Nadirin paradoksal “uğurlar”ı və yaşadığı “nirvana”
Bizi izləyin

Köşə

Nadirin paradoksal “uğurlar”ı və yaşadığı “nirvana”

Ötən günlərdə şəhərimizin daha bir ulduz qonağı məşhur aktrisa Neslihan Atagül idi. "Yaprak dökümü"ylə fəaliyyətə başlayıb, "Kara sevda" serialından sonra Türkiyə sərhədlərini aşan sənətçi bir çox ölkələrdə olduğu kimi bizdə də sevildiyini sübut etdi.

"Altın Kelebek" mükafatlandırma mərasimi çərçivəsində paytaxta gələn ulduzu digər türk və xarici məşhurlarda olduğu kimi xeyli sayda insan qarşıladı. Qonağın yüksək səviyyədə qarşılanması bir çox yerli saytlarda və sosial media hesablarında yer aldı. Ancaq paylaşımlar bəzi yerli məşhurlarımızda ikrah hissi oyadıb. Onların bir qismi bunu biruzə verməsə də, bir qismi sakit qala bilməyib. Bu sükutu pozanlardan biri də yaşadığı “nirvana” ilə şou-biznesin "əjdaha"sı Nadir Qafarzadə olub.

O, Nadir Qafarzadə ki, prodüser Tolikin proqramına qonaq olarkən Özcan Denizin erməni mahnısı oxumasını normal qarşılayan jurnalistə "Bu da Azərbaycan kişisi" tipli cümlələr qurmaqla onu aşağılamışdı. Halbuki, çox uzağa yox, 2014-cü ilə getsək, mətbuatda yer alan “Nadir Qafarzadə erməni mahnısı oxudu” tipli yazılara, hətta onu müdafiə edən açıqlamalara da rast gələ bilərik. Hərçənd ki, Qafarzadə həmin videogörüntünü yutubdan sildirib, lakin saytlardakı yazılar qalmaqdadır.

Topluma Özcan Denizə nifrət etməyi aşılayan Qafarzadə görəsən özü erməni mahnısı oxuyanda nə fikirləşirdi? Bunu ona görə misal gətirdim ki, öz gözündə tiri görməyib, başqasında çöp axtarmaqdan əl çəksin. Özcanın ki, milləti ayrıdır. Siz isə azərbaycanlısınız, Nadir müəllim!

İndi isə xarici məşhurları görəndə "qutuda ilan" görmüş kimi olan Qafarzadənin instaqram hesabında Neslihan Atagüllə bağlı yazdığı statusa gələk. Azərbaycanlıları "sürüşkən" adlandıran Nadir bəy bildirib ki, Neslihanı tanımır, bizimkilər isə sabundurlar. Gələn qonaqlara girmək üçün mağazalarda sabun qoymur, Nadir bəy kimi savadlı, alicənab, dünyagörüşlü birinin zövqünü korlayırıq. Bahooo, gördünüzmü?

Ötən dəfə də rəqs edən milyonçu Canluka Vakki Bakıya gələndə Qafarzadə bildirmişdi ki, azərbaycanlılar adından çox utanır:

“Bu da bizimkilər! Amma yazmayasınız ki, Nadir bunlara paxıllıq edir. Söhbət ondan yox, bizimkilərdən gedir! Çox utandım!”

Bu yerdə xeyli suallar yaranır: Nadir müəllim, nədən utandınız? Kiməsə qarşı içində olan sevgini, istəyi bildirmək nə vaxtdan utancverici hadisə sayılır? Siz erməni mahnısı oxuyanda bu xalq sizin yerinizə utandı ki, siz bu gün xəcalət çəkirsiniz? Yaxud, sizi belə qarşılasalar yenə də eyni reaksiyanı verərdinizmi? Bax, məsələ də elə bundadır! "Tutuzdur"a bilməməyin acısı illərin kini, ikrahı və nifrəti ilə birləşəndə özünü Tambora vulkanı kimi üzə vurur. Nadir bəy nə qədər “Mən paxıllıq etmirəm” desə də, yazdıqları və proqramlardakı reaksiyaları bunun tam əksini göstərir.

Nadir müəllim, sizin qınaq obyektinə çevirdiyiniz tamaşaçılar bu xalqın nümayəndələridir. Onların gözü isə tərəzidir. Kimsə getdiyi başqa ölkədə belə qarşılanırsa, deməli, ortada bir uğur var. İnsanlar əziyyət çəkir və bəhrəsini görür. Siz də illərdir akustikası pozulmuş şadlıq saraylarından başınızı qaldırıb, konsertlər verib, uğurlu layihələrə imza atsaydınız, əmin olun ki, bundan qat-qat artıq sevilərdiniz.

“Füzuli kontatası” və “Maral maral” adlanan paradoksal “uğur”larınızla sənətdə nələrsə etdiyinizi zənn etmək özünü təsəllinin ən böyük formasıdır.

Yeri gəlmişkən, sonuncu dəfə 2014-cü ildə həyat yoldaşınız üçün təşkil etdiyiniz “konsert”inizdən sonra hansısa zalı tamaşaçı ilə doldurmaq niyyətiniz var?

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm