Neftin qiymət kəsirində ortaq məxrəc: 50 dollar
Bizi izləyin

Ekopublika.az

Neftin qiymət kəsirində ortaq məxrəc: 50 dollar

Xam neftin qiymətinin son 7 ilin ən aşağı səviyyəsinə düşməsi iqtisadiyyatları “qara qızıl”dan asılı olan ölkələrdə ciddi narahatçılığa səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Rusiyada 1 barel neftin istehsal dəyəri 40-50, ABŞ-da 55-60, Kanadada 70-80, Venesuelada 60-70, Nigeriyada 25-30, İraq, İran, Səudiyyə Ərəbistanı, Yaxın Şərq ölkələrində isə 20-30 dollar ətrafında dəyişir.

Nigeriya 2016-cı il üzrə büdcə proqnozlarını tamamlayıb. Ölkə gələn il maye yanacağın subsidiyalarına 2,6 milyard dollar xərcləməyi planlaşdırır.

Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriya 2016-cı ilin büdcəsində neftin baza qiymətini 35-40 dollardan götürüb.

Kanadada isə neftin qiymətinin aşağı olması səbəbindən 7 ən böyük şirkət sərmayə xərclərini ötən illə müqayisədə 39 faiz azaldıb. Ekspertlər gələn il həmin şirkətlərin xərclərini 10-20 faiz azaldacağını düşünürlər.

Neft istehsalçısı kimi qəbul olunmayan Amerikanın enerji şirkətlərinin investisiya qoyuluşları 7-63 faiz arasında azalıb.

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanın builki büdcəsində 100 milyard dollar kəsir yaranıb. Lakin 650 milyard dollar səviyyəsində valyuta ehtiyatlarına sahib olması ölkənin neftin qiymətinin ucuz olmasına uzun müddət tab gətirə biləcəyi ehtimalını yüksəldir.

Sanksiyalar səbəbindən hasilatı azaldan İran isə hələ ki, büdcə kəsirini açıqlamayıb.

İqtisadi böhranla mübarizə aparan İraq 94 milyard dollar səviyyəsində hazırladığı 2016-cı il büdcəsində neftin baza qiymətini 45 dolardan müəyyən edib.

Onu da bildirək ki, İraq neftin qiymətinin ucuzlaşmasına rəğmən gündəlik hasilatı 2014-cü ildəki 3,3 milyon barel səviyyəsindən bu ilin noyabrında 4,3 milyon barelə yeksəldib. 2016-cı ildə isə gündəlik 3,6 milyon barel xam neft istehsal etməyi planlaşdırır.

Rusiyanın maliyyə naziri Anton Siluanov 2016-cı ilin büdcəsində neftin baza qiymətinin 50 dollardan götürüldüyünü açıqlayıb. O, həmçinin, qeyd edib ki, neftin ucuzlaşması səbəbindən ölkə 90-100 milyard dollar itirib.

Onu da bildirək ki, Rusiya hökuməti neftin bareli 40 dollara düşəcəyi halda, 2016-cı ildə büdcə kəsirinin 1,5 trilyon rubl (22 milyard dollar) olacağını açıqlayıb. Hesablamalara əsasən, neftin 1 dollar ucuzlaşması Rusiyanın gəlirlərini 2 milyard dollar azaldır.

Qeyd edək ki, gələn il üçün Rusiyanın büdcə gəlirləri 13,7 trilyon rubl (204 milyard dollar), büdcə xərcləri 16 trilyon rubl (238 milyard dollar) müəyyən edilib. 2016-cı ildə Rusiyanın ehtiyat fondlarından 2,1 trilyon rubl (31 milyard dollar) çıxarılması planlaşdırılır.

Yeri gəlmişkən, Azərbaycan 2016-cı dövlət büdcəsində neftin qiymətini 50 dollardan götürüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm