Bu təkliflərin qəbul ediləcəyi təqdirdə çox münbit bir ipoteka
şərtləri formalaşacaq və bundan geniş əhali kütləsi
yararlanacaq.
- Azərbaycanın maliyyə naziri tez-tez
gülümsəyir?
- Maliyyə nazirləri adətən çox quru insanlar olurlar. Amma siz
deyən kimi, biz də gülümsəyirik (gülür). Bu da o deməkdir ki, bizim
iqtisadiyyatımızda işlər pis deyil.
-Təşəkkür edirəm!
- Sağ olun!
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO