"Şahdəniz" yatağında qaz və kondensat hasilatı artdı
Bizi izləyin

Ekopublika.az

"Şahdəniz" yatağında qaz və kondensat hasilatı artdı

2021-ci ildə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib.

Publika.az bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2020-ci ildə bu göstəricilər müvafiq olaraq 18,1 milyard standart kubmetrə və 3,6 milyon tona (29 milyon barel) bərabər idi. Beləliklə, "Şahdəniz"də qaz hasilatı 27,07 faiz, kondensat hasilatı 11,11 faiz artıb.

İl ərzində "Şahdəniz yatağından" Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Hesabatda qeyd olunur ki, "İstiqlal" və "Maersk Explorer" qazma qurğuları "Şahdəniz 2" hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb.

Yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm