Stabilləşən rubl, evlərini satan polşalılar, “sudan quru çıxan“ ABŞ
Bizi izləyin

Ekopublika.az

Stabilləşən rubl, evlərini satan polşalılar, “sudan quru çıxan“ ABŞ

Yola saldığımız həftə neftin qiymətinin düşməsi ilə başlasa da, həftənin sonuna doğru “qara qızıl” stabilləşdi. Neftin özünə gəlməsi rublu da xilas etdi. Rus valyutası avro və dollar qarşısında dirəşə bildi. Həftəyə damğasını bu dəfə İsveçrə Mərkəzi Bankı vurdu. MB-nın frankın məzənnəsini sərbəst buraxması bazarlara şok dalğası yaşatdı. Xüsusilə qızıl ucuzlaşdı. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu isə qlobal iqtisadi artım proqnozlarını dəyişdirdi. Maraqlıdır ki, hər iki proqnozlarda ABŞ sudan quru çıxdı.

Başlayaq İsveçrə Mərkəzi Bankından. Bankın frankı sərbəst buraxması şok dalğası yaradıb. İsveçrə iqtisadiyyatına ağır təsir edən bu qərar bazarları da silkələyib, Avropa daxilində çaxnaşmaya səbəb olub. Məsələn, Polşada minlərlə adamın əmlak kreditlərini frankla ödəməsi və milli pul vahidi zlotinin 20 faiz dəyərdən düşməsi onların evlərini təcili olaraq satışa çıxarmalarına gətirib çıxarıb. Nəzərə alsaq ki, Polşada frankla ödənən kreditləri cəmi kreditlərin 40 faizi formalaşdırır, vəziyyətin nə həddə olduğu artıq bəllidir. Eyni vəziyyətlə qarşı-qarşıya olan Macarıstanda da minlərlə adamı əmlak kreditləri pis hala qoyub.

Neft qiymətində isə 7 aylıq eniş sona çatdı. Bareli 45 dollara qədər enən Brent tipli xam neft 50 dollar səviyyəsinə yüksəldi. ”Qara qızıl”ın dəyər qazanmasına əsas səbəb Beynəlxalq Enerji Agentliyindən verilən şərhlər təsir etdi. Təşkilat qısa müddət ərzində xam neftin qiymətindəki enişin dayanacağını açıqladı. Qiymətlərdəki yüksəlişin 2015-ci ilin ikinci yarısında yaşanacağı təxmin edilsə də, qiymətlərin 60 dollar ətrafında sabitləşəcəyi gözlənilir.

Enerji Agentliyi bundan əlavə, gündəlik neft hasilatının 93,3 milyon barelə çataraq, 2014-cü ilə nisbətdə 1 faiz artacağını açıqlayıb.

Xatırladaq ki, OPEK açıqlanan aylıq hesabatında dünya üzrə neft tələbatının 2015-cü ildə gündə 1.15 milyon barel artacağını proqnozlaşdırmışdı. Təşkilat dekabr ayında 2015-ci il üçün 1.12 milyon barel artım gözlədiyini bildirmişdi.

İllərdir maliyyə böhranı yaşayan Yunanıstandan da xəbər var. Ölkədəki banklar seçkiönəsi likvidlik problemi yaşamağa başlayıblar. Ölkənin ən böyük banklarından olan “Eurobank” və ”Alphabank” Yunanıstanın Mərkəz Bankından təcili likvid dəstəyi istəyib. Mərkəzi Bank isə məsələyə yanvarın 22-də baxacağını açıqlayıb.

Mütəxəssislər hesab edir ki, iki bankın vaxtından əvvəl müraciət etməsi kredit sektorunda likvidlik şərtlərinin mənfi olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondu (IMF) isə 2015-ci il üzrə qlobal iqtisadi artım proqnozlarını azaltdı. BVF sərmayə və istehlakı canlandıra biləcək yeganə ölkə kimi Amerika Birləşmiş Ştatlarını önə çəkib: "Ümumi xəritəyə baxdıqda Yaponiya və Avro Bölgəsində iqtisadi artımın çox zəif qaldığını görmək olar. Bir neçə il əvvəl artımın lokomotivi kimi qəbul edilən böyüməkdə olan iqtisadiyyatlar hazırda yavaşlayırlar".

BVF-dan sonra Dünya Bankı da 2015-2016-cı illər üzrə qlobal iqtisadi artım proqnozlarını aşağı salıb. 2015-ci ildə 3,4 faiz müəyyən olunan nisbət bank tərəfindən 3 faizə endirilib.

Avro Bölgəsi, Yaponiya və böyüməkdə olan bəzi ölkələrdən gələn mənfi iqtisadi məlumatların bu qərarın alınmasında baş rol oynadığı iddia olunub.

Neft qiymətindəki sürətli eniş isə böyüməkdə və inkişaf etməkdə olan ölkələrə müsbət təsir edib.

Bank bu ölkələrin ümumi daxili məhsul istehsallarının 2015-ci ildə 4,8 faizə yüksələcəyini proqnozlaşdırıb.

Əvəzində Rusiya ilə bağlı gözləntilər pessimistləşib. Bu yöndə proqnozlarına dəyişiklik edən DB ölkədəki ümum daxili məhsul istehsalının 2,9 faiz azalacağını açıqlayıb. 2016-cı ildə bu rəqəmin 0,1 faiz intervalında olacağını bildirib. Bu arada “Moody's” da Rusiyanın reytiniqini endirib. Digər qiymətləndirmə təşkilatı “Fitch” isə “Vneşekonombank” və “Sberbank” istisna olmaqla, digər bütün bankların reytinqlərinə əl gəzdirib, Rusiyanın iri banklarının reytinqlərini aşağı endirib.

İş dünyası

Avropa Komissiyası internet alış-veriş saytı “Amazon”un Avropada qeyri-qanuni vergi yardımlarından faydalandığını açıqladı. Komissiya Lüksemburq səlahiyyətlilərinin Amerika şirkətinə yardım etdiklərini iddia edib. Bildirib ki, dövlət köməyi olaraq reallaşdırılan bu yardımlar qeyri-qanunidir. Bildirək ki, Avropa Birliyinin icra orqanı bir il əvvəl “Amazon”un Lüksemburq ilə vergi razılaşmasını araşdırmaq məqsədilə rəsmi istintaqa başlayıb.

Xam neftin qiymətindəki düşüş neft şirkətlərinə mənfi təsir etməyə başlayıb. 2015-ci ildə 300 nəfəri işdən çıxarmağı planlaşdıran BP-dən sonra neft istehsalçısı “Schlumberger” nə az, nə çox, 9 min nəfərin işinə son verməyə hazırlaşdığını bəyan edib.

İşdən çıxarılacaqların sayı şirkət işçilərinin 7 faizini təşkil edir. Bu da kiçik rəqəm deyil.

İngiltərənin ən böyük supermarketlər zənciri “Tesco” da tarixinin ən böyük maliyyə böhranını yaşayır.

Macarıstanda 200-dən çox mağazasıyla lider mövqedə olan pərakəndə satış şəbəkəsi 13 filialını bağlamağa hazırlaşır.

“Tesco” rəhbərliyinin açıqlamasına görə, bu qərar Macarıstandakı qanuna edilən dəyişikliklərdən sonra alınıb.

Azərbaycan

Yola saldığımız həftə Azərbaycan iqtisadiyyatı üçün də sakit keçmədi. Həftənin ortası Tarif Şurası benzinin qiymətinə yol vergisini əlavə edərək 2 qəpik bahalaşmaya getdi, bir gün sonra isə prezidentin sərəncamı ilə bu qərar ləğv olundu.

Daha bir xoş xəbər Dünya Bankından (DB) gəldi. Bank növbəti üç il ərzində Azərbaycanda ÜDM artımının 4,4 faiz proqnozlaşdırdığını açıqladı. Xatırladaq ki, 2014-cü ilin iyununda DB Azərbaycanda 2015-ci il üzrə 4,1 faiz artım proqnozlaşdırmışdı. 2016-cı üzrə isə ölkədə 4,1 faiz artım olacağını bildirən bankın ötəni ilin iyununda bu göstəricisi 3,6 faiz idi.

Ümumiyyətlə, qurum 2015-2017-ci illər ərzində Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır. 2017-ci ildə isə müvafiq olaraq bu rəqəm 3,8 % nəzərdə tutur.

Mərkəzi Bank isə valyuta ehtiyatlarının azalmasına aydınlıq gətirdi. Bildirdi ki, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Bu məqsədlə də bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilib. Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq, 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib.

Lakin dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib. Nəticədə 2014-cü il dekabrın ortalarında ABŞ dollarına tələbat yaranıb və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq, Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə edib. Nəticədə, manatın sabitliyi qorunub, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq 143 milyon ABŞ dolları məbləğində artımda qalıb. Beləliklə, görülən çevik tənzimləmə tədbirləri nəticəsində valyuta bazarında tam sabitlik təmin olunub və artıq Mərkəzi Bank bazarda alış yönlü müdaxilə rejiminə qayıdıb. Bank qeyd edib ki, Rusiyada, eləcə də digər qonşu ölkələrdə mərkəzi bankların əhəmiyyətli valyuta satışı müdaxilələrinə baxmayaraq, milli valyutaların sabitliyini qorumaq mümkün olmayıb. Nəticədə, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıblar. Rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, belarus rublu 17%, Ukrayna qrivnası 90%, turk lirəsi 8% ucuzlaşıb.

Bakı Fond Birjası isə depozitar və klirinq xidmətlərini dayandırdı. Bu BFB-nın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciətinə əsasən reallaşdırıldı. Xatırladaq ki, 2013-cü ilin sentyabrından etibarən dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi “Bakı Fond Birjası” QSC-dən “Milli Depozit Mərkəzi” QSC-yə keçib.

Bu proseslər Azərbaycan Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan strateji xəttə uyğun həyata keçirilib. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılıb.

Nəticədə qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilib.

Ötən ay ərzağın bahalaşmasına dair rəsmi açıqlama da ciddi siqnal olub. Konkret dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb.

Ay ərzində çovdar və qarışıq undan çörəyin, mal və qoyun ətinin, günəbaxan yağının, müxtəlif içli şokoladlı konfetlərin, bananın, limonun, naringinin, portağalın, göyərtinin və kələmin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, kərə və zeytun yağının, süfrə duzunun, şəkərin, südün, yumurtanın, almanın, armudun, narın, şabalıdın, kartofun, soğanın, sarımsağın və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm