Sənətin əxlaqi qorxusu olmalıdırmı?
Bizi izləyin

Köşə

Sənətin əxlaqi qorxusu olmalıdırmı?

Aqşin Yenisey

Aqşin Yenisey

Hətta mixi yazıları, qayaüstü rəsmləri də gözünə qatsaq, sənətin, ədəbiyyatın beş-altı əbədi mövzusunun olduğunu deyirlər; sevgi, müharibə, ölüm və s. Hər bir cəmiyyətin isə özünəməxsus və gündəlik hadisələrə uyğun yüzlərlə müvəqqəti mövzusu yaranır. Məsələn, bu gün Azərbaycanda hamı uzun ömür haqqında düşünür, Yaponiyada isə uzunömürlülüyün yaratdığı problemləri həll etmək üçün baş sındırırlar. Kütləvi ehtiyacı və xəlqi dili öz gündəlik problemlərinin estetik tərəfləri maraqlandırır; repin, popun, meyxananın kütlə üçün önəmi bu zaman ortaya çıxır. Kütlə də bütün sənət növlərindən eyni yanaşmanı gözləyir və tələb edir. Məsələn, operanın praktik əhəmiyyətsizliyi onu əsəbiləşdirir. O, sənətdə öz dərdini, ağrısını görmək istəyir. Bu dərd, ağrı lap Füzulinin qəzəllərindəki kimi mücərrəd olsa belə, onu beş yüz il bağrına basıb doğması kimi sığallayır. Amma bəzən Füzulini də bütün dərdləri Məcnunun ayrılıq ahında cəmlədiyi üçün qınamaqdan çəkinmir. Məsələn, qəfildən qalxıb deyir ki, bir qadına görə bu qədər zarımaq olarmı? Menyuda başqa dərdlər yoxdurmu? Məsələn, pensiyaların artırılması, doğuş zamanı anaların ölüm sayı, zimistanın şaxtasında işığın, qazın qiyməti... bunları kim yazacaq? Niyə bizim ədəbiyyatın gözü dərd obyekti olaraq ancaq qadını görür? Onun hissiyyatının radarına niyə başqa dərdlərimiz düşmür? Kütləyə elə gəlir ki, şair kefindən, yaxud mazoxistliyindən ancaq qadından yazır. Onun xəbəri yoxdur ki, tarix boyunca sevgi və qadın ən təhlükəsiz mövzular olub ədəbiyyat üçün. Şair və yazıçılarımızın sevgidən və qadından yazması heç də onların mazoxist və ya gözəllik aşiqi olmalarından irəli gəlmir. Sevgidən və qadından yazmaq siyasi və əxlaqi qorxaqlığın nəticəsidir. Modernistlər bu qorxunu aşmaq üçün sevgini sekslə əvəzləyib siyasətin önünə çıxırdılar. Bir “quşla” iki güllənin yönünü sənətdən yana çevirirdilər.

Ədəbiyyatın mövzularının cəmiyyətin mövzularına məğlub olması xalqı ruhlandırır. Bu ruh meyxananı alqışlayan hər bir azərbaycanlının üzündə estetik zövq deyil, estetik şəhvət kimi alışıb-yanır. Halbuki bəşərə mənsub olan hər bir ciddi sənətkar çalışır ki, yaradıcılığını öz xalqının yox, sənətin dünyadakı mövqeyinə uyğunlaşdırsın. Gete öz cəmiyyətinin problemlərinə məhəl qoymadan mücərrəd dünya ilə real dünyanı üz-üzə qoymaq üçün bütün cəhənnəm simvolikasını qoca doktor Faustun üstünə tökmüşdü. Bu o zaman idi ki, sənət dini simvolikadan canını qurtarıb reallıqlara çatmaq istəyirdi və Faust da axırda axtardığı “Bəşəri xoşbəxtliyin səbəbi nədir” sualına dinin verdiyi cavabların yanlış olduğunu və bu xoşbəxtliyin səbəbinin söz, məna, ölüm deyil, iş-güc olduğu cavabını taparaq həyatdan getdi. Əgər Gete öz zəmanəsinin baş naziri olaraq istedadını cəmiyyətin gündəlik mövzuları olan sosial problemlərə həsr etsəydi, “ekskavator sözü yoxdur Sarvanımın öz dilində, ancaq ona qardaş oldu, öz yurdunda, öz elində” kimi misralar yazıb, öz ədəbi qəbrini öz qələmi ilə qazmış olacaqdı.

Bu gün sənət hansı mövzuları müzakirə edir və bu mövzuların arasında biz yaradıcı obraz olaraq hərlənirikmi? Yoxuq. Çünki ədəbiyyatımızın mövzuları cəmiyyətin mövzularına məğlub olub. Mediativ mövzular, mediativ dil sənətdə çoxdan həll olunmuş məsələləri yenidən aktuallaşdırmaqla məşğuldur. O problemlər, sadəcə, bizim cəmiyyət üçün aktualdır. Bu gün sənət heç yerdə ibrət meyarları yaratmır.“İctimai romanlar” dövrü Dostoyevski ilə bağlandı.

Şeirlərimiz isə qadının quyruğundan yapışıb buraxmaq istəmir. Əslində, yuxarıda da qeyd etdik ki, sevgi sənətin beş-altı əbədi mövzularından biridir. Bəs bu əbədi mövzu niyə bizim ədəbi taleyimizi bu qədər müvəqqəti edir? Dövriyyəyə hiss və instinkt anlayışlarını əlavə etməsək, bu sualın cavabını tapmaqda çətinlik çəkəcəyik. Gəlin görək bizim şairin yazdığı şeir hissimi ifadə edir, instinktimi? Ümumiyyətlə, hiss və instinktin fərqi varmı? Hiss və instinkt nədir? Burda biz artıq “hiss” və “instinkt” sözlərinə yox, hiss və instinkt anlayışlarına baxmalıyıq. Çünki söz kimi hərfi mənada baxdıqda eyni şeydən danışmış oluruq. İnstinkt təbii davranışları təyin edən bioloji reflekslərdir ki, bütün heyvanatın həyat tərzi buna əsasən mövcuddur. Heyvan hiss edir, amma dərk etmir. Hiss isə dərk, idrak prosesinə uğramış instinktdir, yəni zəka, ağıl materialına çevrilmiş refleksdir. İnsan instinktləri intellektə çevirə bilən mexanizmdir. Hiss elə intellektin bir komponentidir. Hissdən məhrum olan intellektlər də var; bunlar texnoloji varlıqlardır ki, dünya indi onların əlinə keçmək əndişəsindədir. Hiss instinktiv yox, intellektual reaksiyadır və bu reaksiyanın təzahürü sənətdir. Heyvan hiss edir, yarada bilmir, robot yaradır, hiss edə bilmir. İnsanı bu ikisindən fərqləndirən hiss etdiyini yaratması, yaratdığını hiss etməsidir. Sənət ətrafdan aldığı instinktləri intellektual deformasiyaya məruz qoyub onu hiss şəklində ətrafına qaytarır. Bizim şairin sevgi hissində nə çatmır? İntellekt! O, instinkti hissə çevirə bilmir, elə bioloji instinktlər şəklində yazır. Yəni əgər şerindəki həsrətini çəkdiyi gözəli ona versələr, o, həmin zənənlə operaya getməyəcək, ona qatarla səyahət dəvətində bulunmayacaq, türklər demiş, “dirək” onu Qıpçaq Məlik kimi kirli yatağına dartacaq. Bu sevginin intellektual əsası yoxdur, tarixi əsası yoxdur, elmi əsası yoxdur, ictimai əsası yoxdur, fəlsəfi əsası yoxdur, sosial əsası yoxdur, yalnız bioloji əsası var. Niyə? Çünki cəmiyyət belə tələb edir, oxucu pornoqrafiya axtarır. Və kül o zaman sənətin başına ələnir ki, sənətçi cəmiyyətin sifarişini yerinə yetirir.

Bu gün Azərbaycanda ciddi sənət artıq Sovet dövründə olduğu kimi hökumətin inhisarında deyil, bu gün sənətə “hökumətlik” etmək istəyən cəmiyyətdir. Və bu günün yazarının, rəssamının, rejissorunun missiyası Azərbaycanda sənəti cəmiyyətin inhisarından çıxarmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm