Özəl sektorun payını necə artırmalı?- TƏKLİFLƏR
Bizi izləyin

Ekopublika.az

Özəl sektorun payını necə artırmalı?- TƏKLİFLƏR

Belə ki, istehsal və digər yüksək əməktutumlu obyektlərin tikintisi - kimya, metallurgiya və energetika, maşınqayırma və tikinti materiallarının istehsalı sahələri xarici investorlara açıq elan edilməlidirsə, yeyinti və yüngül sənayesi, o cümlədən kənd t

Keçən il ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları investisiya qoyulduğu dövlət başçısının sədrliyi ilə hökumətin yanvarda keçirilən iclasında da vurğulandı. Prezident heç vaxt il ərzində bu qədər investisiya qoyulmadığını qeyd etdi: “Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur.”

Xatırladaq ki, 2012-ci ildə 26 milyard dollara yaxın investisiya qoyulmuşdu. 2013-cü ildə isə bütün maliyyə mənbələr hesabına iqtisadiyyat və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən 15,1 % çox vəsait yönəldildiyi bildirilir.

Bu da sözsüz, ölkədə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Belə ki, sosial təyinatlı obyektlərin təmiri və tikintisi ilə yanaşı, yeni və müasir istehsal sahələrinin yaradılması işləri də sürətlə genişləndirildiyindən investisiyaların həcmi artır. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin il ərzində keçirilən iclaslarının əksəriyyətində bunun zəruri olduğu vurğulanır. Xüsusən də, hər dəfə dövlət səviyyəsində nəzərdə tutulan investisiya həcminin tam olaraq həyata keçirilməli olduğu bəyan edilir.

Əlbəttə, 28 milyard dollar bu il ərzində bir az da artacaq. Bunun üçün kifayət qədər əsas vardır. Sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də qeyd etmişdir ki, ötən il ölkədə 30-dan çox sənaye müəssisəsi yaradılmış, 100-ə yaxın sənaye obyektinin tikintisi isə davam etdirilir. Üstəlik, cari ilin ölkəmizdə “Sənaye ili” olduğunu və hökumətin qeyri-neft sektorunun inkişafında daha çox sənayeyə diqqət yetirəcəyini və onun genişlənməsini önə çəkəcəyini də nəzərə alsaq, investisiya həcmi bu il daha da artmalıdır. Çünki sənaye investisiya tutumlu sahədir.

Ancaq bir cəhət də var ki, iqtisadiyyata qoyulan investisiyaların həcmində xarici mənbələrin, həmçinin özəl sektorun payları az təşkil edir və əgər, daha yüksək səmərə əldə etmək istəyiriksə, bunların cəlbi daha güclü stimullaşdırılmalıdır.

Götürək, xarici sərmayəni... Əvvəlki şərhlərimizdə də yazmışıq ki, xarici investisiyalara hər zaman böyük ehtiyac var və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyan ölkədə bu xüsusən, vacibdir. Bu gün biz, xarici ölkələrə (Gürcüstana, Türkiyəyə) investisiya yönəldirik. Bununla belə, xarici investisiyaların iqtisadiyyatımızın inkişafında necə rol oynadığını (“Əsrin müqaviləsi"ndən başlayaraq) yaxşı bilirik.

Keçən il investisiyaların ümumi həcmindən 76,7 %-i daxili investisiyaların payına düşüb. Başqa sözlə desək, artıq bir neçə ildir davam edən tendensiyaya uyğun olaraq 28 milyard dolların 17,5 milyardı daxili sərmayədir. Ümumiyyətlə, əsas kapitala yönəldilmiş vəsaitin təkrar edirik ki, 76,7 %-ni və ya 13704,9 milyon manatını daxili, 23,3 %-i və ya 4167,2 milyon manatını isə xarici investisiyalar təşkil edib. Düzdür, 2013-cü ildə xarici mənbələrdən əsas kapitala 5 milyard manata yaxıb vəsait yönəldilib. Ancaq 23,3 % kiçik rəqəmdir.

Xatırladaq ki, ölkəmizin maliyyə imkanları durmadan genişlənməsi sayəsində daxili investisiyaların həcmi hələ ötən 10 illiyin ikinci yarısından xaricini üstələməyə başladı. Belə ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə ümumi investisiya qoyuluşunun strukturu tədricən dəyişdi. Ümumiyyətlə, ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi məhz, 2005-ci ildən sonra enməyə başladı. Və bu da bir daha təkrar edirik ki, daxili maliyyə imkanlarının artması nəticəsində baş verdi. Ölkədə neft “bumunun” başlanması və eyni zamanda, adı çəkilən xammalın dünya bazarlarında qiymətinin ildən-ilə yüksəlməsi Azərbaycan hökuməti üçün əsas infrastruktur layihələri - elektrik stansiyalarının tikintisi, asfalt yolların çəkilişi və körpülərin salınması, qazlaşdırma, su təchizatının inkişafı, kanalizasiya və irriqasiya kimi məsələləri özünün maliyyələşdirməsinə yol açdı. Ölkədə neft və qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların artım tempi də ilk dəfə, bundan sonra tarazlaşdı və 2007-ci ildən etibarən, bu sahədə mövcud tendensiya ikincinin xeyrinə dəyişməyə başladı.

Düzdür, investisiya şəraitinə görə Azərbaycan postsovet məkanında və regionda cəlbedici ölkədir. Ölkəmizin xarici sərmayənin cəlbi üçün həm potensial, həm də tələb olunan hüquqi-normativ baza baxımından da əlverişli imkanlara sahib olduğu sirr deyil. Ancaq dünya iqtisadiyyatında yaranmış vəziyyət nöqteyi-nəzərindən Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə neçə illərdir ki, kapital axını üçün əlverişli şərait yarandığından, bundan istifadə etmək gərəkir.

Ümumiyyətlə, təkrar edirik: məhz xarici investisiyalar nəticəsində 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxdıq. Bu gün isə xarici investorlar üçün daha gözəl imkanlar açılıb. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xaricə çıxmaq üçün çalışırıq. Belə olan şəraitdə xaricdən investisiya cəlbi daha prioritet sayılır. Həm də o səbəbdən ki, 1990-cı illərdə əgər, neft-qaz sektoru cəlbediciydisə indi turizm, xidmət, yüksək texnologiyalar və sənaye parklarının yaradılması məsələləri diqqət tələb edir.

İqtisadiyyata qoyulan investisiyaların həcmində özəl sektorun payına gəldikdə isə, daxili investisiyaların çox hissəsi (70,7 %) dövlət müəssisələri və təşkilatlarının, 29,3 % isə özəl müəssisələrin payına düşür. Yəni, əsas hissə dövlət investisiyasına məxsusdur. Ötən yazıda isə qeyd etmişdik ki, ölkədə rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması sahibkarlıq fəaliyyətini genişləndirməyi və özəl sektorun da investisiyalar yatırmalı olduğunu tələb edir.

Bunun üçün ölkədə yerli qeyri-dövlət sərmayəçilərinin mənafeyi daha yaxşı qorunmalı və onlara bizcə, vergi-gömrük rüsumları sarıdan xüsusi əlavə güzəştlər verilməlidir. Belə ki, istehsal və digər yüksək əməktutumlu obyektlərin tikintisi - kimya, metallurgiya və energetika, maşınqayırma və tikinti materiallarının istehsalı sahələri xarici investorlara açıq elan edilməlidirsə, yeyinti və yüngül sənayesi, o cümlədən kənd təsərrüfatı tamamilə yerli sərmayədarların öhdəsinə buraxılmalıdır.Çünki dünya bazarlarına geniş çeşiddə və yüksək rəqabət qabiliyyətli məhsullar ilə ancaq bu yolla və onlar vasitəsilə çıxa bilərik. Cari ilin "Sənaye ili" elan edilməsi də bizdən bunu tələb edir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm