Avropanın pul, Hindistanın internet problemi – Həftənin iqtisadi yekunu
Bizi izləyin

Ekopublika.az

Avropanın pul, Hindistanın internet problemi – Həftənin iqtisadi yekunu

Yola saldğımız həftə diqqət Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatı ilə bağlı proqnozlarına yönəldi.

Belə ki, fond (BVF) 2015-ci il üzrə qlobal iqtisadi artım proqnozlarını üçüncü dəfə aşağı saldı. Qlobal iqtisadi perspektivlərlə bağlı 2014-cü il üçün artım proqnozunu 3,3 faizə, 2015-ci il üçün isə 3,8 faizə endirdi. Halbuki, təşkilatın iyuldakı hesabatında eyni dövrlər üzrə bu proqnozlar müvafiq olaraq 3,4 və 4 faiz idi. Yeri gəlmişkən, BVF xüsusilə Avro Bölgəsini xəbərdar etdi. Avropa Birliyi isə vergi qaçaqçılığına qarşı tədbirləri gücləndirdi. Birlik ölkələrin arasında bank hesabı məlumatlarının avtomatik olaraq dəyişməsini təmin edən razılaşmanın imzalanacağını açıqladı. Gələn həftə imzalanması gözlənilən razılaşmaya əsasən, ABŞ-da yaşayan hər hansı bir adamın birlik ölkəsində açacağı bank hesabından vətəndaşı olduğu dövlətin vergi dairələri də xəbərdar olacaq.

İş dünyasına gəlincə, “Facebook”un yaradıcısı Mark Zuckerberg Hindistan bazarında payını artırmaq üçün bu ölkəyə səfərə getdi, ağıllı telefon istehsalçısı kimi tanınan ”Samsung”un satışları sərbəst eniş yaşadı. Azərbaycanda dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.

Başlayaq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtondakı görüşündən və qlobal iqtisadiyyatdakı zəif gedişata dair proqnozlarından.

BVF dünya iqtisadiyyatı ilə bağlı ah-zar edir. Xüsusilə Avro Bölgəsində vəziyyətin yaxşı olmadığına dair SOS siqnalları verir. Fondun rəhbəri Christine Lagarde bölgədə yerində sayan artım nisbətinə həll tapılmadığı təqdirdə yeni iqtisadi durğunluqla qarşı-qarşıya qalacaqları ehtimalını irəli sürür. Lagardeyə görə, 18 üzvlü bölgədə iqtisadi daralma riski 35 faizdən artıqdır.

Lagardin nəhs bəyanatlarından sonra çərşənbə günü Milanda reallaşan məşğulluq zirvəsində Avro Bölgəsinin liderləri gənclərin iş probleminin həll edilməsi məqsədilə 20 milyard avroluq fond yaradılmasına qərar verdilər. Lakin bu məbləğ gənclərinin 25 faizinin işsiz, iqtisadi daralma risklərinin yüksək olduğu Avro Bölgəsi üçün yetərli olmadığı irəli sürülür.

Bu arada Beynəlxalq Valyuta Fondu Ukrayna ilə bağlı da açıqlama verib. Fond bildirib ki, ölkəyə ciddi maliyyə yardımı lazımdır. Lakin kreditin məbləği haqqında danışmaq hələlik tezdir: “Ərazidəki qarşıdurmalar Ukraynanın real sektoruna, idxal və ixracına problemlər yaradır”. BVF proqnozuna görə, Ukraynanın dövlət borcu 2014-cü ildə ÜDM-in 102,2 faizini, 2015-ci ildə 106,4 faizini təşkil edəcək.

Xatırladaq ki, cari ilin aprel ayında BVF-nın direktorlar şurası Ukrayna üçün 17 milyard dollar həcmində iki illik proqram təsdiqləyib. Kredit proqramı üzrə birinci 3,2 milard dollarlıq tranşı Rəsmi Kiyev may ayında alıb. İkinci 1,39 milyard dollar həcmində trans isə sentyabrın əvvəlində reallaşdırılıb. Amerika isə dövlət büdcəsinin dəstəklənməsi məqsədilə 1 milyard dollar həcmində maliyyə yardımı edəcək.

Ukrayna mənbələrinə inansaq, kreditlərin illik faizi 3 faiz təşkil edir. Güzəştli müddət 3 ildir. Ədas ödəmə sonrakı 2 il ərzində həyata keçirilməlidir.

Avropa iqtisadiyyatının lokomativi hesab edilən Almaniyadan da xəbər var. Avqust ayı bu ölkənin ixracatı üçün uğurlu olmayıb. İxrac sifarişlərində yaşanan eniş nəticəsində avqustda ixrac və idxal rəqəmləri azalıb. Almaniyanın Federal Statistika Ofisinin (Destatis) məlumatlarına görə, ixrac avqustda əvvəlki ayla müqayisədə 5,8, idxal 1,3 faiz azalıb. 2009-cu ildən bu yana ən aşağı səviyyəsini görən ixrac rəqəmlərinin azalmasında Avro Bölgəsindəki durğunluq və Ukrayna böhranı rol oynayıb.

Bu ilin avqust ayında ölkə 84,1 milyard avro məbləğində ixrac, 70 milyard avro məbləğində idxal reallaşdırıb. İxracın təxminən 48 milyard avrosu Avropa Birliyinə reallaşdırılıb. Eyni ayda üzv ölkələrdən edilən idxal isə 44 milyard avro olub.

Fransa Mərkəz Bankı isə ölkə iqtisadiyyatının üçüncü rübdə ikinci rüblə müqayisədə 0,2 faiz artacağını açıqlayıb. Yeri gəlmişkən, bu uzaqgörənliklə bank Fransa Milli Statistika və İqtisadi İşlər İnstitutu ilə müqayisədə daha optimist tablo çəkmiş olub. Çünki instituta görə iyul-sentyabr aylarında artım nisbəti 0,1 faiz qalacaq.

2014-cü ilin ilk iki rübündə Fransada inkişaf nisbəti yerində saymışdı. Hökumət isə bu il artımın 0,4 faizə çatacağını proqnozlaşdırır.

İş dünyası

Parisdəki böyük oyun parkı kimi tanınan “Disneyland”ın sahibi Avro Disney çətin günlərini yaşayır. Şirkət ən böyük səhmdarı (səhmlərinin 40 faiznin sahibi) “WaltDisney” şirkətindən 1 milyard avro məbləğində maliyyə yardımı alıb. Analitiklər “Avro Disney”in yaxın zamanda birjadan çıxacağını deyirlər. Yeri gəlmişkən,1 milyard avro həcmində maliyyə yardımının 250 milyon avrosu şirkətin nağd hesabına yatırılacaq. Yerdə qalan pul isə “Disneyland”lar üçün sərmayə olaraq istifadə olunacaq.

Nəzərə çatdıraq ki, Avropanın ən böyük turizm məkanı olan “Avro Disney” açıldığı 1992-ci ildən bu yana 275 milyon ziyarətçi qəbul edib. Hazırda Avro “Disney”in 1.75 milyard avro borcu olduğu bildirilir. “Avro Disney”in rəhbəri Tom Wolber vəziyyəti belə dəyərləndirir: “Disneyland-Paris Avropanın 1 nömrəli turist çəkən yeridir. Lakin Avropanın yaşadığı iqtisadi böhran qazanc əldə etməyimizə maneə törədir".

Parisdəki “Disneyland”ın 39 faizi “Walt Disney”ə, sahənin 10 faizi isə Səudiyyə Ərəbistanının şahzadəsi El-Velid bin Talala aiddir.

İş dünyasının daha bir diqqət çəkən olayı sosial şəbəkə olan “Facebook”un yaradıcısı Mark Zuckerbergin Hindistana səfəridir. İş adamının Hindistanın baş naziri Narendra Modiyle görüşü nəzərdə tutulur. Səfərin əsas məqsədi Markın Hindistan bazarındakı payını böyütmə axtarışıdır. Belə ki, Zuckerberg dünyanın bütün bölgələrində internetə çıxışı hədəfləyən “Internet.Org” layihəsini reallaşdırmaq istəyir. “Facebook” üçün layihənin çox əhəmiyyətli olduğu vurğulanır. Çünki ABŞ-dan sonra 1 milyonu aşan istifadəçi sayı ilə Hindistan ictimai şəbəkənin ən məşhur olduğu bazardır. Digər tərəfdən Zuckerbergin hesablamalarına görə, ölkədə 1 milyard adam hələ də internetdən istifadə etmir. İstifadəçilərin əhaliyə nisbəti cəmi 13 faizdir. İş adamı bu layihə ilə paralel “Facebook”un ölkədə istifadə edilən dillərdə olması üçün də işlərə başlayıb.

Markın baş nazir səviyyəsində qəbul edilməsinə gəlincə, bunun da maraqlı tərəfləri var. Səbəb hindli baş nazirin bütün günü sosial şəbəkələrdə ”yatmasıdır”. Yəni “Facebook”da təkcə boş-bekarlar yox, baş nazir də saatlarla zaman keçirir. Modiyle “Facebook” və “Twitter” hesablarına sahibdir. Liderin internet səhifəsi baxım sayına görə rekord qırır. Bundan əlavə, nazir seçki kampaniyalarında holoqram texnologiyasını istifadə etməkdən də çəkinmir.

“Apple”nin yeni modellərinin bazara təqdim etməsi, deyəsən, ən böyük ağıllı telefon istehsalçısı “Samsung”un satışlarına düşərli olmayıb. Şirkət ilin üçüncü rübündə gəlirlərinin 60 faiz azalacağını açıqlayıb.

Bu vəziyyətdə “Samsung”un 2014-cü il üzrə qazancı 2011-ci ildən bu tərəfə ilk dəfə düşəcək.

Tələbin azalmasının ən böyük səbəbi kimi isə düşünülənlərin əksinə, “Apple” deyil, çinli ağıllı telefon istehsalçılarının keyfiyyətli və ucuz xərcli telefonlarının olması göstərilir. Məsələn, sürətli bir yüksəlişə keçən “Huawei”in satışları ilin ikinci rübündə 95 faiz nisbətində yüksəlib. Çin bazarında birinci sırada olan “Lenovo” eyni dövrdə satışlarını 39 faiz artırıb.

“Apple”nin I Phone 6 ilə satış rekordları qırması da ”Samsung”a ağır təsir edib. Çin şirkətlərinə qarşı yeni strategiyanı hələ təyin etməyən ”Samsung” yeni “Galaxy Note 4” ün satışlarıyla pis gedişata “dayan” deyəcəyinə ümid edir.

Gəldik çatdıq öz bolluq, güllük-gülüstanlıq olan ölkəmizə. Girişdə qeyd etdiyimiz kimi, yola saldığımız həftə övlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Məlum oldu ki, Azərbycana 9 ayda 19 milyard dollar sərmayə qoyulub, ilin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb və bütövlükdə 53 milyard dollardan çox valyuta ehtiyatı yaranıb. Eyni zamanda, ölkədə ÜDM-in artımı 2,5 faiz təşkil edib. Ölkədə işsizlik 5 faiz səviyyəsinə düşüb. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb.

Digər statistik məlumatlara gəlincə, bu ilin sentyabrında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb. Eyni zamanda göstərilən müddətdə dövlət büdcəsinin mədaxili 01,2% yerinə yetirilməklə 14,071 mlrd. manat təşkil edib. Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8% əməl etməklə dövlət büdcəsinə 5,324 mlrd. manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 mln. manat və yaxud 8% çox mədaxil təmin edib. Dövlət Gömrük Komitəsi isə 100,1% və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 mln. manat, yaxud 12,2% çox mədaxil həyata keçirilib. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662 mln. manat və yaxud 17,5% çox olmaqla, 4,454 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 12,694 mlrd. manat və yaxud 86% icra olunub. Dövlət büdcəsinin icrasında 1,4 mlrd. manata yaxın profisit yaranıb.

ARDNŞ dövlət büdcəsinə ödənişləri 8% çoxaldıb, bu il Azərbaycanda 5,5 min müəssisə və təşkilat qeydiyyata alınıb, 1,1 mlrd. dollarlıq qeyri-neft məhsulu ixrac olunub, Bakı Fond Birjasının dövriyyəsi 40% artıb, yerli bankların xarici öhdəliklərinin həcmi 4,5 mlrd. manatı ötüb, kredit borcu olanların sayı 2,2 milyona nəfərə çatıb.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm