Azərbaycan Beynəlxalq Bankı Moskvada layihəyə başlayır
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Beynəlxalq Bankı Moskvada layihəyə başlayır

Alternativ bankçılıq üzrə pilot layihə aprel ayında işə salınacaq. Publika .az AZƏRTAC - a istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasında ölkədə İslam bankçılığının problemlərinə və inkişaf perspektivlərinə həsr olunmuş “dəyirmi masa”da məlumat verilib.

Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsi və Rusiya - Azərbaycan Dostluq Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə islam maliyyələşdirməsi sahəsində aparıcı ekspertlər, Rusiya Federasiya Şurasının, icra hakimiyyəti orqanlarının, Mərkəzi Bankın, iri maliyyə təsisatlarının və bankların nümayəndələri iştirak ediblər.

Görüşün moderatoru maliyyə bazarı üzrə komitə sədrinin müavini Dmitri Savelyev olub. O, islam bankçılığını Rusiya ərazisində uğurla tətbiq etmək üçün lazım olan bankların ticarət fəaliyyətinə qadağanın ləğv edilməsi haqqında birinci qanun layihəsini bir gün əvvəl baxılması üçün təqdim edib.

Ekspertlər razılaşıblar ki, yaranmış iqtisadi durumda Rusiyaya maliyyə sistemini şaxələndirmək lazımdır. Onlar islam maliyyələşdirməsini bu sahənin perspektivli istiqamətlərindən biri kimi müəyyən ediblər.

Rusiya Bankı sədrinin müavini Aleksandr Torşin deyib: “Ölkəmizdə İslam banklarının açılmasının müsbət cəhətlərindən biri bütövlükdə bank sisteminə etimadın artdığını göstərir. İdeya özü bizə maraqlı gəlir. Mərkəzi Bank məqsədyönlü və qanuni olan bütün təşəbbüsləri nəzərdən keçirməyə hazırdır”.

Dünya bank birliyi islam bankçılığına çoxdan müsbət yanaşır. “İştirakçı banklar” MDB ərazisində, o cümlədən müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdə uğurla fəaliyyət göstərir. Müxtəlif hesablamalara görə, Rusiyada təqribən 20 milyon müsəlman yaşayır. Onların hamısı islam bank sisteminin potensial müştəriləridir. Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi “dəyirmi masa”da bildirib ki, təmsil etdiyi bank rusiyalı müştərilərə maraq göstərir.

Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə deyib: “Biz əməkdaşlığa tam hazırıq. Alternativ maliyyələşdirmə üzrə pilot layihə bu ilin aprelində Moskvada işə salınacaq. Artıq onun üçün 1 milyon dollar həcmində maliyyələşdirmə ayrılıb. Sonra mövcud qanunvericilik çərçivəsində, habelə şəriət normaları nəzərə alınmaqla, Moskvada 3-4 iri layihə yenidən maliyyələşdiriləcək. Biz bunun necə işlədiyini yoxlayacağıq. Gələcəkdə əhalinin vəsaitini cəlb etmək üçün depozitlər tətbiq etməyi planlaşdırırıq. Bakıda bu istiqamət çox inkişaf edib, çünki belə depozitlər üzrə faiz dərəcələri yüksəkdir”.

Maliyyə bazarı üzrə komitədə bu təşəbbüs müsbət qarşılanıb.

Maliyyə bazarı üzrə komitə sədrinin müavini Dmitri Savelyev deyib: “İslam maliyyə modelini ölkəmizin ərazisində tətbiq etməyin çox böyük üstünlükləri var. Hazırda biz islam maliyyə sistemini Rusiya iqtisadiyyatına uğurla inteqrasiya etmək üçün qanunlara düzəlişlər üzərində işləyirik. Biz Azərbaycan Beynəlxalq Bankı ilə hərtərəfli əməkdaşlığa ümid bəsləyirik. Onun bank məhsullarının bu növü ilə böyük, başlıcası isə uğurlu iş təcrübəsi var. Metodologiyanı əxz etmək yenidən velosiped icad etməkdən daha səmərəlidir. Zənnimcə, artıq yaxın vaxtlarda islam kapitalını Rusiya iqtisadiyyatına cəlb etmək mümkün olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm