Ən böyüklərin siyahısında Amerikanı qabaqlayan Çin, bahalaşan neft və kredit suallarına cavab axtaran məhkəmə - HESABAT
Bizi izləyin

Ekopublika.az

Ən böyüklərin siyahısında Amerikanı qabaqlayan Çin, bahalaşan neft və kredit suallarına cavab axtaran məhkəmə - HESABAT

Yola saldığımız həftə neftin bahalaşması davam etdi. Brent markalı neftin qiyməti 70 dollara yaxınlaşdı. İngiltərədəki seçkilər Avopa ölkələri birjalarını silkələdi. Seçkinin nəticələri bəlli olduqdan sonra Moskva birjası istisna olmaqla Avropa birjalarında indekslər yüksəldi. Amerikada ÜDM-in azalması qanları qaraltdı. Türkiyədə istehlak qiymətləri indeksi (TÜFE) apreldə aylıq 1,63 faiz, daxili istehsal indeksinin isə 1,43 artdığı açıqlandı. İllik inflyasiya istehlakçı qiymətlərində 7,91 faiz, daxili istehlsal qiymətlərində 4,80 faiz reallaşdı. Rusiya “Türk axını” boru kəmərinin 2016-cı ilin dekabrında istismara veriləcəyini bəyan etdi. Serbiya prezidenti layihəni ölkəsi üçün əlverişli saymadığını dedi. Azərbaycanda dollarla kreditlərlə ilə bağlı mübahisəli məqamlara aydınlıq gətirmək məqsədilə Konstitusiya Məhkəməsinin gözlənilən iclası baş tutdu.

Başlayaq ABŞ-dan. Ölkədə ümumi daxili məhsul artımı illik 0,2 faiz təşkil edib. Ticarət Nazirliyinin açıqladığı son məlumatlara görə, bu, son bir ilin ən aşağı səviyyəsidir. Ötən ilin dördüncü rübündən başlayan kəskin eniş stabillləşmə gözləntilərini alt-üst edib. Azalmada ilin ilk rübündə sərmayələrin 22 faiz düşməsi böyük rol oynayıb. Bundan əlavə, dolların güclənməsi xarici ticarətə mənfi təsir edib. İxrac 7 faiz ətrafında geriləyib. Belə vəziyyətdə ABŞ Mərkəz Bankının proqnozları da nibkinn deyil. Bank iyun, sentyabr aylarında böyük diametrdə hərəkətlənmə gözləmədiyini deyir. Buna baxmayaraq, göstəricilər ilin ikinci yarısında artım qeydə alınacağı, amma bunun sürətli olmayacağı istiqamətindədir.ÜDM-in azalmasına baxmayaraq, işsizlik nisbəti son 7 ilin ən aşağı səviyyəsinə düşüb. Aprel ayında məşğul əhalinin sayı 223 min nəfərə çatıb.Hansı ki martda bu rəqəm 85 min nəfər idi. İşsizlik nisbəti 2008-ci ilin may ayından bu tərəfə ən aşağı səviyyəyə düşərək 5,4 faiz təşkil edib.

Avstraliya Mərkəzi Bankı isə göstərici faizini ilin əvvəlindən ikinci dəfə endirmək qərarına gəldi. Faiz nisbətini 2 faizə çəkən bank zamanların ən aşağı səviyyəsinə imza atıb. Qeyd edək ki, Mərkəzi Bank bununla dolların güclənməsinə mane olub, investisiyaların azaldığı mədən sektorunu dəstəkləməyi hədəfləyir. Onu da bildirək ki, Mərkəzi Bank ehtiyatlı pul siyasətini bir müddət davam etdirməyi düşünür. Xatırladaq ki, Avstraliya Mərkəzi Bankı fevral ayında faiz nisbətini gözlənilmədən endirmişdi.

İspaniya iqtisadiyyatı, deyəsən, dirçəlmə siqnalı verir. Son 7 ilin ən sürətli artım nisbətinə imza atan ölkədə işsizlik nisbəti azalıb. İspaniya Əmək Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, aprel ayında işsizlərin sayı marta nisbətən 2,7 faiz azalıb. İş üçün müraciəti edənlərin sayı 118 min 923 nəfər azalaraq 4,33 milyon nəfərə düşüb. Bu da ötən ilin eyni dövrünə nisbətən 7 faiz azalma deməkdir. Bununla belə ölkədə işsizlik səviyyəsi hələ də 23,8 faizdir. Hökumət isə 2018-ci ilə qədər 2 milyon nəfərlik məşğulluq yaratmağı və işsizlik nisbətini 15 faizə endirməyi hədəfləyir.

İllərdir borc içində batan Yunanıstan bu həftə Beynəlxalq Valyuta Fonduna (IMF) olan borcundan 200 milyon dollar həcmində faizi ödədi. Düzdür, Afina rəhbərliyi üçün bunun böyük yük olacağı deyilir. Çünki ödəmə zamanı yaxınlaşan digər kreditlər də var. Hökumət Avropa Mərkəz Bankının (AMB) yunan banklarının daha çox vəsait cəlb etməsinə icazə verməsini istəyir. Amma AMB-nın təyin etdiyi tavan ölkənin daha çox borclanmasına mane olur. Ölkədəki bu fikir ayrılığına mayın 11-də Avrogrupun yığıncağında aydınlıq gətirilməsi gözlənilir. 12 mayda isə Afina Beynəlxalq Valyuta Fonduna 750 milyon avro ödəməli olacaq.

İngiltərədə seçkilərdə proqnozların əksinə mühafizəkarların zəfərə imza atması Avropa bazarlarına nəfəs verdi. Seçki ilə bağlı ötəri son bir ayın ən aşağı səviyyəsinə düşən London FTSE 100 göstərici indeksi cümə günü 1,71 faiz nisbətində yüksəldi. Moskva birjasından başqa bütün Avropa birjaları mayın 8-də günə yüksəlişlə başladılar.

Baş nazir David Kameronun 5 il daha ölkənin iplərini əlinə alması ingilis sterlinqinin də dəyər qazanmasını təmin etdi. Sterlinq dollar qarşısında 1,5 faizlik artıma imza ataraq fevral ayından bəri ən yüksək səviyyəsini gördü.

“Türk axını” boru kəməri 2016-cı ilin dekabrında istismara veriləcək”. Belə bir bəyanatla “Qazprom” sədri Aleksey Miller çıxış edərək həftənin bombasını partlatdı. Onun sözlərindən bəlli oldu ki, bu barədə razılıq Rusiya ilə Türkiyə arasında əldə edilib. Bu arada tərəflərin - A.Millerlə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın görüşündə "Mavi axın" qaz kəmərinin modernləşdirilməsi də müzakirə edilib. Bildirilib ki, 2015-ci ilin dörd ayında “Mavi axın” vasitəsiylə Rusiyadan Türkiyəyə 5,4 milyard kubmetr qaz göndərilib.Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıq qaz təchizatı deməkdir. Müzakirələr zamanı o da vurğulanıb ki, son 10 ildə Türkiyə bazarına qaz təchizatı 2 dəfədən çox artıb. Türkiyə bazarı Rusiyadan enerji idxalında maraqlıdır. Qeyd edək ki, “Qazprom” və Türkiyənin “Botas” şirkəti 2014-cü ilin dekabrın 1-də Qara dənizdən keçməklə qaz kəmərinin tikintisi üzrə memorandum imzalayıb. Qaz kəmərinin ötürmə gücü 63 milyard kubmetr qaz təşkil edəcək. Hansı ki bunun 47 milyard kubmetri Türkiyə-Yunanıstan sərhədindəki qaz habına ötürüləcək. Kəmərin tikintisi ilə “Qazprom” məşğul olacaq.

Serbiya isə “Türk axını” layihəsinin ölkəsi üçün əlverişsiz olduğunu açıqlayıb. Serbiyanın prezidenti Tomislav Nikoliç deyib ki, ölkə ərazisində onun reallaşdırılması imkanlarını görmür.

Nikoliçin sözlərinə görə, “Cənub axını” bütün şərtlərə görə ölkə üçün daha rahat idi.“Cənub axını" layihəsi Serbiyanın tranzit ölkə olmasını nəzərdə tuturdu. Razılıq əldə olunmuşdu ki, Rusiya tərəfi “Cənub axını”nı Serbiya ərazisində kredit əsasında maliyyələşdirəcək və biz qazın tranzitindən əldə olunan gəlirlə bu krediti ödəyəcəyik: “Əgər “Cənub axını” Avropa Birliyi üçün problem idisə, mən əminəm ki, Brüssel “Türk axını”nın Serbiya vasitəsilə keçməsinə icazə verməyəcək. Bu boru kəməri Yunanıstandan Serbiyaya çəkilməlidir. Amma bu halda serb tərəfi kəmərin öz ərazisindəki tikintisini maliyyələşdirməli olacaq. Yəni, tranzit ölkə olmayacaq və sadə istehlakçı kimi qazı almağa məcburdur. Düşünürəm ki, “Türk axını”nın reallaşması qeyri-mümkündür. “Cənub axını” Serbiyanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli idi və onun reallaşdırılmasından imtina bizim üçün böyük problem olacaq”.

Xatırladaq ki, ötən ay Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə “Türk axını” qaz kəməri layihəsində iştirak etmək arzularını ifadə ediblər. Görüşdə energetika əməkdaşlığı haqqında bəyannamə də imzalanıb. Rəsmi Belqradın mövqeyinin belə tezliklə dəyişməsi isə maraq doğurur.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı “Cənub axını” layihəsindən imtina edərək “Türk axını” layihəsini elan edib. Qara dənizin dibi ilə çəkiləcək “Türk axını” kəməri Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq. Kəmərin illik ötürücü qabiliyyəti 63 milyard kubmetr olacaq. Avropa Birliyi isə “Türx axını”na mane olmaq üçün Ukraynanın boru kəmərləri ilə gələcəkdə Rusiya qazını almaq niyyətində olduğunu açıqlayıb.

İş dünyası

“Siemens”in proqnozları özünü doğrultmayıb. Sənaye fəaliyyətindən əldə edilən qazancın düşməsi geriləmənin əsas səbəb olub. Pis xəbərdən sonra şirkət rəhbərliyi Almaniya daxil olmaqla dünya üzrə 4 min 5 yüz işçisini işdən çıxaracağını açıqlayıb. 2017-ci ilə qədər 1 milyard avro qənaət etməyi planlaşdıran şirkət bununla da 13 min adamı işdən azad etmiş olacaq.

Amerikanın məşhur jurnalı “Forbes” bu həftə də şirkətlərin pulunu hesabladı. Jurnal dünyanın ən böyük 2000 şirkətinin adını açıqladı. Siyahıda ilk üçlükdə Çin şirkətlərinin dayandığı bəlli oldu. Amerika şirkətləri isə çinliləri izləyiblər. Siyahıya Rusiyadan 27 şirkət daxil edilib. “Qazprom” 59-cu, “LukOil” 109-cu olub. Nəzərə çatdıraq ki, artıq üçüncü ildir Çin bankı olan “ICBC” “Forbes”in siyahısına rəhbərlik edir. ”Apple” 12-ci pillədə qərarlaşsa da, bazar dəyəri Çinin “ICBC” bankından 3 dəfə yüksəkdir. Onu da bildirək ki, jurnal reytinq cədvəlinin tərtibi zamanı təkcə şirkətlərin bazar dəyərini nəzərə almır. Bu zaman aktivlərin həcmi, gəlirlər və kapitalın dövriyyəsi əsas götürülür.

Böhran “McDonalds”ı da vurub. Dünya üzrə hamburger istehsalında lider olan şəbəkə bazarda artan rəqabət səbəbindən yeniliklərə imza atmağı düşünür.

Konkret, şirkət investisiyalarını yenidən nəzərdən keçirilməyi düşünür. Onu da bildirək ki, “McDonalds”ın gəliri keçən il 15 faiz düşərək 4,7 milyard dollara enib.

Azərbaycan

Gəldik çatdıq bol bəhrəli ölkəmizə. Yola saldığımız həftə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirildi. Dollarla verilən kreditlərlə bağlı mübahisələrə (Mülki Məcəllənin 439.1, 439.2, 439.7-ci maddələrinin şərh olunması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciəti )aydınlıq gətirilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin gözlənilən iclası baş tutdu. Tərəflər qismində Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində isə BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradovun iştirak etdiyi iclasda 3 ekspert və bir hakim banklarları müdafiə etdilər. Digərləri Mülki Məcəllənin 439.1, 439.2, 439.7-ci maddələrinin Konsitutsiyanın 19-cu maddəsinə uyğun gəlmədiyini əsaslandırmağa çalışdılar. Ekspertlərin və tərəflərin fikirləri dinləniləndən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yaxın günlərdə məsələ ilə bağlı qərar qəbul ediləcəyini, ictimaiyyətə elan olunacağını bəyan etdi.

“22 illik əməkdaşlığımız çərçivəsində Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlərə ən çox investisiya yatıran maliyyə təşkilatı məhz Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) olub”.

Bunu isə AYİB prezidenti Suma Çakrabarti Bakıda təşkil etdiyi mətbuat konfransında söylədi. Hesabat dövründə bankın təxminən 160 layihəyə 2,3 milyard avro yatırdığını deyən AYİB prezidenti qeyd etdi ki, ötən il bank Azərbaycan iqtisadiyyatına investisiya yatırımları baxımından rekorda imza atıb: “AYİB 2014-cü ildə Azərbaycanda həyata keçirilən 21 layihəyə 238 milyon avro xərcləyib. Bizim “Şahdəniz” kimik iri layihədə iştirakımız da var. Amma əksər layihələrimiz kiçik, orta və iri sahibkarlığa dəstəyin verilməsi ilə bağlıdır”.

Həftə ərzində Azərbaycan Dövlət Neft Fondunun rəhbəri də hesabat verdi. Bildirdi ki, ADNF-ın aktivləri 2015-ci ilin əvvəli ilə müqayisədə 5,86% azalaraq ($37 104,1 mln.) 34 930,5 mln.dollar təşkil edib. 1-ci rübdə ARDNF-in gəlirləri 2,028 mlrd. manat olub. Hesabat dövründə neft-qaz müqavilələrinin reallaşmasından gəlirlər 1 938,9 mln. manat, o cümlədən mənfəət neft və qazının satışından gəlirlər 1 936,3 mln. manat, tranzit əməliyyatlardan gəlirlər 2,6 mln. manat təşkil edib. Fondun öz vəsaitlərinin idarə olunmasından daxil olan gəlirlər 89,1 mln. manat olub. 1-ci rübdə Neft Fondunun büdcədənkənar gəlirləri məzənnə fərqi ilə 7 488,7 milyon manat təşkil edib.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm