Bəh-bəhlə gözlədiyimiz ÖPÜŞ VƏ NƏTİCƏSİ
Bizi izləyin

Köşə

Bəh-bəhlə gözlədiyimiz ÖPÜŞ VƏ NƏTİCƏSİ

Pərviz Hüseyn

Bir neçə ay öncə Elşad və Oksananın öpüşmə səhnəsi ilə partlayış edən “Mələyin öpüşü” filminin tizeri insanların marağına səbəb olmuşdu. “Görəsən nə qədər öpüşüblər?”, “Bu səhnə neçə dəfə təkrarlanıb?”, “Öpüşəndə utanmayıblar?” və s. suallar onları o qədər maraqlandırırdı ki, filmi həsrətlə gözləyirdilər. Nəhayət, filmdən çox bu öpüşmə səhnəsini gözləyən xalqımız dünən etibarilə arzusuna yetdi. Film Nizami Kino Mərkəzində təqdim olundu.

Film ilk dəqiqələrdən axıcı səhnələrlə başlayır. Hədsiz şəkildə dramatik səhnələrin olmaması, məkanların tez-tez dəyişməsi izləyicini yormur.

Xalq artisti Fuad Poladovun “cool”, rahat və əsl azərbaycanlı biznesmen obrazı öz sözünü deyir. Qlamur və klassik geyimlər geyinən, səbirli davranan, gözündəki eynəyi və gecə yatanda oxuduğu kitabla tipik “yekəqarın” oliqarx olmayan bu obraz hər nə qədər bizə yad olsa da, Fuad Poladov peşəkarlığı ilə bunun öhdəsindən yüksək səviyyədə gəlib.

Evdə ayaqqabı, full makiyaj və dəbdəbəli donlarla gəzən Elşadın anası obrazını canlandıran Münəvvər Əliyeva da rolunun məharətlə ifadə edib. Oğlunun hördüyü divarlardan bir ildir ki, kənarda qalan, ona yaxınlaşmağa cəsarəti olmayan bir ananı canlandırmaq asan iş deyil. Görünür ki, hər dəfə oğluna bir evin içində məktub yazan və cavab almayan valideyn olmaq onun üçün çox çətin olub. Oğlu ilə qovuşma səhnəsi də daxil olmaqla sözün əsl mənasında “əjdaha” kadrlarda Münəvvər Əliyevanı görə bilərik.

Gələk filmin əsas qəhrəmanlarından biri Oksana Rəsulovaya...

Düzünü desəm, onun bu qədər gözəl aktrisa olduğunu bilməzdim. Aktrisa baş gicəlləndirici gözəlliyilə burada da tamaşaçını özünə heyran edir. Mimikalarını, jestlərini fərqli şəkildə istifadə etməsi və dramatik bir həyatın içində pozitiv hərəkətləri filmə maraq qatıb.

Filmdə fərqli rakurslardan istifadə olunan kameralar, görüntülər, “flashback”lərdən istifadə olunması, Hollivud filmlərində görməyə öyrəşdiyimiz effektlər, səslər filmi digər ekran işlərinə ciddi bir rəqib edib.

Elşad Xosenin aktyorluqla əlaqəsi olmasa da, filmdə canlandırdığı əlil obrazı güclü texnika və bacarığı ilə ön plana çıxıb.

Ekran işində ən yaxşı səhnələrdən biri Cahanın Elxanı sürüyərək avtomobilə mindirməsi və dəniz kənarına aparması olur. Cahan onun ərköyünlüyünü və kaprizlərini qınayaraq dənizkənarında tək qolu ilə əziyyətlə çalışıb, pul qazanan oğlanı göstərir. İçərisində bolluca sosial mesaj olan filmdə Oksanın monoloqu zamanı canlandırılan səhnələr çox səmimi şəkildə təsvir olunub və tamaşaçıya çatdırılıb.

Ancaq hər bir filmdə olduğu kimi, burada da kiçik səhvlər nəzərə çarpır. O da Elxanın maşın vurandan sonra “Ayaqlarımı hiss etmirəm” frazası idi. Tibbi və məntiqi baxımdan bu ifadə düzgün deyil. Çünki ayaqlarını hiss etməmək üçün ya insanın huşsuz olması lazımdır, ya da onurğada sınıqlar yaranmalıdır ki, belə bir hal yaransın.

Filmdə istifadə olunan musiqilərə də ayrıca bir alqış düşür. Digər aktyorların da haqqını yeməmək lazımdır. Onlar çox az səhnələrdə iştirak etsələr də, filmə rəng qatıblar.

Ümumilikdə isə film çox əla alınıb. Başda ekran işində əsərləri nümayiş olunan rəssam Sakit Məmmədov olmaqla, filmin bütün heyyətinə alqış düşür.

P.S. Filmin verdiyi sosial mesaj öpüşmə səhnəsini kölgədə qoyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm