• USD 1,7000 0,00% EUR 2,0023 +0,07%
    • GBP 2,3372 -0,09% RUB 0,0230 -0,43%

Banklarda dollar fırıldağı: məzənnə və konvertasiya ajiotajı nəyə xidmət edir?

Banklarda dollar fırıldağı: məzənnə və konvertasiya ajiotajı nəyə xidmət edir?

Son bir həftədir ölkədə yenidən dollar ajiotajı yaşanmaqdadır. Bəzi banklar dolların manata nisbətən məzənnəsini Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnədən xeyli yüksək satırlar. Belə ki, Mərkəzi Bank ABŞ dollarının rəsmi məzənnəsini 1,5363 manat təyin etdiyi halda, banklarda dollar satışı 1,65 manatdan icra edilir.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bazarda yaranan vəziyyəti izah edib: “May ayının ortasından başlayaraq bankların özlərinin dollar alışı artıb. İyunda isə dollara tələbat 10 dəfəyə qədər çox olub”.

Son zamanlar Mərkəzi Bankın dolları hər gün 0,3 qəpik bahalaşdırdığını deyən iqtisadçı bildirir ki, bu ajiotajı bir qədər də çoxaldıb: “Bankların dollara tələbatı yüksəkdir. Belə halda banklar dolları ucuz satmaq istəmirlər. O ki qaldı şənbə-bazar günlərinin məzənnəsinə, həmin gün valyuta hərracı keçirilmədiyindən banklar dolları qaldırmaq məcburiyyətində qaldılar”.

S.Əliyen deyir ki, banklar dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4 faiz baha sata bilərlər: “Tələbat artdığı və dollar ehtiyatı az olduğu üçün banklar satışı dayandırdılar. Bu da mətbuatda “banklar dollar satışını dayandırır” kimi xəbərlərin yayılmasına gətirib çıxardı”.

Dollara olan tələbatın artmasına gəlincə, ekspert bunun üç səbəbini irəli sürür: “Birinci səbəb bankların xarici öhdəliklərini yerinə yetirməsidir. Banklar var ki, böyük həcmdə xarici borcu var. Xarici borcların ödənməsi səbəbindən valyuta hərraclarında dollara tələbat artıb. İkinci səbəb mövsümlə bağlıdır. İnsanlar dincəlmək üçün xarici ölkələrə gedirlər. Bu da dollara tələbatı artırır. Üçüncü səbəb “Brexit”dir. Bu hadisə bazara psixoloji təsir göstərib. Qeyd etdiyim 3 səbəbdən başqa digər səbəblər də var. Bu səbəblər dövrüdür. İdxalın özü də tələbatı artırıb”.

Bu arada qeyd edək bir sıra banklar pul köçürmələri zamanı əməliyyatı dollarla deyil, manatla apararaq və konvertasiyanı özü həyata keçirir. İqtisadçı deyir ki, banklar bunu Azərbaycanda ödəniş vasitəsinin manat olduğunu əsas götürərək edirlər: “Lakin ödəniş vasitəsi manatdırsa, dollar kreditlərinin ödənişində də bu tətbiq edilməlidir. Edilmirsə, pul köçürmələrində də dollar qəbul edilməlidir. Banklar sui-istifadə hallarına yol verirlər. Vətəndaş dollarla pul köçürmək istəyirsə, bank bunu həyata keçirməlidir”.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR