Yuan avronu sıxışdırdı – EKSPERT RƏYİ
Bizi izləyin

Ekopublika.az

Yuan avronu sıxışdırdı – EKSPERT RƏYİ

Beynəlxalq Valyuta Fondu (BVF) dünən Çin valyutası olan yuanı özünün SDR (Xüsusi Borclanma Hüququ) səbətinə daxil edib. 2016-cı il oktyabr ayının 1-dən etibarən yuan səbətə daxil olan 5 valyutadan biri olacaq. Hazırda səbət ABŞ dolları, avro, funtsterlinq və yen olmaqla 4 valyutadan ibarətdir. Çin valyutası səbətdə 3-cü ən böyük paya (10,92%) malik olacaq. Digər valyutaların payı isə belədir: ABŞ dolları - 41,73%, avro - 30,93%, yen - 8,33, funtsterlinq - 8,09%.

Yuanın səbətə daxil edilməsi daha çox avroya zərbə vurub. Avropa valyutasının payı 7% bəndi azaldılıb. Digər valyutaların da payında azalma olub.

İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında deyib ki, bu qərar Çin iqtisadiyyatının son illər dünya maliyyə sisteminə inteqrasiyası ilə əlaqələndirilib: “Çin hökuməti də bunun üçün çox çalışdı. Məsələn, xarici mərkəzi banklar üçün daxili valyuta və borc bazarını açdı. Bütün üstünlükərə rəğmən, yuan hələ ki, ehtiyat valyuta -borc bazarında borclanma vasitəsi qismində Avstraliya və Kanada dollarına uduzur. Dünya valyuta ehtiyatlarında payı 1,1%, beynəlxalq ödənişlərdə 2,8%-dir. Bəzi analitiklər Çin aktivlərinə xarici investisiyaların artacağını proqnozlaşdırır. Digərləri hökumətin maliyyə sisteminin ciddi islahata ehtiyacı olduğunu vurğulayır və bunsuz fayda görmürlər.

Yuan səbətdə fiksə olunmuş məzənnəyə malik yeganə valyuta olacaq. Yuan həm də sərbəst dönərli valyuta deyil. Hökumət 2020-ci ildən tez məzənnəni sərbəstləşdirmək niyyətində deyil.

Yuanın BVF-nin səbətinə daxil edilməsi Çinə üstünlüklər verməklə yanaşı, müəyyən çətinliklər yaradacaq. Əvvəla, Çin valyutasının dünyada prestiji daha da artacaq.

İkincisi, ölkəyə kapital axını stimullaşacaq. Müxtəlif hesablamalara görə, 2020-ci ilə kimi kapital axını 600 milyard dollar həcmində ola bilər.

Üçüncüsü, yuana inam daxili borclanma imkanlarını artıracaq”.

İqtisadçı Çin hökumətinin üzərinə də böyük məsuliyyət düşdüyünü deyir: “Maliyyə sektorunda liberallaşdırma aparılmalıdır və bazar xarici investorların üzünə açılmalıdır. Bundan başqa, kapital axını üzrəində nəzarəti azaltmalı, valyuta intervensiyasını məhdudaşdırmalı, yuanın məzənnəsi bazar alətləri vasitəsilə tənzimlənməlidir. Əks halda, yuanın ehtiyat valyuta statusu ciddi nəticlər verməyəcək.

Digər tərəfdən, yuana tələbatın artması onun möhkəmlənməsinə gətirib çıxara bilər ki, bu da Çin hökumətinin planlarına daxil deyil”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm